Son zamanlar Yaxın Şərqdə məzhəb fərqliliyinə görə ölkələrin qruplaşmağa başladığı haqqında informasiyalar yayılır. İraqda isə hətta sünnilərlə şiələrin savaşa başladığını yazırlar. Bütövlükdə müsəlman dünyası üçün təhlükəli səslənən bu iddialar nə dərəcədə əsaslıdır? Proseslər bu istiqamətdə davam etsə, hansı mümkün nəticələr verə bilər?
Məzhəbçilik: geosiyasi oyunda yeni faktor?
"Ərəb baharı" prosesinin məzmununun ziddiyyətli olduğu haqqında analitiklər dəfələrlə fikir söyləyiblər. Bu hadisənin Yaxın Şərqin geosiyasi, siyasi və iqtisadi mənzərəsi ilə yanaşı, mənəvi-ideoloji dinamikasını da dəyişəcəyi proqnozlaşdırılırdı. İndi həmin regionda cərəyan edən proseslər kifayət qədər təhlükəli tendensiyaların meydana gəldiyini sübut edir. Demək olar ki, onlar kompleks xarakter daşıyır və təhlükəli məqamlara malikdirlər.
Hər şeydən əvvəl, məzhəb ayrı-seçkiliyinin getdikcə daha geniş və dərin səviyyələrdə siyasi-ideoloji qarşıdurmalara yol açmasını vurğulamaq istərdik. Artıq həmin əsasda geosiyasi qruplaşmaların formalaşdırıldığından yazırlar. Ekspertlər bunu real mövcud olan fakt kimi təqdim edirlər. Bütün Yaxın Şərq regionu üzrə şiə və sünni məzhəbinə görə ölkələrin alyanslar təşkil etməyə başladığını irəli sürürlər. Doğrudan da prosesin məzmunu kifayət qədər düşündürücü məqamların ortaya çıxdığını göstərir.
Əvvəlcə onu demək lazımdır ki, böyük dövlətlərin Yaxın Şərq uğrunda geosiyasi mübarizəsi məzmunca yeni səviyyəyə qalxıb. Artıq Rusiya və Çin orada daha təsirli rol oynamağa başlayıblar. Moskva xeyli fəal görünür. Kremlin İran, Suriya, İraq, Misir, İsrail və Səudiyyə Ərəbistanı ilə hərbi-iqtisadi əməkdaşlığı genişləndirdiyi haqqında informasiyalar yayılır (bax: Владимир Мухин. Москва готовит средневосточный плацдарм / "Независимая газета", 15 yanvar 2013). Xüsusilə, İran və Misir istiqamətində daha çox fəallıq hiss edilir. Bəzi rusiyalı ekspertlər hesab edirlər ki, Moskva Misirə deyil, İrana üstünlük verməlidir (bax: məs., Владимир Алексеев. "Шиитская дуга" – новая реальность Ближнего Востока? / "Iran.ru", 8 yanvar 2014).
Eyni zamanda, İraq və Suriya Kremlin diqqət mərkəzində olmalıdırlar. Əslində, Tehranla yaxınlıq Bağdad və Dəməşqin də əməkdaşlığa cəlb edilməsi deməkdir. Bəs nəyə görə, Rusiya Yaxın Şərqdə məhz bu ölkələr qrupuna üstünlük verməlidir? Məhz bu məqamda bəzi ekspertlər məzhəb faktorunu ortaya atırlar. İran başda olmaqla həmin regionun şiə ideologiyasına üstünlük verən dövlətləri mövcuddur. Meydana atılan ideya ondan ibarətdir ki, həmin ölkələrə təhlükə ən çox sünni məzhəbinə mənsub olan müsəlman dövlətlərindən gəlir. Onların da başında Səudiyyə Ərəbistanı durur.
Səudilərin anti-şiə ovqatı İranın regionda liderlik iddialarından və enerji resursları uğrunda mübarizədən qaynaqlanır. Qərb və Rusiya ekspertləri belə hesab edirlər ki, Vaşinqtonun Tehranla münasibətləri yoluna qoymaq istiqamətində fəallaşması Səudiyyə Ərəbistanını daha da qıcıqlandırıb. O, İran əleyhinə yeni addımlar atmağa başlayıb. Bütün bunların əsasında belə nəticə çıxarırlar ki, Yaxın Şərqdə "şiə ayparası" və ya "şiə təhlükəsizlik qövsü" deyilən geosiyasi alyans yaradılmalıdır. Bəzi mənbələr artıq belə bir ittifaqın formalaşdığını vurğulayırlar (bax: əvvəlki mənbəyə).
Bu iddialar Suriyada məzhəb ayrı-seçkiliyinin getdikcə daha çox siyasi-ideoloji çalarlar kəsb etməsi və İraqda sünni-şiə qarşıdurmasının kəskinləşməsi fonunda irəli sürülür. Həmin səbəbdən də onlar inandırıcı görünürlər. Adi şüur şiə və ya sünni dövlətlərin öz təhlükəsizliklərini təmin etmək üçün konkret addımlar atmasını tamamilə təbii qəbul edir. Lakin strateji aspektdə burada həm ziddiyyətlər, həm də təhlükəli məqamlar az deyil.
İslam dünyasının parçalanma təhlükəsi mövcuddurmu?
Məsələ ondan ibarətdir ki, bütün bu nəzəri iddiaların arxasında konkret siyasi məqsədlərin durduğu hiss edilir. Hər şeydən əvvəl, müsəlman ölkələrin bir-birinə qarşı şübhə ilə yanaşmağa başlaması diqqəti çəkir. Elə təəssürat yaradılır ki, Yaxın Şərq regionunda bütün ziddiyyət, qarşıdurma və toqquşmaların kökündə müsəlman məzhəb fərqliliyi durur. Guya burada nə böyük dövlətlərin geosiyasi ambisiyaları, nə bəzi regional ölkələrin liderlik iddiaları, nə də sosial-iqtisadi problemlər durur. İctimai rəyin bu cür çaşdırılmasının ciddi səbəbi vardır.
Belə ki, keçən əsrin 90-cı illərindən başlayaraq, Yaxın Şərqdə kənar qüvvələrin birbaşa təxribatı nəticəsində müharibələrin və daxili qarşıdurmaların ardı-arası kəsilmir. İraqa hərbi müdaxilə, Liviya, Misir və Suriyada daxili iğtişaşların yaradılması, İranın nüvə proqramına görə küncə sıxışdırılması, Türkiyədə terrorun alovlandırılması və s. kimi proseslər təsadüfən meydana gəlmədi. Bu zaman həmin hadisələrin səbəbini daha çox ABŞ-ın geosiyasi müdaxiləsində axtardılar. O cümlədən, İsrail, Rusiya, Avropa İttifaqı və Çinin maraqlarından danışdılar.
Vaşinqtonun İslam aləmində mənfi obrazı güclənməyə başladı. Müsəlmanların Qərbə münasibəti çox pisləşdi. Amerikanın xilaskar, ədalətli və demokratik obrazı ciddi zərər gördü. Bundan dərhal onun böyük geosiyasi rəqibləri olan Rusiya və Çin istifadə etməyə başladı. Fransa da müəyyən dərəcədə Yaxın Şərqdə, daha böyük miqyasda isə Şimali Afrikada ABŞ-ın nüfuzuna qarşı çıxış etdi. Bu proseslərdə İsrailin öz maraqlarını təmin etməyə çalışdığını vurğulamaq gərəkdir.
Bütün bunların fonunda İslam aləminin güclü dövlətləri müsəlman ölkələrini bir araya gətirməyə cəhdlər etdilər. Türkiyə, İran, Misir və Pakistan müəyyən addımlar atdı. Hiss olundu ki, İslam dövlətləri öz geosiyasi prioritetlərini yeniləşdirmək niyyətindədirlər. Lakin, görünür, onlar bəzi məqamları nəzərə almayıblar. Biz təqribən həmin zamanlarda Yaxın Şərqdə məzhəb mənsubluğu məsələsinin daha geniş anlamda siyasətə gətirilməsi prosesinin sürətləndiyini nəzərdə tuturuq.
İndi Suriya, Misir, Türkiyə, Livan, Liviya, İraq, İran, Səudiyyə Ərəbistanı, Bəhreyn və başqa müsəlman ölkələrində məzhəb ayrı-seçkiliyi təhlükəli məzmun kəsb etməyə başlayıb. Konkret olaraq İraqda sünni-şiə müharibəsinin getdiyini yazırlar (bax: Николай Бобкин. Ирак на грани гражданской войны / "Фонд Стратегической Культуры", 14 yanvar 2014). İraqın "sünni üçbucağı" adlanan hissəsində hökumət qüvvələrinin bəzi yaşayış məntəqələrini tərk etdiyi haqqında informasiyalar yayılır. Bunun səbəbi kimi ölkədə sünni, şiə və kürdlərin öz aralarında razılığa gələ bilməmələri göstərilir.
Ekspertlər hesab edirlər ki, İraqda sünnilərlə şiələr arasında gedən savaş mahiyyətcə "strateji absurddur", onun qalibi ola bilməz (bax: əvvəlki mənbəyə). Günahkar qismində isə ABŞ göstərilir. Çünki Vaşinqton İraqa hərbi müdaxilə etməklə regionda qüvvələr balansını pozdu və Ər-Riyad-Tehran qarşıdurması yaratdı. Buradan belə bir qənaətə gəlmək olar ki, məzhəb savaşının bir ucu Yaxın Şərqin bəzi dövlətlərinin geosiyasi ambisiyalarından qaynaqlanır. Bu fikir həqiqətdirsə, region dövlətləri sırasında dini maraqları siyasi iddialara qurban verənlərin olduğunu deyə bilərik.
Hazırda İraqda müşahidə edilən proseslərin İran, Türkiyə, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Livan və digər müsəlman dövlətlərində də baş verə biləcəyi proqnozlaşdırılır. Maraqlıdır ki, müsəlman ölkələrin bəzilərinin kütləvi informasiya vasitələrində indidən qızışdırıcı xarakterli analizlər təqdim edilir. Livanın "əl-Əhbar" qəzetində Şarmine Narvaninin ""Security Arc" forms amidst Mideast terror" ("Yaxın Şərq terrorunda "təhlükəsizlik qövsü" yaranır") adlı məqaləsi dərc edilib (bax: english.al-akhbar.com, 21 dekabr 2013). Orada müəllif regionda İran-İraq-Suriya-Livan əməkdaşlığının formalaşdığını vurğulayır. Maraqlıdır ki, bunu o, "şiə təhlükəsizlik ayparası" adlandırır. Təhlükənin isə sünni ölkələrdən gəldiyini ayrıca vurğulayır.
Digər misallar da göstərmək olar. Ancaq düşündürücüdür ki, müsəlman dövlətləri içərisində məzhəb fərqini geosiyasi faktor keyfiyyətində təqdim etmək istəyənlər vardır. Həm də bu zaman iki məzhəb mənsubları bir-birinə düşmən kimi göstərilir. Prosesin bu dərəcədə dərinləşməsi müsəlman dünyasının geosiyasi aspektdə qarşıdurma vəziyyətinə gəlməsinimi ifadə edir? Fikrimizcə, bu sual üzərində düşünməyə dəyər. Hər bir halda məzhəb fərqliliyinin siyasi qarşıdurmaya səbəb olmasını müsbət qiymətləndirmək çox çətindir.
Bütün bunlar Yaxın Şərqdə bütövlükdə İslam aləmi üçün təhlükəli sayıla biləcək proseslərin meydana gəldiyini göstərir. Eyni dinə mənsub olan insanların siyasi qarşıdurmalara getməsi təəssüf doğurur. Müsəlmanlar tarixi səhv etmirlər ki?
Newtimes.az