Avqustun 26-da Ədliyyə Nazirliyi tərəfindən "Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası, Probasiya Xidmətinin fəaliyyəti" mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.
İctimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov, Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə Xidmətin əsas fəaliyyət istiqamətləri və onun təşkili barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin strukturunda Probasiya Xidməti yaradılıb və bu yeni təsisat həmin ilin dekabrın 1-dən rəsmi fəaliyyətə başlayıb. Probasiya Xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını və həmin cəzalara məhkum edilmiş, habelə şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, eləcə də cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirərək həmin şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikasını aparır.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması ilə bağlı müvafiq tapşırıq verilib. Həmin Sərəncamın icrası çərçivəsində 2018-ci ilin mayından ölkəmizdə cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Bu nəzarət vasitələri məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunub, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir. Əsas yeniliklərdən biri azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının bilavasitə elektron nəzarət vasitələri tətbiq edilməklə həyata keçirilməsidir. Bu cəza növündə məhkumun müəyyən məhdudiyyətlər çərçivəsində sərbəst hərəkət etmək hüququ vardır.
Nəzərə çatdırılıb ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumların izlənilməsi Probasiya Xidmətinin Monitorinq Mərkəzində 24 saat ərzində fasiləsiz həyata keçirilir. Məhkumlara tətbiq edilən elektron nəzarət vasitələrinin komplekti üç hissədən ibarətdir. Bunlar mobil nəzarət qurğusu, elektron qolbaq və ev siqnal ötürücüsüdür. Mobil nəzarət qurğusu məhkumun yaddaş kitabçası rolunu oynayır və elektron qolbaqdan daxil olan məlumatları "ŞANS" Elektron Monitorinq Sisteminə ötürür. Elektron qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kəmər vasitəsilə bağlanır və məhkumun yer dəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür. Ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq iki, üç və daha artıq sayda quraşdırılır.
Onlayn ictimai müzakirədə, elektron nəzarət vasitələri əyani nümayiş etdirilib, bu avadanlığın tətbiqi təcrübəsindən danışılıb, sosial şəbəkə istifadəçilərinin suallarına aydınlıq gətirilib.