1967-ci ildən etibarən H.K.Andersenin doğum günü, yəni 2 aprel tarixi Beynəlxalq Uşaq Kitabı Şurasının təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaranıb.
Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) qurucusu Jella Lepman kitabların insanlar arasında anlaşma və sülh körpüləri qura biləcəyinə inanırdı. Bu güclü inanca görə kitablar vasitəsi ilə uşaqları bir araya gətirən beynəlxalq bir təşkilat olaraq IBBY-ni yaratdı. Müharibədən sonra gördüyü alman uşaqlarının nəinki qida, dərman, paltar və ya sığınacaq, həm də kitablara ehtiyacı olduğuna inandığı üçün bunu etdi.
Andersen Qızıl medalı qazanan uşaq əsərləri hər bir uşağın ən yaxşı ədəbiyyata - həyat həqiqətlərini izah edən gözəl yazılmış və təsvir olunmuş kitablara giriş əldə etməsidir. Yella Lepman deyirdi ki, bizə pəncərələri olan kitablar lazımdır - dünyaya açılan və digər insanların necə yaşadıqlarını, bizimlə eyni insani hiss və duyğulara sahib olduqlarını bildirən pəncərəli kitablar.
F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində müxtəlif tədbirlər həyata keçirir. “Evdəqal” layihəsinə start verib, “Evdə qal, tək darıxma! Bil ki, nağıllarlasan. Hər nağıl bir günəşdir, Otağında parlasın” layihəsi ilə uşaqların vaxtlarının səmərəli keçməsinə şərait yaradıb. Layihə çərçivəsində uşaq yazarları evdə qalmaqla öz oxucularına nağıl, hekayə, şeir və.s təqdim edirlər.
Bundan başqa Kitabxananın www.clb.az internet ünvanında oxuculara onlayn xidmət və digər xidmətlər haqqında geniş məlumatlar var. Belə tədbirlərin keçirilməsində əsas məqsəd, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın virtual oxucularına xidmət göstərməkdir.
Kitabxananın virtual xidmətindən təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı uşaqlar da bəhrələnirlər. Gün ərzində 1000-ə yaxın virtual oxucu kitabxananın sosial şəbəkələrdə olan xidmətlərindən istifadə edir. Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) Azərbaycanın Milli Bölməsi olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətini Twitter sosial səhifəsində bəyənib, dəstəkləyib və izləyiciləri arasında paylaşıb.