|
|
|
|

Rəssam Yusif Mirzənin Konyadakı Beynəlxalq
Rəssamlıq simpoziumundan qeydləri
Hər bir uğurlu iş, gözəl , ürəkaçan nəticə, təkcə bir nəfərdən asılı deyil.Ona görə də, bu gözəl səfərin baş tutmasında, çox maraqlı simpoziuma dəvət etdiklərinə, böyük qonaqpərvərliyə, çox yüksək səviyyəli təşkilatçılığa görə Səlcuq Universiteti rəhbərliyinə, rektor prof.dr. Hakkı Gökbel cənablarına, kurator dosent.dr. Orhan Cəbrayıloğluna, kurator yardımçısı Belgin xanım Akına öz təşəkkürlərimi, minnətdarlığımı bildirmək istəyirəm.
Xüsusi olaraq , bu səfərin baş tutmasında mənə yardımçı olmuş, çox böyük diqqət və qayğıyla yanaşmış, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, İsmayıl Alper Coşkun cənablarına öz səmimi minnətdarlığımı bildirirəm.
Konya Türkiyənin ən qədim, özünəməxsus, qeyri-adi gözəlliklərə malik şəhərlərindən biridir.Anadolunun tam mərkəzində- türk qardaşlarımızın ifadəsiylə desək, göbəyində yerləşən, bu tarixi şəhər bu günkü coşqun inkişafı, yüksəlişi tərəqqisiylə, nəinki Türkiyənin, eləcə də regionun güclü iqtisadi, ticari, elmi –mədəni mərkəzinə çevrilib. Şəhər sürətlə böyüyür, yeniləşir, inkişaf edir. Lakin nə qədər müasirləşsə də, yeniləşsə də öz tarixi, mənəvi- qutsal ruhunu qoruyub saxlayır. Konya çox güclü Səlcuqlar İmperiyasının paytaxtı olub. Şəhərin mərkəzindəki cameənin həyətindəki türbədə Səlcuq Sultanları Alp Arslan, Qılınc Arslan, Ələddin Keyqubad uyumaqdadırlar. Lakin Konya Səlcuq İmperiyasının paytaxtından daha çox, böyük sufi şeyxi, şair- filosof Həzrəti Mövlana Cəlaləddin Ruminin adıyla anılır. Onun adıyla tanınır. Konya hava limanına İstanbuldan gəldik . Uçaqda mənimlə bərabər simpoziuma gələn kolleqalarım da var idi. Amma hələ ki, heç tanış da deyildik. Bizi hava limanında qarşıladılar və Universitetin kampusuna götürdülər. Yerləşdiyimiz universitet oteli çox rahat, komfortlu, təmiz və gözəl idi.Konya bizi gülərüzlə qarşıladı .Hava çox xoşdu. Ümumiyyətlə ərazinin çox xoş bir iqlimi və təmiz, saf havası var. Ertəsi gün, Universitet evində, səhər yeməyi vaxtı Səlcuq Universitetinin təşkil etdiyi 1-ci beynəlxalq rəssamlıq simpoziumunun rəsmi açılış mərasimi oldu. Səlcuq Universiteti rektoru prof.dr. Hakkı Gökbel cənabları iştirakçıları salamladı. Çıxışlar oldu. Sənətçilərə uğurlar arzulandı. Universitetin Süleyman Dəmirəl kültür mərkəzində çalışmalarımıza başladıq. Qrupumuzda 25 ölkədən 51 rəssam iştirak edirdi. Hamısı da təkcə öz ölkələrində deyil, dünyada tanınmış sənətçilərdi.Simpoziumun əhatəsi, coğrafiyası çox genişdi. Türk, ərəb, balkan, qafqaz, orta asiya, çuvaşiya sənətçiləri bir araya gəlmişdilər. Bu qədər müxtəlif ölkələrdən, fərqli insanlarla bir arada olmaq, birgə çalışmaq özü son dərəcə maraqlıydı. Deyim ki bu insanlar biri-birinə o qədər tez isinişdi və ünsiyyət tapdı ki, sanki uzun illərdi ki, biri-birlərini tanıyırdılar.Hamısı sənət adamlarıydı və onları biri-birinə doğmalaşdıran da sənətin böyük gücü, ülvi missiyası idi.Təşkilatçıların qarşıya qoyduqları məqsəd də elə bu idi: sənətin böyük gücündən demokratiya, tolerantlıq, inkişaf və tərəqqi, humanizm yolunda istifadə etmək.
Mövlana Muzesi Konyanın mərkəzində, qədim cameədə yerləşir. Məncə, Böyük Mövlananın ziyarətini həyəcanla gözləyən tək mən deyildim.Hər kəs bu ziyarətin intizarındaydı.Məlumat və aydınlaşdırmaq üçün deyim ki, Mövlana ziyarəti heç bir dini məqsəd daşımır.Ən müxtəlif dinlərdən olan insanlar, bu böyük şəxsiyyətin ziyarətinə gəlirlər.Bunun ən başlıca səbəbi Həzrəti Mövlananın çox böyük humanist, ülvi isansevərlik fəlsəfəsidir.
Gəl-gəl, yenə gəl,
nə olursan ol, yenə də gəl
İstər xristian, istər məcusi,
istər bütpərəst ol.
Bizim dərgahımız ümidsizlik
dərgahı deyil.
Tövbəni yüz dəfə pozmuş olsan da,
belə yenə gəl.
Bəli, neçə yüz illər öncə insanlara, insanlığa çağırış edən Ulu Mövlananın bu çağırışına, dünyanın hər yerindən çeşid-çeşid insanlar gəlməkdə, Ustadı –Həzrəti Mövlanənı ziyarət etməkdədirlər.
Mövlanə şəxsiyyətinə, Mövlanə fəlsəfəsinə çox böyük hörmətim, sevgim var.Hələ neçə il öncə, Mövlanə yubileyinə bir-neçə rəsm həsr etmişəm.Camenin içərisinə keçir və həyəcanlanıram. Bu ziyarətimə görə, Tanrıdan Həzrəti Mövlanəyə rəhmət diləyirəm. Mövlanə muzesi, yaşıl məqbərə kimi məhşur olan, bu müqəddəs məkan olduqca maraqlı bir memarlıq kompleksidir.Bu yer, bu məkan da Konyanın rəmzinə çevrilib.
Konya tipik türk şəhəridir-şişuclu minarəli, bizans memarlıq ənənələrini yaşadan cameələri, alış –verişli , bol-bol reklamları, lövhələri olan, gözəl, maraqlı sokakları və olduqca mehriban, qonaqpərvər, son dərəcə maraqlı insanları ilə. Türklər, Vətən və millət sevgiləri ilə hər kəsə örnəkdirlər. Konyalılar da istisna deyil.Onlar doğma şəhərlərini, ölkə və vətənlərini çox sevirlər.Türk vətəndaşlarının ən çox xoşuma gəldiyi xüsusiyyət, onların hər şeyə çox aktiv münasibətləridir.Həm də, çox zəhmətkeş və çalışqandırlar.Bir də ki, Türkiyə və türklər bizlərə o qədər doğmadırlar ki, burada heç özünü qonaq hiss etmirsən.Müasir, inkişaf etmiş , güclü bir Türkiyənin bizim üçün əhəmiyyəti çox böyükdür.
Türkiyəyə hər gəlişim , mənim üçün bir bayramdır.Deyim ki ,türklərin də Azərbaycana böyük sevgiləri, marağı var.Bunu hər kəsdən görürsən, duyursan.
Simpoziumun təşkilatçıları hər bir şeyi ən xırda detalına qədər, yüksək professionallıqla düşünərək, həll etmişdilər.Bizim gəzintilərimiz və istirahətimiz də yaxşı planlaşdırılmışdı. Sonrakı gün, biz avtobusla Antalyaya yola düşdük.Çox sərt qayalıqlar və iynəyarpaq, həmişəyaşıl küknar, ardıc meşələri olan, məhşur Toros dağlarının ətəkləri ilə irəliləyirik.Yolkənarı mənzərələr biri-birini əvəz edir. Tınaztəpə adlanan bir yerdə dayanır, ayaqlarımızın keyini açırıq. Təmiz dağ havasından ləzzətlə nəfəs alırıq.
Nəhayət Antalyaya çatır və şəhər mərkəzini arxada qoyuruq.Bizim dincələcəyimiz otel bir qədər kənarda, Bələk deyilən yerdədir.”Sirene Hotel” çox gözəl və rahatdır.Bura sanki bir cənnət guşəsidir.
Çoxdandır ki, belə rahat bir güşədə, bu səviyyədə istirahət etməmişdim. İstirahət edir, dənizin sularında çimir, yeni dostlarla sıhbətləşirdik. Burada çox gözəl vaxt keçirdik. Amma işləməli, çalışmalıyıq.Ona görə də yenidən Konyaya dönürük.Antalya da çox maraqlı, gəzməli yerdir. Burada o qədər görməli yerlər var ki. Amma vaxt məhdudiyyətimiz var deyə, yalnız birini, çox qədim Roma teatrı Aspendosu seyr edə bilirik. Amfiteatr tipli bu qədim bina yaxşı vəziyyətdə qalıb.İndi bərpa olunmaqdadır .Hətta burada tamaşalar, konsertlər də təşkil olunur.Memarlıq üslubuna görə Kolizey binasını xatırladan, bu qədim memarlıq abidəsi inşaat baxımından da çox maraqlıdır. Çox iri daş bloklarla tikilib və olduqca qeyri-adi quruluşa malikdir. Aspendosu seyr etdikdən sonra yolumuza davam edirik.Seydşəhərə yaxınlaşanda bizi qarşılayırlar və Seydşəhər bələdiyyə başkanı, cənab Abdulkadir Çatla görüşürük.Çox böyük mehribanlıqla səmimi qonqpərvərlik göstərən başkandan ayrılır və Konyaya gəlirik.
Səlcuq Universiteti, Süleyman Dəmirəl Kültür Mərkəzində çalışmalarımız üçün hər cür şərait var: molbertlər qoyulub, kətanlar hazır, rənglər, fırçalar əlimizin altında.Çayımıza, qəhvəmizə qədər hər şey düşünülüb, həll olunub.Kuratorumuz Səlcuq univesitetinin dosenti Orhan Cəbrayıloğlunun diqqəti bizim üzərimizdədir. Ən xırda belə istəklərimizi dərhal həll etməyə çalışır.Orhan mənim əski dostumdur. Onu Bakıdan tanıyıram. Çox maraqlı, olduqca istedadlı, özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttinə malik rəssamdır.Orhan Səlcuq universitetində özünü həm də bacarıqlı bir pedaqoq kimi tanıdıb. Onu burada yaxşı tanıyır, sevir hörmət edirlər.Dostumun uğurlarına çox sevindim.
Süleyman Dəmirəl Kültür mərkəzində çalışmalarımız davam etdi.Qaydaya görə, hər iştirakçı 2 rəsm işləməli idi.İş elə gətirdi ki, 3 rəsm işlədim. İstədim ki, Azərbaycanı, onun incəsənətini layiqincə təmsil edim.Deyim ki, iştirakçıların professional səviyyəsi, ustalıqları çox yüksəkdi.Bu qədər sənətçilər arasında diqqətə nail olmaq asan məsələ deyidi.Amma rəsmlərimi kolleqalarım, təşkilatçılar və sənətsevərlər yüksək qiymətləndirdilər.Bu ərəfədə Kon TV –yə dəvət olunduq, canlı yayımda çıxış etdik. Hərtərəfli qayğı və diqqətlə əhatə olunmuşduq.Tələbələr də xüsusi maraq gostərirdilər.Çalışdığımız zaman ora gəlir, iş prosesini izləyir, bəzən suallar verirdilər.Gənclər elmə-sənətə maraqları ilə çox xoşuma gəldilər.Biz sənətçiləri Universitetin Gözəl Sənətlər fakultəsinə dəvət etdilər.Fakultənin binasının memarlığı, şəraiti adamı heyran edir.Gözəl bir muzeyi xatıladır.Səliqə-sahman məni valeh etdi. Tələbələrin suallarını cavablandırdıq. Sonra dekanla çox maraqlı görüşümüz oldu.
Orhan Cəbrayıloğlunun emalatxanasında olduq və gözəl bir axşam keçirdik.Orhanın gözəl emalatxanası və biri-birindən maraqlı rəsmləri var.
İşlərimiz yekunlaşdırmış, rəsmlərimizi bitirmişdik. 4 oktyabr 2013 tarixində, Səlcuq Universiteti Süleyman Dəmirəl Kültür Mərkəzində böyük sərgimiz açıldı.Sərgi olduqca maraqlı alınmışdı.Axşam universitet evində iştirakçılara diplomların təqdimolunma mərasimi keçirildi və bununla da maraqlı simpozium işini başa çatdırdı.Lakin bu simpozium, görüşlər, söhbətlər, 10 gün ərzində bir yerdə, bir ailə kimi doğmalaşmamız heç kimin yadından çıxmayacaq.Gözəl günləri keçirdiyimiz Konyanı, Antalyanı unutmayacaq, doğma ölkəsinə, evinə dönən hər kəs qəlbində çox isti bir Türkiyə sevgisi aparacaq.
Türkiyə mənim üçün çox doğmadır. Türkiyəni, bu ölkəni, bu gözəl diyarı görməmişdən çox-çox əvvəl sevmişdim.Nədən yaranmışdı, bu sevgi, nədən qaynaqlanmışdı? Demək çətindir.Məncə, kökünü –soyunu, Ulusunu sevən hər kəsin qəlbində var idi bu sevgi.Hətta yasaqlar, qadağanlar belə bu sevgini nəinki unutdura, heç azalda da bilmirdi.Böyük Nazim Hikmətin öz səsi ilə oxuduğu şeirləriylə, Rəşad Nuri Güntəkinin, Yaşar Kamalın romanları ilə sevmişdik Türkiyəni.Orta dalğalarda çətinliklə qulaq asdığımız türkülərlə, şərqilərlə sevmişdik Türkiyəni.Bu ölkəyə hər gəlişim mənim üçün bayramdır. Bu dəfə də sadəcə Anadolunu görmək və Həzrəti Mövlanə ziyarətində olmaq taleyin gözəl bir qisməti, xoşbəxt bir bəxşişi idi.
Türkiyə, Konya səfəri, dünyanın müxtəlif ölkələrindən gəlmiş sənətçilərin məclisi, görüşlər, gəzintilər, biri-birindən maraqlı yerlər, hamısı arxada qaldı, xoş xatirələrə döndü.Bu xoş duyğular, xoş xatirələr, bu sənətçilərin yaratdıqları əsərlərdə üzə çıxacaq, neçə-neçə insanlara sevgi paylayacaq.
Yusif Mirzə
Bakı-Konya.
23 sentyabr- 5 oktyabr 2013-cü il.
P.S Bu yazının çapa hazırlanması bizim üçün əlamətdar bir bayrama, Türkiyə Cümhuriyyətinin yaradılmasının 90 –cı ildönümünə təsadüf edir.Bu böyük, gözəl bayram münasibəti ilə, Türkiyədəki qardaşlarımızı, eləcə də Türkiyəni sevən hər kəsi təbrik edir, bizim üçün də doğma olan bu ölkəyə, daha artıq güc-qüvvət, tərəqqi, əmin –amanlıq, zənginlik, firavanlıq xoş gələcək arzulayıram.



