Tarix İnstitutunun xarici dillərdə nəşrlərinin Azərbaycan Milli Kitabxanasına təqdim edilməsi dövlətimiz üçün çox əhəmiyyətlidir. Çünki kitabların dünya ölkələrinə çatdırılması istiqamətində Milli Kitabxananın beynəlxalq əlaqələri daha genişdir. Bu da Azərbaycanın tarixi və bu günü haqqında faktlarla zəngin kitabların dünya oxucusuna çatdırılmasına zəmin yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov elmi müəssisənin xarici dillərdə nəşr olunan kitablarının Azərbaycan Milli Kitabxanasına təqdimatında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təqdim olunan kitablar Azərbaycan tarixini, azərbaycanlıların tarixboyu məruz qaldıqları soyqırımları, Ermənistanın uydurma tarixinin reallıqlarını əks etdirir.
“Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının dünya kitabxalarına göndərilməsi, xarici oxucuların real tarixi bilmələri vacibdir. İnanıram ki, bu sahədə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığımız uğurlu olacaq. Biz əl-ələ verərək Azərbaycan həqiqətlərinin, real tarixi faktların dünyaya çatdırılmasına öz töhfələrimizi verəcəyik”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.