Səhərdir. Fəxri Xiyabanın qarşısında könül oxşayan canlanma var. Sinələrini Vətənimizin simvolları, dövlətimizin orden və medalları bəzəyən Qarabağ müharibəsi qaziləri və döyüşçüləri dəstə-dəstə toplaşaraq, mehribanlıqla görüşüb bir-birindən hal-əhval tuturlar.
Onların məqsədi 28 il bundan öncə yaradılmış hərbi hissənin yaranmasının ildönümü münasibətilə yenə də Vətənə, dövlətə bağlı olduqlarını, işğal altındakı torpaqlarımızın azadlığı naminə həmrəyliklərini nümayiş etdirməkdir. Müdafiə Nazirliyinin razılığı ilə keçirilən bu tədbirdə "N" saylı hərbi hissənin yarandığı gündən burada xidmət etmiş, hazırda isə ehtiyatda olan zabitlərin, gizirlərin, çavuş və əsgərlərin təşkilatçılığı diqqət çəkir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəhbərliyinin xüsusi qayğısı keçmiş döyüşçülərdə xoş ovqat yaradıb.
Tədbir iştirakçıları hərbi hissə adından öncə Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və tər çiçəklər qoymaqla öz ehtiramlarını bildirdilər. Daha sonra keçmiş döyüşçülər və qazilər Şəhidlər Xiyabanına gələrək abidə-məşəl kompleksi önünə gül çələngi qoymaqla, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canından keçmiş silahdaşlarının məzarını ziyarət etdilər. Ölkəmizin ayrı-ayrı bölgələrindən gələn vətənsevərlər arasında şəhid ailələrinin üzvləri də vardı. Cəsur döyüşçü, ehtiyatda olan baş leytenant Nizami Əhmədov 1992-ci il oktyabr ayında Vəng kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Sonda düşmənin atdığı mərminin partlaması ilə igid zabitimiz ağır yaralanıb. Onun yaralanması bizə ağır təsir bağışlamışdı. Qarabağ müharibəsi əlili Nizami Əhmədov aldığı yaradan bu gün də əziyyət çəkir. Buna baxmayaraq, vətənimizin müdafiəsi naminə, torpaqlarımızı erməni işğalından qurtarmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirir.
Şəhid məzarlarını ürək yanğısı ilə ziyarət edən ortayaşlı bir nəfər nəzərimi cəlb etdi. Əvvəl elə bildim ki, döyüşçüdür. Söhbət əsnasında məlum oldu ki, "Azərbaycan Bayrağı" ordenli, şəhid leytenant Yaşar Rəhimovun qardaşı Habil Rəhimovdur. Kürdəmir rayonundan gəldiyini bildirərək dedi: "Qardaşımın döyüşçü yoldaşlarının bir çoxu ilə xoş münasibətim var. Çünki Yaşar döyüşdə şəhid olanda onlar yanındaymışlar. Onun necə qəhrəman döyüşçü olduğunu onlardan eşitmişəm. Qardaşımın şücaəti məni sevindirir, mənə ruh verir. Söz yox ki, Yaşarı bu gün öz döyüşçü yoldaşları arasında görmək istərdik, ancaq bu ona qismət olmadı. Onu mən əvəz edirəm və hər an torpaqlarımızı yağılardan təmizləməyə, qardaşımın və bütün şəhidlərimizin qisasını almağa hazıram".
Tədbir iştirakçıları daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə gəldilər. Qazi və döyüşçülər burada hərbçilər tərəfindən ehtiramla qarşılandılar. Mərasimdə Ümumilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi hörmətlə anıldı. Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra mərasim açıq elan olundu. Ehtiyatda olan polkovnik N.Əhmədov hərbi hissə yarandığı gündən keçdiyi döyüş yolu haqda toplantı iştirakçılarına geniş məlumat verdi. Daha sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun hərbi hissənin döyüşçülərinə ünvanladığı təbriki çatdırmaq üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəis müavini, polkovnik Oruc Abdullayevə söz verildi. Müdafiə Nazirliyi rəhbərliyinin döyüşçülərə ünvanladığı təbrikdə deyilirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə bir çox uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, nəticədə 40-dan çox yaşayış məntəqəsini erməni quldurlarından azad etmişdir. Uğurlu hərbi əməliyyatların iştirakçısı olmuş bu döyüşçülərin bu gün də torpaqlarımızın azadlığı naminə həmrəy olmaları hərbçilər arasında böyük ruh yüksəkliyinə səbəb olur.
Mərasimdə "N" saylı hərbi hissədə tabor komandiri olmuş ehtiyatda olan mayor Pənah Məmmədov keçdiyi döyüş yolundan danışdı. Bildirdi ki, ilk hərbi hissə komandiri Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun komandanlığı altında Ağcakənd, Tərtər və Ağdərə rayonlarından böyük bir ərazi düşməndən azad edilmişdir. Keçmiş döyüşçü dedi ki, onun döyüşdüyü və xidmət etdiyi hərbi hissə hər zaman uğurlu döyüş əməliyyatları keçirməsilə şöhrətlənib. Azərbaycanın Milli Qəhrəmanları Şikar Şikarov, Vəzir Orucov, Yusif Mirzəyev, Kərim Kərimov və başqaları döyüşlərdə göstərdikləri şücaətlərə görə ən yüksək fəxri ada layiq görülüblər.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, ehtiyatda olan baş gizir Tapdıq İbrahimov, Qarabağ əlili Osman Şahverdiyev keçdikləri döyüş yolundan bəhs etdilər. Şəhid atası Əmirsoltan Abdullayev oğlunun şərəfili hərbi xidmətindən danışdı. Onun qısa, lakin şərəfli döyüş yolu barədə silahdaşlarının söylədikləri yüksək fikirlərlə qürur duyduğunu əlavə etdi.
Daha sonra hərbi hissənin keçdiyi döyüş yolunu əks etdirən qısametrajlı filmə baxıldı.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəhbərinin adından keçmiş döyüşçülərə və şəhid ailələrinə qiymətli hədiyyələr, təşəkkürnamələr təqdim olundu. Tədbirin sonunda Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri əsgər yeməkxanasında hərbçilərlə nahar etdilər.
Bəxtiyar ƏLİYEV