"Stratfor" analitik mərkəzi 2014-cü ildə dünya miqyasında əsas trendlərin təhlilini verib və həmin əsasda proqnozlar irəli sürüb. Biz bu yazıda həmin məruzədə postsovet məkanına aid olan müddəalara diqqət yetirmişik. Bununla yanaşı, Rusiya KİV-də yer almış bəzi proqnozlarla müqayisə aparmışıq. Onların harada kəsişdiyi və ya ziddiyyət təşkil etdiyi üzərində düşünmək maraqlı görünür. Bütövlükdə isə dünyanın böyük dövlətlərinin 2014-cü ildə geosiyasi fəaliyyəti haqqında ümumi təsəvvür əldə etmək şansı yaranır.
Postsovet məkanında geosiyasi fəallığın üç istiqaməti
ABŞ-ın "Stratfor" analitik mərkəzinin qlobal geosiyasətlə əlaqəli apardığı təhlillər həmişə maraq doğurur. Qurucusu tanınmış analitik və strateq Corc Fridman olan həmin təşkilat 2014-cü ildə postsovet məkanında böyük dövlətlərin geosiyasi mübarizəsi haqqında məruzə hazırlayıb (bax: 2014 Annual Forecast Preview / "Stratfor.com", 30 dekabr 2013). Orada təhlillə yanaşı, müəyyən proqnozlar da yer alıb. İrəli sürülən fikirlər bir neçə aspektdə maraq doğurur. Təbii ki, məruzədə ifadə edilən tezisləri tam həqiqət kimi qəbul etmək doğru deyil. Lakin dünyanın aparıcı bir "beyin mərkəzi"nin hansı məqamlara üstünlük verdiyini nəzərə almağın faydası ola biləcəyini düşünürük.
Əvvəlcədən vurğulayaq ki, məruzədə postsovet məkanında geosiyasi proseslərin gərgin keçəcəyi ayrıca qeyd edilir. Bunun özünü üç əsas istiqamətdə göstərəcəyi proqnozlaşdırılır. Birincisi, Ukrayna. İkincisi, Cənubi Qafqaz. Üçüncüsü, Mərkəzi Asiya. Ancaq proseslərin gedişatı hər bir istiqamətdə özünəməxsus şəkil alacaq. Ukraynada ümumi mənzərəni müəyyən edən faktor Cənubi Qafqazda işlək olmaya bilər, Mərkəzi Asiyada isə tamamilə fərqli amil həlledici rol oynayar.
"Stratfor"un bu yanaşması onu göstərir ki, postsovet məkanında geosiyasi mənzərə faktiki olaraq diferensiasiyaya uğrayır. Onun mühüm əlamətlərindən biri ondan ibarətdir ki, həmin məkanda olan dövlətlərin hamısını eyni qəlibə salmaq doğru olmazdı. Onların konkret xüsusiyyətləri, fərqli cəhətləri vardır. Məhz bu məqamdan istifadə edərək postsovet məkanının ölkələri istiqamətində siyasət yeritmək mümkündür.
Qəribədir ki, Qərbin siyasi şüurunda mövcud olan bu həqiqət hələlik praktiki siyasətdə öz yerini tapmayıb. Belə çıxır ki, "Stratfor" ya ziddiyyətli analizlər aparır, ya da artıq ABŞ-ın siyasi şüurunda bir-biri ilə uzlaşmayan məqamlar çoxalır. Hər iki halda ortada kifayət qədər düşündürücü mənzərə mövcuddur. Ona görə də yuxarıda qeyd edilən istiqamətlər barədə analitik mərkəzin proqnozları üzərində konkret dayanmağa ehtiyac görürük.
Məruzədə Ukrayna Avropa ilə Rusiya arasındakı münasibətlərin əsas barometri kimi təqdim edilir. 2014-cü ildə bu geosiyasi qüvvələr arasında Kiyev uğrunda savaşın gərginləşəcəyi gözlənilir. Belə vəziyyət bütövlükdə Ukraynanın daxili siyasi mənzərəsinə qeyri-sabitlik gətirər. İqtidar-müxalifət qarşıdurması tərəflərdən birinin müvəqqəti üstünlüyü ilə davam edə bilər. Ancaq ümumi səviyyədə 2014-cü ildə Ukrayna, əsasən, Rusiyanın təsiri altında qalmaqda davam edəcək. Avropa Moskva ilə münaqişəyə girməyi, onunla dil tapmaq taktikası ilə əvəz edə bilər. Müəyyən məsələlərdə Brüssel güzəştə getməyə hazır olar. Hətta konkret münaqişələrin həllində Berlin Kremllə əməkdaşlıq edə bilər.
Ceymstaun Fondunun prezidenti Qlen Hovardın fikrinə görə, "Moskva yaxın perspektivdə Ukraynanın seçdiyi taktikanı müdafiə edəcək. Bu, Ukraynanın tam ələ alınması və Gömrük İttifaqının dirçəldilməsinədək davam edə bilər" (bax: Stratfor: 2014 год станет для России критическим / "Голос Америки", 7 yanvar 2014). Bununla yanaşı, ekspert vurğulayır ki, Belarus və Qazaxıstanın Gömrük İttifaqı ilə bağlı fikirlərində tərəddüdlər hiss edilir. Digər məqam Rusiyanın daxilində Ukraynaya böyük miqdarda vəsait ayrılmasına qarşı çıxanların mövcudluğu ilə bağlıdır. Onda belə nəticə almaq olar ki, Rusiyanın Ukrayna siyasətində ziddiyyətlər meydana gələ bilər və proseslərin məzmunu dəyişər.
Məsələnin bu tərəfi Avropa İttifaqının Ukrayna siyasəti aspektində də düşündürücüdür. Belə ki, nədənsə, Brüssel Kremlin Kiyevə himayədarlıq etməsinə xeyli loyal yanaşır. Doğrudur, "Stratfor" problemin bu tərəfinə diqqət yetirmir. Bizim fikrimizcə, Avropa Rusiyanın maliyyə çətinlikləri ilə qarşılaşa biləcəyini proqnozlaşdırır. Rusiya iqtisadiyyatının eyni vaxtda Ukrayna, Ermənistan, Qırğızıstan və Tacikistan yükünü daşıya biləcəyinə inanmırlar. Sözün həqiqi mənasında, Moskva üçün həmin aspektdə 2014-cü il ağır il ola bilər. Bu prizmadan Cənubi Qafqazda proseslərin inkişaf ssenariləri üzərində dayanmaq maraqlı olardı.
Cənubi Qafqaz "piroqu": kimin hansı paya iddiası var?
"Stratfor"un mövqeyinə görə, "Ermənistanın geosiyasi alternativliyinə son qoyulub". Rəsmi İrəvanın Moskvanın cəngindən qurtarmaq şansını həmin analitik qurum minimum qiymətləndirir. Onu vurğulayaq ki, rusiyalı ekspertlər də eyni mövqedədirlər (bax: Иван Лизан. Закавказье-2013: Итоги евразийской интеграции / "Однако" analitik-informasiya portalı, 7 yanvar 2014).
İ.Lizan "erməni çoxvektorluğu"nun sonunun gəldiyini vurğulayır. Hesab edir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqinə çevrilib. Maraqlısı odur ki, rusiyalı ekspert bu vəziyyətin dəyişə biləcəyinə ehtimal vermir. Bu aspektdə "Stratfor"la rusiyalı təhlilçilərin mövqeyi üst-üstə düşür. Görünür, yaxın perspektivdə Ermənistanın öz mövqeyində köklü dəyişiklik edə biləcəyi ehtimal edilmir. Regionun geosiyasi dinamikasına bu faktorun təsirini nəzərə almamaq olmaz.
Gürcüstan üçün Avropa seçimi Ermənistanın mövqeyi ucbatından bir qədər çətinləşir. Lakin "Stratfor" hesab edir ki, Tbilisinin seçim etmək imkanı Kiyevdən daha yaxşıdır. Bu səbəbdən Şərqi Avropada Moldova, Cənubi Qafqazda isə Gürcüstan Qərb-Rusiya qarşıdurmasının əsas məkanları ola bilər. Moskva bu ölkələrə müxtəlif sahələr üzrə təzyiqlərini gücləndirər. Buradan belə qənaət əldə etmək mümkündür ki, 2014-cü ildə Gürcüstanda sosial-siyasi və iqtisadi vəziyyətin sabitləşəcəyinə inanmaq çətindir.
Rusiyalı ekspertlər məsələnin bu tərəfinə daha çox diqqət yetirirlər. "Gürcüstanda hakimiyyət dəyişikliyinin baş verməsinə baxmayaraq, ölkə Avrasiya inteqrasiyası üçün itirilmişdir" (bax: əvvəlki mənbəyə). Həmin səbəbdən Gürcüstanı bundan sonra da iqtisadi tənəzzül gözləyir.
Ekspertin bu cür fikirləri ortaya atması onu göstərir ki, bu il də Tbilisiyə şimaldan təzyiqlər davam edəcək. Həmin kontekstdə İrəvanın Abxaziya dəmiryolu xəttinin açılmasına ümid bəsləməsi düşündürücü görünür. Onun fonunda isə Bakı-Tbilisi-Qars layihəsinin taleyi maraq doğurur. Hər bir halda, Moskvanın Ermənistan faktorundan Gürcüstana təzyiq vasitəsi kimi istifadə edə biləcəyi tezisi üzərində dayanmaq lazım gəlir. Bununla da Cənubi Qafqazda geosiyasi aspektdə ciddi problemləri olan iki dövlətin mövcud olduğunu deyə bilərik.
Belə bir vəziyyətin fonunda Azərbaycan məsələsi böyük maraq doğurur. Çünki məhz bu ölkə Cənubi Qafqazın aparıcı dövlətidir. Onun iqtisadi imkanları genişdir, geosiyasi mövqeyi isə daha da güclənir. Bütün bunlar "Stratfor"un Azərbaycanla bağlı proqnozlarında ehtiyatlı davranmasına səbəb olub. Qurum Azərbaycanı İran və Türkiyənin regionda geosiyasi nüfuzunu artırmaq müstəvisində nəzərdən keçirib.
Ümumən, ekspertlər Ankara və Tehranın Bakı uğrunda mübarizə aparacağını vurğulayırlar. Burada əsas məsələnin Dağlıq Qarabağ probleminin həllindən asılı olacağını deyirlər. Həmin kontekstdə də Moskvanın qarşısında çətin bir işin durduğunu qeyd edirlər.
Bunların fonunda rusiyalı analitiklərin Azərbaycanı regionda "qatı anti-Avrasiya inteqrasiyaçısı" kimi qələmə verməsi təəccüblü görünür (bax: əvvəlki mənbəyə). Bu tezisi həqiqət kimi qəbul edərək belə nəticə çıxarırlar ki, Rusiya Azərbaycanı "yola gətirmək" üçün 2014-cü ildə yeni üsullardan istifadə edə bilər.
Heç şübhəsiz ki, bu cür fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur. Həqiqətdə isə, birincisi, Azərbaycanla Rusiya arasında əlaqələr yüksək səviyyədədir və o, inkişaf edir. İkincisi, Bakının hansısa ittifaqa üzv olmaq planı yoxdur. O, Avropa İttifaqının assosiativ üzvü olmağa hazırlaşmır, lakin MDB-yə daxildir. Bu çərçivədə təşkilatın bütün üzvləri ilə geniş əməkdaşlıq edir. Bunlar varsa, Azərbaycanı hansısa ittifaqa daxil olub-olmamaqda ittiham etməyin heç bir real əsası yoxdur. Əslində, bu kimi məqamlar yalnız bir şeyi təsdiq edir: Azərbaycan müstəqil siyasət yeridir və bu kimlərisə qane etmir.
Belə görünür ki, "Stratfor"un məruzəsində bir sıra məqamlar şişirdilib. Bütövlükdə isə orada düşündürücü aspektlər kifayət qədərdir. Ayrıca, Cənubi Qafqazın böyük dövlətlərin gərgin mübarizə meydanına çevrilməsi ehtimalının artdığı qənaəti alınır. Həmin mənada bu il regionda bir sıra taleyüklü geosiyasi proseslərin baş verə biləcəyi gözlənilir.
Newtimes.az