|
|
|
|
Son bir neçə gün ərzində Rusiyanın tanınmış telekanallarında həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqqında materiallar yayımlanıb.
Həmin materiallarda baş nazir Nikol Paşinyanın Koçaryanın işinə görə məhkəmələrə təzyiq göstərməsi, onun qisas məqsədilə həbsdə saxlanıldığı və s. məqamlar vurğulanıb.
REN TV kanalında yayımlanan icmal xarakterli materialda qeyd edilib ki, Koçaryanın işi ilə bağlı yeni iclas hazırlanır. Yerli məhkəmələr dəfələrlə onun günahkar olmadığını etiraf edib, buna baxmayaraq, hakimiyyət sabiq prezidenti həbsdə saxlamaq üçün yeni bəhanələr tapır. İndi hakimlərin qarşısına keçiblər. Onların barəsində cinayət işləri başlanılıb, mətbuatda təhqiramiz ifadələr səsləndirilib. Kanal vurğulayıb ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi ölkədə ən çox müzakirə olunan mövzu olaraq qalır. O, ilk dəfə bir il əvvəl həbs edilib. Bundan sonra prokurorluq üç dəfə məğlub olub. Müxtəlif instansiya məhkəmələri üç dəfə sabiq prezidentin günahsız olduğunu etiraf edib, onu azadlığa buraxdı. Yeni hakimiyyət hər dəfə Koçaryanın yenidən həbsinə nail olub. Üstəlik, hökumət birbaşa məhkəmələrlə mübarizəyə başlayır.
"Təəssüf ki, istər Konstitusiya məhkəməsi, istərsə də adi məhkəmələr ilə bağlı vəziyyət getdikcə pisləşir. İcra orqanının təzyiqi ilə hakimlərin müstəqilliyinin təminatçısı olan Ali Məhkəmə Şurasının on üzvündən altısı istefa verdi və yeni bir Ali Məhkəmə yaradıldı. Təbii ki, bu, icraedici hakimiyyətinin təsiri altında yaradıldı", deyə keçmiş ədliyyə naziri David Harutyunyan bildirib.
Koçaryanın vəkillərindən biri Aram Vardevanyan isə deyib ki, prezidentlər və keçmiş prezidentlər funksional toxunulmazlığa sahib olan müstəsna vəzifəli şəxslərdir. Bu o deməkdir ki, keçmiş vəzifəli şəxsin statusuna əsaslanaraq, yəni onun toxunulmazlıq hüququ bu cür aktları istisna edir, politoloq Rvand Bozoyan isə hesab edir ki, Koçaryana qarşı irəli sürülmüş ittiham onu göstərir ki, prinsipcə hakimiyyətə gəldikdən sonra Paşinyan Ermənistanın tarixini yeni səhifədən başlamağa deyil, ötən illərin hadisələrini araşdırmaqdan başlamağa qərar verib.
Xatırladaq ki, may ayında Koçaryanın növbəti dəfə sərbəst buraxılması Paşinyanın çağırışı ilə məhkəmələrin tamamilə bloklanması ilə nəticələndi.
"Mən məhkəmələrin qapılarını blokladım, bununla göstərmək istədim ki, mənə kukla məhkəmələr lazım deyil", Paşinyan həmin vaxt deyib. Onun bu çağırışı isə həm ölkə daxilində, həm beynəlxalq qurumlarda tənqidlərlə qarşılanıb.
Rusiya kanalında vurğulanıb ki, Ermənistanın Konstitusiya məhkəməsi bu günə qədər Koçaryanın mühakimə olunması cəhdlərinə qarşı çıxıb:
"Ermənistan hökuməti sabiq prezidenti 2008-ci ilin martındakı etirazlar zamanı baş verən ölüm hallarında ittiham edir. Nikol Paşinyan həmin etirazlarda iştirak edib və buna görə də həbsxanaya düşüb. İndi məlum olur ki, o, qisas alır. Hətta səsləndirməsi absurddur: ölkənin fəaliyyətdə olan rəhbərinin fövqəladə vəziyyət tətbiq etmək hüququ var. Beləliklə, məhkəmələr ittihamları ləğv etməyə çalışırlar. Ancaq Paşinyan imkan vermir".
Koçaryanın lehinə daha bir material isə "Rossiya 24" kanalında efirə gedib. Qeyd edilib ki, Ermənistanın Konstitusiya məhkəməsi ikinci prezidentin iki şikayətinə sentyabrın 3-də baxacaq. Koçaryan ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə və rüşvət almaqda ittiham olunur. Keçmiş prezidentin özü isə irəli sürülən ittihamları siyasi motivli sayır və cinayət işinə Konstitusiya məhkəməsində xitam verilməsinə nail olmaq istəyir.
"Mənə verilən məlumatlara əsaslanıb deyə bilərəm ki, bu işlərin hər hansı biri heç bir halda, obyektiv və qərəzsiz məhkəmə prosesi baxımından ciddi perspektivlərə malik deyildir. Konstitusiya quruluşunun devrilməsi ifadəsi olduqca mübahisəlidir, bir çox fərqli təfsirlərə sahib ola bilər. Koçaryanın respublikanın prezidenti olduğu dövrdə və prezident səlahiyyətlərindən istifadə edərək fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlməsinə görə bu ittiham irəli sürülür", - deyə Ermənistanın keçmiş ədliyyə naziri David Harutyunyan telekanala müsahibəsində bildirib.
Koçaryanın vəkilləri isə onun həmin vaxt tam qanuni şəkildə və respublikanın maraqlarına uyğun davrandığını bildiriblər.
Əslində, sözügedən materialların Rusiya kanallarında efirə verilməsi Paşinyana bir mesajdır. Rusiyanın Koçaryana müsbət münasibəti, eləcə də Ermənistan daxilində tərəfdarlarının olması, onun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejim tərəfindən dəstəklənməsi Paşinyan üçün qorxulu məqamlardır. Və Paşinyan da bütün gücünü Koçaryanın həbsdə saxlanılmasına sərf edir.
Məhkəmələrə, hakimlərə açıq təzyiq göstərməkdən belə çəkinmir. Sentyabrın 3-də Koçaryanın yenidən azad edilməsi ehtimalı var. Buna görə də Paşinyan ciddi narahatdır və nəyin bahasına olursa olsun Koçaryanın həbsdə qalmasına nail olmağa çalışır.
PƏRVANƏ