“Ölkəmizdə qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı. Koronavirusla mübarizə sahəsində sistemli iş quruldu, düşünülmüş addımlar atıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Ölkəmizdə koronavirusla bağlı həyata keçirilən tədbirlər nəticəsində biz bu pandemiyadan minimum itkilərlə çıxa biləcəyik. Artıq Azərbaycanın təcrübəsi digər dövlətlər tərədindən də öyrənilir. Prezident İlham Əliyevin burada söylədiyi “Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” fikiri Azərbaycan xalqına verilən dəyərin göstəricisidir”.
Bunu 525-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Ş.İsmayılovun sözlərinə görə, Azərbaycan xalqı əmindir ki, Azərbaycan hökuməti bundan sonrakı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ən düzgün qərarları verəcək:
"Prezidentin də dediyi kimi, əsas məsələ vətəndaşların sağlamlığı, onların həyatıdır. Mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli istiqamətində dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir, onların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Vətəndaşların qayğıları daim dövlətin diqqətindədir”.
S.QARAYEVA