|
|
|
|
Martın 1-də Malayziya Oğullarının Birləşmiş Partiyasının sədri Muhiddin Yassin ölkənin yeni Baş Naziri kimi and içib.
AZƏRTAC Malayziya KİV-lərinə istinadla xəbər verir ki, Kral Abdulla Riayyatuddin Əl-Mustafa Billah öz sarayında 72 yaşlı siyasətçinin andını qəbul edib.
Xəbər verdiyimiz kimi, fevralın 24-də sabiq Baş Nazir Mahathir Məhəmməd istefa verdikdən sonra Malayziya tarixində ilk dəfə olaraq Kral aşağı palatanın hər bir deputatı, həmçinin partiya və fraksiyaların liderləri ilə ayrı-ayrılıqda görüşüb. Kral sarayının fevralın 29-da yaydığı bəyanata görə, Muhiddin Yassin qanunvericilərin əksəriyyəti tərəfindən dəstəklənib.
Mütəxəssislərin rəyinə görə, son illər hökumətdə bir çox yüksək vəzifələrdə çalışmasına baxmayaraq, Muhiddin Yassin heç vaxt hökumət başçısı vəzifəsinə namizəd hesab edilməyib. Politoloqlar onu dinə həddindən artıq bağlı və savadlı idarəedici kimi xarakterizə etsələr də, onun millətçi mövqeyi ilə seçildiyini bildirirlər. Öz siyasi mövqeyini heç zaman gizlətməyən siyasətçi “malayziyalılara deyil, malaylara üstünlük verdiyini” dəfələrlə bəyan edib. Bu baxımdan, Malayziya üçün milli və dini məsələ həmişə aktual olub. Belə ki, burada malaylarla yanaşı, çinlilər və Hindistandan gələnlər də üstünlük təşkil edirlər. Əsas biznesin və maliyyə vəsaitinin də məhz çinlilərin əlində toplandığı qeyd olunur.
Muhiddin Yassin 1971-ci ildən Birləşmiş Malay Milli Hərəkatının üzvüdür. 2009-cu ildə o, Nacib Razak hökumətində Baş Nazirin müavini təyin edilsə də, ona qarşı tənqidi mövqeyinə görə 2015-ci ildə istefaya göndərilib. Bundan sonra Mahathir Məhəmmədin tərəfdaşına çevrilən Muhiddin Yassin yeni hökumətdə Daxili İşlər naziri vəzifəsini tutub.
Yeni Baş Nazirin Kral tərəfindən elan edilməsinə baxmayaraq, ölkənin bir sıra siyasi partiyaları təcili yığıncaqlarında buna qarşı çıxacaqlarını bildiriblər. Görüşdən sonra Mahathir Məhəmməd təşkil etdiyi mətbuat konfransında onu dəstəkləyən 115 deputatın siyahısını jurnalistlərə nümayiş etdirib və həqiqəti ali hökmdara çatdıracağını bildirib.
Mahathir Məhəmmədin namizədliyini Xalq Ədaləti Partiyasının sədri Ənvər İbrahim də dəstəkləyib.
Mütəxəssislərin rəyinə görə, Mahathir Məhəmmədin istefası ilə başlayan hökumət böhranı yəqin ki, öz həllini tezliklə tapmayacaq. Belə ki, son məlumatlara əsasən, Muhiddin Yassin parlamentin əksəriyyəti tərəfindən dəstəklənməyəcək və hətta onun yeni nazirlər təyin etmək cəhdi uğursuzluqla nəticələnəcək. Lakin böhranın aradan qaldırılması imkanı yenə də parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququna malik olan Kralın əlindədir.
Göründüyü kimi, Malayziyada yeni Baş nazir artıq and içsə belə yaxın həftədə bu ölkəni çox gərgin günlər gözləyir.