|
|
|
|
Rey KƏRİMOĞLU
Nə hansısa bədii əsərlə, nə də filmlə müharibənin dəhşətini, ağrı-acısını, təfsilatını tam vermək olmur. Açığı, bu, çox çətin məsələdir. Adətən, yalnız musiqi ilə o da müharibənin ümumi kədərini, hüznünü vermək olur. Amma elə əsərlər, filmlər var ki, onlar bu məqsədə çox yaxın olurlar. Məncə, "Dolu" bu baxımdan ən uğurlu sənət işidir. Əlbəttə "Dolu" "Şillerin siyahısı", "Pianoçu", "Baharın 17-ci anı", "Hərb və sülh " deyil, amma mövcud şəraiti, imkanları nəzərə alanda hədəf dəyən filmdir. Kənardan durub ortalığa çıxan istənilən işə ağız büzmək, qulp qoymaq asandır, adama deyərlər ki, şou-biznesin at oynatdığı, dəyərlərin, ölçülərin itdiyi bir zamanda kişisən çıx ortalığa və Qarabağla bağlı nəysə elə, tamaşaçıya sevdir! Belə bir məqamda bu ikiqat çətin məsələdir. Aqil Abbas həm romanda, həm də filmdə bu işin öhdəsindən gəlib. Düzdür, film həm də rejissorun və filmin kollektivinin əməyinin bəhrəsidir, ancaq bilirik ki, Aqil Abbasın da bu işdə xeyli əməyi olub.
Əslində, Qarabağ savaşının yaratdığı dəhşətlər fonunda bu da bizim müharibəyə baxışımızdır. Özü də ədalətli baxışımızdır, düşünürəm. "Dolu"nu oxuyanda da, filmə baxanda da elə məqamlar olurdu ki, özümü orada görürdüm. Sanki yenə də yanımda kimlərsə yaralanırdı, şəhid olurdu. Bəzən yaralarım sızıldayırdı...Bu da müəllifin özünün müharibənin acısını birbaşa yaşamasından, onun içindən keçməsindən irəli gələn məsələdir. Əsərdəki qəhrəmanlar ümumidir, amma həm də konkret şəxslərin xarakterləri var onlarda.
Heç kəsə sirr deyil ki, hadisələr Ağdamda cərəyan edir. Ancaq bütün Qarabağ rayonlarında baş verən hadisələrin detalları var orada. Müharibə görmüş neçə-neçə ağdamlı, cəbrayıllı, laçınlı, şuşalı, qazaxlı, şəkili, bakılı, naxçıvanlı döyüşçü gördüm, deyirlər ki, Aqil Abbasın yazdıqları onların batalyonunda olub, "Pələng", "Drakon" da onların yanında şəhid olub! Bəli, onlar düz deyir, çünki müəllifin o qəhrəmanları realdır, uydurma heç nə yoxdur. Və hər döyüşçü bu hadisələrin şahidi olub.
Bu filmlə bağlı çox rəylər verilib, əksəriyyəti də müsbət olub. Amma bəyənməyənlərin bir məqamı vurğulamasına diqqət çəkmək istəyirəm. Pələngin ölüm səhnəsi, bir əsgərimizin şəhid olan an dediyi son sözlər:
- Drakon, mən qız görmədim!
Bəziləri bu səhnəni anlamadıqlarını deyirlər. Tamam, başa düşüləndir, kiməsə çatmaya bilər bu səhnə, lakin bu həqiqəti əks etdirir, realdır. Özüm 3 nəfərlə düşmən arxasında yaralanmışam. Döyüşçü dostlarım Xalidlə Azad da yaralı olmaqlarına baxmayaraq, məni düşmənin içindən çıxarıblar. Nələr danışmamışam, nələr dilə gətirməmişəm o halsız vaxtımda? İndi də uşaqlar arada bunu deyib kədərlənir, bəzən də gülürlər...
Aqil Abbasın "Dolu"su digər döyüşçülər kimi, mənim də yanımda baş verənləri əks etdirir.
lll
1992-ci il, mayın 15-də şəhid olan 19 yaşlı Sənan Rüstəmov da "Pələng" idi...
Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin çırpındığı aydınca görünür. Tozla qan qarışıq "palçığa" bulaşmış ürəyi hələ də döyünür...
Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Artıq nə mənası var...
Çox gənc olmasına baxmayaraq, Sənanla dəfələrlə dərdləşmişdim. Keçmişindən çox danışmışdı. On doqquz yaşlı gəncin keçmişindən nə qədər danışmaq olarsa... Həzin və şirin səsi vardı Sənanın. Təbi gələndə bir də görürdün avtomatını tar kimi sinəsinə çarpazlayıb oxuyur... Ən çox da "Qarabağın maralı"nı oxuyurdu. Bilirdim ki, sevdiyi var. Hərdən özü söz salardı ondan, arada soruşurdum ki, kimdir sevdiyin? Cavab verməzdi, yayınardı cavabdan. Cəmi bir gün əvvəl bunları demişdi mənə:
- Qaqa, saa deyəjəm! Amma heç kimə demə ha! Papam bilsə...
Amma yenə demədi. Vədinə əməl etmək qismət olmadı.
İndi gözəl bir yaz günündə, təbiətin ən füsunkar çağında, insanın qanının qaynadığı, yaşamaq eşqinin artdığı bir vaxtda bu sevdalı gənc oğlan qollarım arasında can verirdi.
Heyf! Onda sevdiyi qızın adını təkidlə soruşmadığıma peşman idim. Amma gec idi, çox gec... Çünki indi o, ruhu Tanrı dərgahına hazırlaşan bir yaralıydı...
Gözlərindən yaş axmağa başladı. Göz yaşları barıt tüstüsünə, palçığa və qana batmış sifətindən çənəsinə doğru iki çığır açdı.
lll
Film bütövlükdə müharibənin dəhşətini, ağır-acısını Azərbaycanın haqlı mövqedə olduğunu əks etdirir. Xırda nöqsanları nəzərə almasaq, məncə, əsərdə yeganə çatışmayan məqam onun bəzi məqamlarının informasiyalı oxucu, tamaşaçı üçün yazılması və çəkilməsidir. 1988-1993-cü illərdə Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda baş verənləri bilmədən o romanı, filmi tam anlamaq bir qədər çətin olacaq.
Filmin musiqisi çox uğurlu alınıb! Bu musiqi filmi tamamlayır, elə bil müharibənin sızıltısıdır...
Aqil Abbas başda olmaqla bütün yaradıcı heyətə uğurlar arzulayıram.