“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yeni layihəyə start verir”.
Bunu onlayn mətbuat konfransında AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl deyib. O, bildirib ki, layihə Azərbaycanda nümunəvi biznesin yaradılmasını özündə birləşdirir:
“Bununla da onların rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində beynəlxalq standartlara cavab verilməsi təşkil edilir. Bununla yanaşı sahibkarların əhaliyə tam və təhlükəsizlik qida təmin etməsi üçün imkanlar genişləndirilir. Bura avadanlıqlar, eyni zamanda obyektin texniki baxımdan saz vəziyyətə gətirilməsi daxildir”.
O. Mikayıl layihədə iştirak edən sahibkarlıq subyektlərində müvafiq qiymətləndirmə aparıldığını vurğulayıb:
“Eyni zamanda lazımı təşkilati və texniki dəstəyi göstərəcəyik. Layihə dövlət qurumlarının vəsaiti hesabına icra olunacaq”.
AQTA-nın təşəbbüsü ilə reallaşacaq layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.