Serbiya prezidenti Aleksandr Vuçiç və Belqrad tərəfindən müstəqilliyi tanınmayan Kosovanın Baş naziri Abdulah Hotinin Vaşinqtonda apardıqları danışıqların Balkanlarda "əbədi" sülhün yaranmasına səbəb olacağı düşünülür. Serbiya və Kosova liderlərinin Vaşinqtonda bir araya gəlməyə razılıq vermələri iyun ayında aparılan danışıqlar zamanı əldə olunmuşdu.
Məlum olduğu kimi, Kosova 2008-ci ildə Serbiyanın tərkibindən çıxdığını və müstəqilliyini elan edib. Ötən 12 ildə Kosovanın müstəqilliyi əksər Avropa dövlətləri, ABŞ, Avstraliya və Yeni Zelandiya, eləcə də ərəb ölkələri və əksər islam dövlətləri tərəfindən tanınıb. Ümumiyyətlə, 100-dən artıq dövlət Kosovanın müstəqilliyini tanıyıb. Serbiya, Rusiya, Çin, Hindistan, İsrail və 60-dan çox ölkə Kosovanın müstəqilliyinin tanınmasına qarşıdır. Kosovanın öz müstəqilliyini elan etdiyi 2008-ci ildən ötən 12 ildə bu məsələni həll etmək mümkün olmayıb. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - ABŞ, Böyük Britaniya və Fransa Kosovanın müstəqilliyinin tanınmasında təkid etdikləri halda, Təhlükəsizlik Şurasının digər iki daimi üzvü - Rusiya və Çin qətiyyətlə buna qarşı çıxır. Məhz bu məqam Kosovanın BMT-nin tamhüquqlu üzvü olmasına imkan vermir. Bundan başqa, son illər Kosovanın beynəlxalq aləmdə mövqelərinin zəifləməsi müşahidə olunur. Bunun səbəbi Kosova Azadlıq Ordusu üzvlərinin narkotik ticarəti, adam qaçırma və qətl kimi ağır cinayətlərdə iştirak etdikləri haqqında məlmatların tədricən öz təsdiqini tapmasıdır.
Kosovanın bundan əvvəlki danışıqlardan imtina etməsinin əsas səbəbi prezident Haşim Taci başda olmaqla Kosova Azadlıq Ordusunun 8 nəfər yüksək rütbəli şəxsinə qarşı ağır ittihamlar irəli sürülməsi idi. Prezident Haşim Taci 100 nəfərdən çox şəxsin ölümündə, siyasi rəqiblərini təqib etməkdə və digər ağır cinayətlərdə ittiham olunur. Prezident Haşim Taci özü qətiyyətlə bu ittihamları rədd edir və yalnız siyasi səhvlərə yol verdiyini etiraf edir. Kosova Azadlıq Ordusunun qurucularından və lideri olan Haşim Tacinin və silahdaşlarının beynəlxalq tribunal tərəfindən ittiham olunduğu bir zamanda Kosova ilə Serbiya arasında diplomatik danışıqlar təşkil etmək çox çətin idi. Ancaq dünyada və Avropada baş verən proseslər Serbiya və Kosovanı Vaşinqtonda danışıqlar aparmağa razı olmağa vadar edir. Məlum olduğu kimi, koronavirus pandemiyasının təsiri altında dünya iqtisadiyyatında ciddi geriləmə baş verib. Bunun nəticəsində həm Kosova, həm də Serbiya ənənəvi müttəfiqlərinin dəstəklərindən məhrum olublar. Kənar dəstəyin azalması isə onları danışıqlar aparmağa razı salan əsas amilə çevrilib. Belə bir zamanda Vaşinqtonun hər iki tərəfə diplomatik təzyiqləri, nəhayət ki, onlar arasında danışıqları təmin edib. Vaşinqtondan yayılan son məlumatlara görə, tərəflər iqtisadi münasibətləri tənzimləyən sazişi imzalamağa hazırdır. Doğrudur, hələlik tərəflər arasında siyasi, xüsusilə də Kosovanın müstəqilliyi ilə bağlı məsələ ətrafında fikir ayrılıqları qalmaqdadır. Kosova müstəqillikdən imtina etmək niyyətində olmadığı kimi, Serbiya da keçmiş əyalətin müstəqilliyini tanımaq niyyətində deyil.
Vaşinqtonda isə hesab edirlər ki, Serbiya və Kosova arasında iqtisadi münasibətlərin yaranması iki toplum arasında müharibə yaralarının zamanla sağalmasına və Balkanlarda əbədi sülhün yaranmasına səbəb olacaq.
Serbiya və Kosova arasında anlaşmanın əldə edilməsinin əbədi sülhə gətirib çıxaracağı şübhəli görünsə də, Vaşinqtonda belə bir anlaşmanın imzalanması seçki ərəfəsində prezident Donald Trampın mövqelərini gücləndirə bilər. İqtisadi vəziyyətin pisləşməsi səbəbindən mövqeləri əsaslı şəkildə zəifləyən Donald Tramp seçkilərə iki aydan az vaxt qaldığı bir zamanda məhz belə məsələlərlə öz mövqelərini gücləndirmiş olar. İstisna deyil ki, Donald Trampın yenidən dövlət başçısı olmasında maraqlı olan Rusiya da Serbiyanın Vaşinqton anlaşmasını imzalaması üçün gizli diplomatik cəhdlər edib. Aydın görünür ki, serb və alban xalqlarının maraqlarına xidmət etməli olan anlaşma böyük dövlətlərin öz maraqlarını təmin etmək vasitəsinə çevrilib.