|
|
|
|
Dənizin "ölüsü" də gözoxşayandır. Söhbət İsrail ilə İordaniya arasında yerləşən Ölü dəniz adı ilə tanınan duzlu göldən gedir.
Hər dəfə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin "Ən gözəl ölü" hekayəsini oxuyanda yadıma ixtiyarsız şəkildə Ölü dəniz düşür. Zənnimcə, yer üzündə ən gözəl ölülərdən biri "Ölü dəniz"dir. Adının etimologiyasında saysız-hesabsız rəvayət olan bu dənizə, sırf dalğalanmadığı üçün ölü dəniz deyənlər də var. İnsanı insan edən onun düşüncəsidirsə, dənizi də dəniz edən onun dalğalarıdır. Təəssüf ki, adını çəkdiyimiz dənizi dalğalanan vaxt görmək çox çətin məsələdir. Amma dalğalanan dəniz görmək üçün bir o qədər uzağa getməyə ehtiyac yoxdur, elə öz ölkəmizdə, Küləklər şəhərində Xəzər dənizinin dalğaları ilin hər fəslində Bakı sahilini öpüb qucaqlayır. Bəzən Bakının gözü hesab olunan Xəzər elə ahəngdar dalğalanır ki, elə bil dalğalar musiqi notlarıdır və onlar dirijor tərəfindən idarə olunur.
Xarici görünüşü bu qədər gözəl olan dənizin daxili də xaricindən geri qalmır. Dənizin altında başqa bir dünya, başqa bir yaşam tərzi mövcuddur. Balıqların səssizliyinə rəqs edən yosunlar, rəngarəng balıqlar, bir-birindən fərqli dəniz canlıları, bizim dünyamızda qiymətli daş-qaş hesab olunan incilər, dənizin altında fərqli bir gözəlliyə, qeyri-adi auraya sahib olan məkan yaradır.
Dəniz suyunun torpaqla birləşib yaratdığı əsrarəngiz qoxu, ucsuz-bucaqsız dənizin ləpələri, dənizin üstündə qanad çırpan qağayılar dənizin gözəlliyinə bəraət qazandırır. Lakin "hər gözəlin bir eybi var" deyiblər, dənizin eybi də, çox güman ki, qəddar olmağındadır. Soyuq aylarda unudulan dəniz, isti aylarda ən birinci yadımıza düşən istirahət məkanına çevrilir. Təəssüf ki bu zaman dəniz öz qəddarlığını ortaya qoyur, istirahət üçün gələn insanlardan bir neçəsini öz dərinliklərinə sürükləyir, istədiyini aldıqdan sonra isə cansız cəsədi dalğaları ilə sahilə yollayır. Kim bilir, dənizdə neçə körpənin göz yaşı, neçə valideynin ahı özünə yuva qurub. Əksər insanlar dənizi sadəcə isti havalarda yada salsalar da, dənizin ən gözəl mənzərəsi yağışlı havalarda nəzərə çarpır. Yağışın dənizə yağması, iki möhtəşəmliyin bir-birinə qarışmasını əks etdirir.
Dəniz də qadınlar kimidir: hərdən coşub-daşır, hərdən isə ailəsi üçün sakitliyini qoruyan qadınlara bənzəyir. Onunla necə rəftar etməyin lazım olduğunu öyrənmək şərtdir, yoxsa heç vaxt dənizdən zövq almağı bacarmayacaqsan. Dənizdən zövq almağı ən yaxşı, yəqin ki, yazıçılar və şairlər bacarırlar. Dənizin səma ilə birləşib yaratdığı füsunkar mənzərə və yaxud günəşin dəniz arxasında qürub etməyi yaradıcı insanlar üçün əsl ilham mənbəyidir. İndi də yaradıcı insanların qələmindən bir neçə misra ilə dənizin seyrinə çıxaq:
- Üfüqlərə başını qoyub
uzanmış dəniz...
Onun böyük qəlbində
kiçik bir duyğu kimi
çırpınır dağ gövdəli,
dağ siqlətli gəmimiz... (Əli Kərim)
- Dənizi verdim ki sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də... (Nəbi Xəzri)
Dəniz qədim zamanlardan bəri romantizmi də təmsil edir. Bəzən dəniz öz küləyi, öz soyuğu ilə insanları bir-birinə yaxınlaşdırır, onlara qucaqlaşmaq üçün səbəblər bağışlayır.
Ancaq romantik bir simvol olmaqla yanaşı, dəniz həm də xatirələrin intihar məkanıdır. Ailəsi dağılan insanlar, nişanlanıb ayrılan gənclər öz xatirələrini dənizə, dalğaların ağuşuna atır və o xatirələr dənizin dibində əbədi yaşayır. Elə mövzu dənizdən, xatirələrdən düşmüşkən, sizinlə bir şerimi bölüşüb, dəniz səfərimizi burda bitirmək istəyirəm:
And olsun cəmi müqəddəslərə ki,
bir qarışqanın yemicən də
yoxsan içimdə,
yoxsan...
Dünən gecədən
xatirələrinə üzmək öyrədirəm.
Birinci
sən alan saat boğuldu...
Əqrəbləri zəhərlədi su xalqını.
Dalınca da
bağışladığın köynək batdı,
dalğalar geydi
bir vaxtlar mən geyən köynəyi.
Bircə şəkillər qaldı
suyun üzündə,
çəkisi xatirələrdən yüngül şəkillər...