Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunan distant Çin dili kursları ilə tanışlıq məqsədilə UNEC-də olan Leyla Əliyeva UNEC Eksterndə onlayn dərsləri izləyib. Onlayn olaraq keçirilən dərsdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı yaradılıb. UNEC-in rektoru, professor Ədalət Muradov Fondun vitse-prezidentinə distant təhsil mərkəzi barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC Eksterndə 6 tədris studiyası, 12 inzibati və bir müzakirə otağı mövcuddur. Mərkəz bir studiyadan eyni anda 1000 tələbəyə, gün ərzində isə 20.000 tələbəyə peşəkar müəllimlər tərəfindən distant təhsil vermək imkanına malikdir.
Mərkəzin fəaliyyətini tam tənzimləmək üçün isə 14 nəfərlik inzibati heyət xidmət göstərəcək. Leyla Əliyeva elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılan, distant tədrisin aparıldığı studiyalarla tanış olub. Fondun Vitse-prezidentinə tələbələrin qeydiyyatı, davamiyyəti və qiymətləndirilməsinin elektron aparıldığı bildirilib. Qeyd olunub ki, elektron proqram təminatında tələbələrin tam rahatlığı nəzərə alınıb, onlar istənilən məkandan internet vasitəsilə dərsləri dinləyə bilərlər. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələrin qoşulması mümkündür. UNEC Eksterndə dünya səviyyəli professorların tədris prosesinə cəlb olunması üçün də bütün imkanlar yaradılıb. Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir. Bu universitetlərin maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. Həmçinin, distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini də mümkün edir.
Leyla Əliyeva UNEC Eksternin distant təhsil vermək imkanlarını yüksək qiymətləndirib.
Səfər çərçivəsində Leyla Əliyeva UNEC-in 24/7 kitabxanası ilə də tanış olub. Müasir proqram təminatı ilə təchiz edilmiş kitabxananın ölkəmizdə 7 gün, 24 saat fəaliyyət göstərən ilk universitet kitabxanası olduğu bildirilib. Burada məşhur kitabxanaların elektron resurslarına daxil olmaq, həmçinin Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə etmək imkanının yaradıldığı qeyd edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, "Oxford University", "Cambridge University", "The MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University Press" və EBSCO bazalarına daxil olmaq mümkündür. İstifadəçilər həmçinin, "Web of Science" platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.
S.QARAYEVA