|
|
|
|
Batum mənim uşaqlıq və yeniyetməlik illərimin keçdiyi şəhərdir. O vaxtkı Batumla indiki arasında çox fərq var.
Aydın məsələdir ki, son 30 ilin tarixi hadisələri, zamanın gedişi hər şeyə təsir edir. Bura qədimlərdən acarların vətəni olub. Eramızdan əvvəl yunan koloniyalarının yaradıldığı bu əraziləri sonralar Roma imperiyası zəbt edib. Mühüm strateji əhəmiyyətə malik coğrafi mövqedə yerləşən Acarıstan uğrunda uzun əsrlər boyu Rusiya və Osmanlı imperiyaları arasında gərgin mübarizə gedib. On doqquzuncu əsrdə bu mübarizədə məğlub olan türklər 1878-ci ildən Acarıstanı Rusiyaya güzəştə getmək məcburiyyətində qalıblar. Sovet hökuməti qurulduqdan sonra isə bu ərazi Acarıstan Muxtar Respublikası kimi Gürcüstanın tərkibinə daxil olub. Sovet hökuməti dağıldıqdan sonra - 1991-ci ildən Acarıstana Aslan Abaşidze rəhbərlik etməyə başlamışdı. Öz kiçik krallığında müstəqil olmağa ciddi-cəhdlə çalışan Abaşidzenin burnunu Mixail Saakaşvili bərk ovdu. 2004-cu ildə bura ordu yeridən M.Saakaşvili Aslan Abaşidzeni hakimiyyətdən salaraq Acarıstanın muxtariyyətini xeyli məhdudlaşdırdı. Onun Qara dəniz sahilinə piyada gedərək dənizin suyunda əl-üzünü yuyub triumf keçirmiş hökmdar görkəmi almasını hələ də xatırlayıram. M.Saakaşvili öz ölkəsinin, xalqının əsl oğludur. O, Acarıstanın Gürcüstan tərkibində tam assimilyasiyaya uğraması üçün hər şeyi etdi. Bizim bir vaxtlar Qarabağda edə bilmədiyimiz hər şeyi.
Özlərini on altıncı əsrdə islamı qəbul etmiş gürcü adlandıran acarlar arasında sovet hökuməti dövründə dini qayda-qanunlara əməl etmək daha güclü idi. Quran oxuyur, namaz qılır, sünnət etdirir, kirvə tuturdular. Demək olar ki, hamısı türkcə danışırdı. Yəni bu şəhərə gələn azərbaycanlılar anlaşma cəhətdən korluq çəkmirdilər. İndi həmin o islami valideynlərin əksəriyyətinin uşaqları xristianlığı qəbul edib və əski türk dilində danışmağı yadırğayıblar. Bu ölkədə yaşayan meqrel və laz tayfalarından çoxlu sözün keçdiyi əski acar dili, demək olar ki, tam assimilyasiyaya uğrayıb. 1989-cu ilədək acarların pasportlarında milliyyətləri acar yazılırdı. Sonradan onların milliyyəti gürcü yazılmağa başladı.
Acarıstanda ermənilər azərbaycanlılardan daha çoxdur. Bibimgilə gedəndə uzun illərdir rəfiqə olduğu dul erməni qadın Viola mənim gəldiyimi eşidib bibimgilə təşrif buyurdu:
- Azərbaycanlılar daha çox çay içirlər. Zeriko, çay dəmlə, şirniyyat almışam, çayla içərik - deyib kədər, qüssə tökülən dəyirmi gözlərini üzümə dikdi. Bir az oturub bibimlə söhbət elədi. Gürcü və rus dillərində danışırdılar. Gürcü dilni bilmirdim, ancaq rusca danışıqlarından ümumi vəziyyətdən söhbət etdiklərini anladım. Ümumiyyətlə, burda anlaşmaq üçün gürcü dilini bilmirsinizsə, rus və türk dillərini bilməniz vacibdir. Orta məktəblərdə rus dili keçirilmədiyi üçün gənc nəsil rusca heç bilmir. Bizdə - azərbaycanlılarda çay süfrəsi çox zəngin olur. Çayın yanında ən azından dörd-beş cür mürəbbə, müxtəlif şirniyyatlar olmalıdır. Acarlarda isə yalnız kofe içilir. Qonaq getdin, balaca bir fincanda dörd-beş qurtumluq kofe dəmləyib təntənəli şəkildə gətirirlər stola. Vəssalam. Şirniyyata az təsadüf edərsən kofenin yanında. Balığı çox yeyirlər acarlar. Dənizdən balıq tutmaq azaddır. Bakıda az təsadüf etdiyimiz və baha qiymətə satılan kefal, xamsa, qızıl balıq, stavrida, qaragöz, barabulka və s. balıqlar burada bol-bol tutulur və süfrəyə hər gün balıq qoyulur.
Subtropik iqlim və dağlıq relyef, əsasən də Qara dənizin təsiri bu ölkəni başdan-başa yaşıllıqlara qərq edib. Müxtəlif rəngli salxım-salxım, buta-buta çiçəklər açmış lianakimilər hündür ağaclardan sallanaraq nağılvari bir gözəllik yaradır. Evlərin və bağçaların gül-çiçəyə bürünmüş süs-bəzəyini nəzərdən qorumaq üçün hündür barı tikməzlər acarlar. Buralarda şəxsi həyətləri bir-birindən bir metr hündürlüyündə müxtlif formalı, bəzəkli metal və ya plastik şəbəkələr ayırır. Şəhər başdan-başa palmalara bürünüb. Botanika bağı xüsusilə gözəl və cazibədardır. Çox böyük ərazisi olan bu bağ hündür təpəliklərdə yerləşir. Dünyanın müxtəlif yerlərindən gətirilmiş cürbəcür bitkilər, ağac və çiçəklər ölkələr üzrə ayrıca guşə təşkil edir. Yuxarıdan - yaşıllıqlar içində itib-batmış hündür təpədən baxanda dəniz ayağının altında qalır, Kobuletiyəcən sahil və şəhər ovuc içi kimi görünür.
Gürcülərin ən çox xoşuma gələn cəhətlərindən biri dillərinə münasibətidir. Dünyanın hər yerindən çoxlu turistlər gəlməsinə və çoxmillətli ölkə olmalarına baxmayaraq, burda bütün göstəricilər ilk olaraq və böyük hərflərlə gürcü dilində yazılır. İkinci yerdə ingilis dili və türk dili gəlir. Göstəricilər türk dilində yalnız onların öz mağaza və restoranlarının üzərində yazılır. Rusca yazılmış göstəricilər yox dərəcəsindədir. Azərbaycanda da, Bakı şəhəri başda olmaqla ana dilinə belə hörmət və qayğılı münasibəti çox istərdik.
Mövsüm vaxtı, yəni yayda burada dünyanın müxtəlif ölkələrindən gəlmiş və sahilboyu ərazilərdə çimərlik paltarında dolaşan çoxlu turistlərə rast gələ bilərsən. Son vaxtlar Rusiya ilə aralarında olan gərginliyə görə yollar bağlandığı üçün Batuma rus turistlər gəlməyib. Kafe, bar və restoranlarda işləyənlərin qanı bərk qara idi. Onlar ən çox qazanclarını ruslardan götürürlər. Avqust ayını "barxatnıy sezon" adlandıran acarlar həsrətlə bu ayı və yolların açılmasını, yüz minlərlə rus turistin Batuma axışmasını gözləyirlər. Şəhərdə addımbaşı otellərin və kazinoların bolluğu diqqəti cəlb edir. Yaxın qohumumun söhbətlərindən kazinolarda milyonları uduzan azərbaycanlıların hər kəsdən çox olduğunu öyrəndim. Onların tutulduğu "qumar sindromu" məni çox kədərləndirdi. Öz ölkəsində minlərlə xəstə, kimsəsiz qocaların, şəhid ailələrinin, yetim uşaqların yardım gözlədiyi bir vaxtda pulları gürcü kazinolarında aldanaraq havaya sovuran soydaşlarımın belə davranışı hansımızı kədərləndirməz ki?! "Varlılar kasıblara Tanrıdan başqa bir şey buraxmazlar!"
Geyimlərində Avropasayağı stilə üstünlük verən acarlar bəzək-düzəkli geyim geyməzlər. Sadə, zövqlə və səliqəli geyinirlər. Dolanışıqları bizdən yaxşı olmasa da, pis də deyil. Onlarda ən çox xoşuma gələn xüsusiyyət arxayın, sakit təbiətli olmalarıdr. Qismətə qane olandırlar. Bizim camaatın üzündə gördüyün daimi gərginlik və tələskənlik, əsəb, hər şeydən narazılıq onların simasında yoxdur. Hərdən düşünürəm, bəlkə, bu xüsusiyyətlər bizdə ölkənin mövcud vəziyyəti ilə bərabər, həm də aid olduğumuz yerin maqnit sahəsi, mikrobioloji aləmi ilə də əlaqədar ola bilər. Bəlkə də, bu qədər yaşıllıq və mülayim hava min illərdir, acarların DNK-sında sakit bir xarakter sahəsi formalaşdırıb.
Bir vaxtlar şəhərə çıxanda tez-tez rastlaşdığım başdan-ayağa qara geyimli, başına qara şifon örpək salmış acarlara rast gəlmədim. Bu geyim onlarda yas əlaməti sayılırdı. Yaxını, əzizi rəhmətə gedən acarlar ölənəcən belə qara geyimdən çıxmazdılar. İndi qara geyimin olmaması bu demək deyil ki, acarlar o dünyaya təşrif aparmağı dayandırıblar. Sadəcə, təfəkkür və olaylara münasibət dəyişib.
Batumda bazarlar bizdəki kimi zəngin deyil. Bütün şəhər tərtəmiz, gül-çiçəkli olsa da, bazarlar çox kasıb və natəmizdir. Həm də burada bir neçə cür meyvə və çoxlu ədviyyatlardan, acı bibər və sarımsaq qatılmış müxtəlif souslardan başqa bir şey görməzsən. Bazardan ət almaq ağlınıza da gəlməsin. Mənbəyi bilinməyən və rəng-rufundan çiyrəndiyiniz çoxlu ət asılmış satıcı stollarına yaxın düşmək olmur. Yaxşı əti yalnız türklərin açdığı super-marketlərdən ala bilərsiniz. Halal, təmiz, donuz əti qatılmamış kolbasaları da. Restoranlarda gürcülərin sevimli yeməyi xaçapuri, gürcü xəngəli və saçevidir. Bütün yeməklərə çoxlu sarımsaq və acı bibər qatırlar. Adamın ağzı elə yanır ki, daha yeməyin nə daddığını bilmirsən. Türk restoranlarında menyuda daha çox bizim sevdiyimiz yeməklərin adını görə bilərsiniz. Acarlar turistlərə kələk gəlib aldadaraq pul qoparmağı sevmirlər. Beləsi olsa da, çox azdır. Onlar daha çox turist cəlb etmək üçün hər şeydə balansı qorumağa üstünlük verirlər.
Qara dəniz acarların hər şeyidir. Turistlərin gəlməsi ilə dolanışıq mənbəyi, balıqçılıq və gəmiçilik Qara dənizlə bağlıdır. Onlar dənizi sevir, qoruyur və onun sərvətlərindən bütün xalq üçün istifadə etməyi bacarırlar. Bir yerdə də olsa, dənizin yaxınlığında şəxsi obyekt və azərbaycanlıların yeni milli bəlasına çevrilmiş dənizi hasarlamağı görməzsən. Kobuletidən Sarpiyəcən uzanan çimərliklərdə günəş vannası qəbul etmək üçün yüksək keyfiyyətli çarpayılar, gündən qorunmaq və oturmaq üçün qamışdan düzəldilmiş günlüklər, skamyalar, böyük çətirlər, idman avadanlıqları - hər şey pulsuzdur və əhali bunlardan kübarcasına istifadə edir.
Batuma qatarla getsəniz, lap əla olar. Qəşəng mənzərələrlə rastlaşacaqsınız. Bəzi yerlərdə çiçəkli yaşıl tunellərin içindən keçən dəmir yolu hər üç-beş kilometrdən bir enli və sulu çayların üstündən salınmış körpüləri adlayır. Buranın ən böyük çayı Çoroxdur. Balıqla zəngin olan çayın sahilində qarmaq atan çoxlu balıqçı görə bilərsiniz.
Batumda qiymətlər, əsasən, bizdəkindən ucuzdur. Ancaq bəzi ərzaqlar bahadır. Svanetidən - dağdan gətirilmiş çox yüksək keyfiyyətli balın bir kiloqramını 15 laridən - bizim pulla 9 manatdan aldım. Belə balı ancaq axtarmaq, tanış adamdan almaq olar. Bakıda bal biznesi ilə məşğul olan qonşularım yaman bəyəndilər və ucuz olmasına çox təəccübləndilər:
- Bu cür bal bizdə 40-50 manata satılır, - dedi qonşum.
Səyahətimin sonuna yaxın bibioğlunun arendaya götürdüyü kafeyə gedib kofe içdik. Bizə yaxın olan stula birtəhər özünü salan bir qadın ikiəlli astaca dizinə vurub yavaş səslə:
- Oyy, ayaqlarım sındı, bir belə gəzməkmi olar? - dedi.
Doğma sözləri eşidəndə içim sevindi və ona tərəf dönəndə geyimindən, sifətinin antropoloji quruluşundan azərbaycanlı olduğu bilinən qadına gülümsədim:
- Bir az dincəlin. Yəqin, çox gəzmisiniz, - dedim.
- Həm çox gəzmişəm, həm də ağrı var, - deyib köksünü ötürdü.
- Azərbaycadansız? - soruşdum.
- Yox, Gürcüstandan - Kaspi rayonundanam. Xidiquri kəndindən.
Kəndin adını düzgün yadda saxlamaq üçün bir-iki dəfə təkrar soruşdum. Aramızda səmimi söhbət başladı:
- Xanım, sizin oralarda vəziyyət necədir? Əkin-biçin adamına oxşayırsız. Mal-heyvan da saxlayırsınızmı? - deyə, soruşdum.
- Hardaan? Kəndin lap yaxınlığından o böyüklükdə çay keçir. Ancaq baxa-baxa qalmışıq. Çay yatağı çox dərindədir. Əvvəllər ildə bir dəfə bütün kənddən pul yığırdılar və motor qoyub il uzunu əkinləri su ilə suvarırdıq. Suvarma mal-qara saxlamağa da imkan verirdi. İndi hər ay o motor üçün külli miqdarda elektrik pulu istəyirlər, ağrın alım. Camaatın da verməyə imkanı yoxdur. O pul əkindən götürdüyümüz xeyiri üstələyir. Ona görə camaat daha əkin-biçini də, mal-heyvan saxlamağı da tərgidib. Çay yatağının dayaz olduğu Hasanalılar, Qarabağlar, Tatuşağı, Gərəkənd kimi kəndlərdə yenə vəziyyət yaxşıdı, - deyə qüssəli və yorğun baxışlarını məndən qaçırıb uzağa dikdi.
- Batuma nə yaxşı gəlmisinz? Dincəlməyəmi?
- Həm ziyarət, həm ticarət, - dedi.
Keşikçidağla bağlı fikirlərini bilmək istədim. Qadın bu sualı gözləyirmiş kimi:
- Ay xanım, hamı bilir ki, orda erməni barmağı var. İki-üç adamı qızışdırıb salıblar ortalığa, onlar da başqalarını. İndi daha yat-küt olub. Səs-küy yoxdur axı , deyəsən, - dedi.
- Gürcülər də elə düşünür ki, erməni barmağı var?
- Bizimkilər elə düşünür. Yaxın gürcü kəndliləri ilə hərdən görüşürük. Demək olar ki, hamı elə düşünür. Bir də bilirsinizmi, axı Gürcüstanda da məscidlər var. İndi azərilər də qalxıb desin ki, oralar bizimdir? - sonra qadın astaca öz-özünə danışırmış kimi, - zatən elə o torpaqların hamısı azərbaycanlıların olub, - dedi.
Sadə, kəndli bir qadının bu cür düşünməsi məni çox mütəəssir etdi.
Axşama az qalırdı. Sabah səhər sürət qatarı ilə Tiflisə, ordan isə doğma torpağa yola düşməli idim...
- Martloba. Qarqat ixavi, men şe mixvarxar, Acariya!
Həcər PAŞAYEVA