|
|
|
|
Daha bir qazimiz də yenildi. 56 yaşında. 20 il idi ki, mücadilə aparırdı. 20 il idi düşmən gülləsinin bədənində açdığı yaralarla... çarpayısının yanında duran əlarabası ,qoltuqağacları ilə və bir də sözünə baxmayan, “yer tutmayan” ayaqları ilə savaşırdı. Təkcə bunlarlamı?...
Bu yazı Qarabağ döyüşçüsü qazi- Elmar İsmayılovun əziz xatirəsinə ithaf olunur.
Şəhər həmin şəhərdi, bir az görkəmi dəyişilib...
Küçələr həmin küçələrdir, küçələrdən ötüb keçənlərin sayı artıb deyəsən; təkcə sayı artmayıb, şəhərə baxışları da, insanlara baxışları da əvvəlki baxışlar deyil...
I Savaş: Vətən uğrunda mücadilə və ya...barıt qoxusu
... Onları vurmuşdular – mənim,sənin, bizim düşmənlərimiz. Kimini başından, kimini ayağından .
Kimi gözünü itirmişdi, kimi əlini, kimi də ayağını...
Bu qara eynəkli, əlsiz, ayaqsız, üzü-gözü tanınmaz hala düşmüş gənclər –bizim övladlardır –yurdumun övladlarıdır. Elə Şuşasız, Füzulisiz, Ağdamsız Azərbaycan kimi...
Vaxt vardı onlara hər yerdə rast gələrdik. Və hər dəfə yanlarından ötüb keçmək istədiyimiz bu cavanların canına, qanına hopmuş barıt qoxusu tutub saxlardı bizi. O qoxu ömür cığırdaşıydı onların. Onlara baxıb cavanlığımızdan, gəncliyimizdən utanardıq (Utanardıqmı ?) O dönəm o günlər üçün bəlkə də çox idilər onlar. Elə bil azalıblar indi. Nədənsə heç gözə də dəymirlər- bu qara eynəkli,əlsiz, ayaqsız yurdumun övladları. O oğullar ki, vətənin səsinə öz ürəklərinin izniylə səs verib, ölümə gedənlərdən idilər... Çağırılmışlardan idilər-onlar...
Yola salanda “ Vətən oğlulları” dedik, geri dönərkən “Əlil” qoyduq adlarını.
Onları vurmuşdular... mənim, sənin, bizim düşmənlərimiz vurmuşdu...
II Savaş: Sağlamlıq uğrunda mücadilə və ya... dərman qoxusu
Bu onların artıq ikinci savaşı idi- sağlıqları, daha doğrusu canları uğrunda apardıqları savaş.
... Gözlərində boz-bulanıq cəbhə yolları qıvrılan bu gənclərin indi üst-başından dava-dərman qoxusu gəlirdi. Onlara dikilən baxışlar biganə olsaydı nə dərdləri- o baxışlarda nəsə bir kinayə, nəsə bir laqeydlik var elə bil.
Mənim, sənin, bizim baxışlarımızdı- o baxışlar.
Onlarsa xatirələrində o qanlı qadalı illərin hekayəsi, qoltuq ağaclarının köməkliyi ilə qan sızan yaddaşının əlindən tutub xəstəxana dəhlizlərində gəzişir, həkim növbəsində insafsızcasına ötüşən zamanın ayağından yapışmaq istəyirlər, sanki...
Tələsir, tələsir, tələsirlər. Müavinətlərini almağa tələsirlər. Və alan kimi də protez ustalarına tanış tapmağa tələsirlər-köhnələrini ucuz yolla təmin etsinlər deyə...Əslində boyat və bir parça çörəklə də qarınları doyar, nimdaş üst başla da keçinərlər... Təki ayaqda dura bilsinlər. ..
Sonacan dura biləcəklərmi?...
Onları vurmuşdular...
III Savaş: Yaşamaq uğrunda mücadilə və ya...ölüm qoxusu
...mənim, sənin, bizim düşmənlərimiz vurmuşdu onları.
O zaman çox idilər, indi azalıblar.
Silahları yoxdu. Vəsiqələri açılıb örtülməkdən rəngini itirib. Qan sızan xatirələri çoxumuza heç maraqlı da deyil. Bəzən səbrimiz də çatmır dinləyək – onları...
Kimisi yorulub,əldən düşüb, yataq xəstəsidi. Kimisi ölümü ilə qol-boyun, kimisi ölümün gözlərindən yayına bilir hələ ki ... Bu onların üçüncü, sonuncu savaşıdır. İstəkləri sadəcə yaşamaq!!! Adidən də adi bir yaşam uğrunda savaşmaqdı əslində.
Amma onların baxışlarında bir vida səksəkəsi uçunur indi. Qələbə gününü görə bilməmək səksəkəsidi bu. Bir vaxtlar bu baxışlarda yanan sevginin közündən səngərlərdə ocaqlar çatılırdı. O ocaqların istisi qışın sazağını çilikləyirdi...
Dayanın, durun arxadaşlar! Baxın onlara- fəqirlik, aclıq, xəstəlik var yanlarında. Fəqət üzlərində bir məğrurluq ,gözlərində məsumluq, uşaqlıq illərinin saflığı qaynayır hələ də...
Tanıyın siz də onları.
Mənim, sənin, bizim gələcəyimiz uğrunda gəncliklərini, sağlamlıqlarını itirən bu adsız qəhrəmanları siz də tanıyın və unutmayın ki, arzularını, ümidlərini və inamlarını yaraladığımız bu oğulları indi biz vururuq! Özü də ürəklərindən!
Son
Ölümü seçənlər şəhidliyi seçir. Bəs olumu seçənlər? Şəhidliyi seçən millət yaşam qazanır. Tarixin əski qatlarında canım millətim şəhidliyini seçib qılınc qurşayırdı.Qılınc qurşayıb şəhidliyinə büründüyü üçün də Gündoğandan Günbatana hökmü keçirdi...
“Ya azadlıq ,ya ölüm” seçimində ölümü seçdik, azadlığa qovuşduq...
Şəhidliyi seçib qaziliyə qovuşa bildikmi?