“Bu qorxunc virus dünyanı ağuşuna almağa başladığı ilk gündən Azərbaycan dövləti koronavirusla mübarizədə profilaktik və preventiv xarakteri ilə seçildi, ən optimal və effektli tədbirlər görən ölkə kimi nümunə oldu”.
Bunu 525-ə açıqlamasında Millət vəkili Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib, Prezident İlham Əliyevin uzaqgörən və siyasi iradəsi sayəsində Azərbaycan hökuməti koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri həyata keçirdi, çox ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamaları da Azərbaycanın virusa qarşı ilk gündən ən doğru mübarizə metodunu seçdiyini, eyni zamanda sosial bir dövlət olmasını dünyaya nümayiş etdirdi: “Sərəncamların imzalanması, vəsaitin ayrılması, sərhədlərin bağlanması, uçuşların dayandırılması, elektron vizaların ləğv edilməsi, məktəb və universitetlərdə tədrislərin onlayn rejiminə keçilməsi, kütləvi tədbirlərin ləğvi, xüsusi karantin rejiminin tətbiqi, ölkənin ən müasir klinikasının koronovirus infeksiyasından əziyyət çəkən insanların istifadəsinə verilməsi... Eyni zamanda Azərbaycanın bütün bölgələrində küçələrdən tutmuş, evlərə qədər hər yerdə dezinfeksiya işlərinin aparılması, müasir laboratoriyaların qurulması kimi zəruri tədbirlərin həyata keçirilməsi Prezidenti İlham Əliyevin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqi oldu”. P.Kərimzadə vurğulayıb ki, çətin bir dönəmdən keçdiyimiz bir zamanda Azərbaycan vətəndaşının həmrəyliyini daha da gücləndirdi: “Hər kəs dünyada baş verənləri müşahidə etdi və digər dövlətlərdə baş verən yoluxma, ölüm faktlarının dəhşətli mənzərəsi ilə müqayisədə Prezident İlham Əliyevin bu problemə həssas münasibəti, siyasi iradəsi sayəsində ölkəmizdə koronavirusun yayılmasının, insan tələfatının aşağı səviyyədə olduğunun şahidi oldu”.
S.QARAYEVA