İnsanlarda təəccüb yaradan hadisələr çoxdur. O cümlədən, geosiyasi mühitdə baş verən proseslər çoxlu suallara yol açır. Qlobal miqyasda təsiri olan hadisələrin arxasında duran faktorların mahiyyəti və məzmunu ilə əlaqədar fərqli fikirlər söylənilir. Bununla yanaşı, elə məqamlar mövcuddur ki, onların üzərindən sükutla keçilir. Səbəb nədən ibarətdir? Nəyə görə, dünyada bu qədər münaqişələr var, ancaq onların həlli məsələsi uzadılır? Bəlkə, pərdə arxasında əvvəlcədən yazılmış ssenarilər mövcuddur?
Fərqli regionların oxşar hadisələri: təsadüf, yaxud konkret plan?
Müasir dünyada baş verən geosiyasi proseslərin xarakteri və mahiyyəti mütəxəssisləri çox düşündürür. Fərqli yanaşmalar mövcuddur. Tanınmış analitiklər müxtəlif aspektlərdə maraqlı təhlillər aparırlar. Lakin bir məqam diqqəti daha çox çəkir. Eyni zamanda, düşündürücüdür ki, ekspertlər məsələnin bu tərəfi haqqında susurlar. Bunun məqsədli olub-olmadığı barədə fikir söyləmək istəmirik. Problemin özü maraqlıdır və araşdırılmasına ehtiyac duyuruq.
Biz dünyanın bir sıra regionlarında baş verən hadisələrin xarakteri və onlara müdaxilənin bəzi düşündürücü tərəflərini nəzərdə tuturuq. Məsələ ondan ibarətdir ki, qaynar nöqtələrin öz-özünə yarandığı, yoxsa kənar müdaxilə nəticəsində meydana gəldiyi tam aydın deyil. Əfqanıstan, İraq, Misir, Suriya, Cənubi Sudan, Mərkəzi Afrika Respublikasında nələr baş verir? Bu ölkələrdə müşahidə edilən proseslər yalnız daxili vəziyyətləmi bağlıdır? Mütəxəssislərin təhlillərində daim kənar faktorlar yer alır. Bəs onda baş verənlərin əsl mahiyyəti nədən ibarətdir?
Belə təəssürat yaranır ki, sanki əvvəlcə müəyyən ssenarilər hazırlanır, sonra proseslərə müdaxilə planları işə düşür. Bir regionda yaranmış münaqişə başa çatmamış, təqribən eyni ssenari üzrə başqa yerdə hadisələr meydana gəlir. Zaman keçir, təkrar olaraq yeni səylər ortaya çıxır. Sanki bu gedişatın sonu yoxdur. Həm də guya dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatlar həmin prosesləri nizamlamaq məqsədi ilə səylər göstərirlər. Nəticə isə gözə dəymir.
Bir tərəfdən bəzi ölkələr bir regionda (məsələn, ABŞ və Böyük Britaniya Yaxın Şərqdə), digərləri isə başqa regionda (məsələn, Fransa Afrikada) daim fəaldırlar. Doğrudan da böyük siyasi, diplomatik, iqtisadi və hərbi gücə malik olan bu dövlətlər, hətta kiçik bir ölkədəki münaqişənin qarşısını niyə ala bilmirlər? Bəlkə, ümumiyyətlə, bunu etmək istəmirlər? O halda real olaraq iki ssenarinin üzərində dayanmaq lazım gəlir.
Birincisi, böyük dövlətlər dünyanın müxtəlif regionlarında əvvəlcədən özlərinə sərf edən ssenarilər hazırlayırlar. İkincisi, həmin hadisələri özləri təşkil etməsələr də, onların həll edilməsini istəmirlər, prosesləri uzadırlar, beynəlxalq təşkilatların formal olaraq münaqişələrə münasibət göstərməsinə çalışırlar. Hər iki ssenari qəbuledilməzdir. Doğrusu, biz hesab edirik ki, reallıqda birinci variant özünü göstərir. Bunu izah edə biləcək çoxlu sayda faktlar vardır.
Əfqanıstana əvvəlcə SSRİ müdaxilə etdi. Bunun əsas səbəbi kimi sovetlərin Qərbin ora təsirinin qarşısını almasını göstərirlər. Yəni əfqan məsələsi daxili amillərdən çox, dünyanın iki böyük geosiyasi gücünün nüfuz uğrunda mübarizəsi nəticəsində yaranmış kimi görünür. Lakin təcrübə göstərdi ki, bu, sadəcə başlanğıc imiş. Meydana "Taliban" və "əl-Qaidə" çıxdı. Onlar öncə SSRİ ilə savaş etdilər. Bu zaman ABŞ-ın ciddi dəstəyini gördülər. Belə gözləmək olardı ki, Moskva Əfqanıstandan çəkiləndən sonra orada sakitlik və sabitlik yaranacaq. Lakin tamamilə başqa mənzərə yarandı.
Problemlərdən əvvəlki ssenarilər: qapalı dairədə düşüncələr
NATO Əfqanıstanda fəallaşandan sonra "Taliban" və "əl-Qaidə" ona qarşı müharibəyə girişdi. Bu günə qədər həmin ölkədə sakitlik təmin edilməyib. Son informasiyalara görə, Əfqanıstandan amerikan əsgərlərinin çıxarılması ilə terrorun Rusiya və Çinə yönəldilməsi ssenariləri hazırlanır. Təbii ki, bu prosesdə əfqanların özləri də zərbə almaqda davam edəcəklər. Belə çıxır ki, indiki mərhələdə belə Əfqanıstandakı problemləri həll etmək yox, orada nüfuz uğrunda mübarizə aparmaq əsas məqsəd olaraq qarşıya qoyulur.
İraq, Misir və Suriyada buna bənzər proseslərin cərəyan etdiyini görürük. C.Buş İraqa müdaxilə etmək üçün müxtəlif bəhanələr irəli sürdü. Sonucda kütləvi qırğın silahı məsələsini ortaya atdı və heç bir təsdiq olmadan müharibəyə başladı. Şübhə yoxdur ki, həmin ərəfədə İraqda baş verən hadisələr məhz kənarda yazılmış ssenari üzrə meydana gəlirdi. Bunu Qərb ekspertləri dəfələrlə təsdiq ediblər.
Tanınmış analitiklərin Yaxın Şərqə həsr edilmiş məqalələrində region dövlətlərinin maraqları aspektində deyil, dünya ağalığını saxlaya biləcək şərtlər daxilində təhlillərin yer aldığını görürük. Məsələn, İraqın daxili siyasi mühitini təhlil edərkən kürd separatizmini Qərbin regionda geosiyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu təmin edən şərtlər çərçivəsində analiz edirlər.
Onlar həmin bağlılıqda dini məzhəbçiliyin region dövlətlərinin siyasi həyatında oynaya biləcəyi rolu vurğulayırlar. Bu zaman proqnoz qismində əksər hallarda müsəlman ölkələrində yarana biləcək ziddiyyətlərə diqqət yetirirlər. Konkret desək, dolayısı ilə proseslərin məhz İslam aləmində çətinliklərə aparması təbliğ olunur.
Cənubi Qafqazda baş verən hadisələrin timsalında da eyni mənzərəni görmək olar. Keçən əsrin son onilliyində sovetləri parçalamaq üçün Dağlıq Qarabağı siyasi spekulyasiya obyektinə çevirdilər. Əvvəlcə, ermənilərdə radikal milliyyətçi və anti-müsəlman hisslərini daha da alovlandırdılar. Onu deyək ki, hazırda Qərbdə mövcud olan islamofobiya təsdiq edir ki, həmin dövrdə erməni separatizminin qızışdırılmasında əsas faktorlardan biri kimi məhz dindən istifadə edilib. Konkret olaraq, Ermənistanın Azərbaycana təcavüzü ssenarisi əvvəlcədən hazırlanıb və mərhələ-mərhələ həyata keçirilb.
Hərbi əməliyyatlar başa çatdıqdan sonra ermənilərin siyasi-diplomatik və ideoloji müdafiəsi özünü göstərməyə başladı. ATƏT-in Minsk qrupunun münaqişəni həll etmək üzrə müəyyənləşmiş həmsədr ölkələri sanki kənar ssenarini reallaşdırmaq məntiqinə görə hərəkət edir. Onlar zahirən fəaldırlar, ancaq konkret olaraq heç bir nəticə əldə edə bilməyiblər. Mümkündür ki, əvvəlcədən qoyulmuş şərtlərə əsasən münaqişənin həllini uzatmaq naminə belə davranırlar.
Bunların fonunda Ermənistanın sözün həqiqi mənasında şıltaq hərəkətlər etməsi, absurd şərtlər irəli sürməsi, özünü ərköyün aparması düşündürücüdür. Belə çıxır ki, Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi kimlərinsə geosiyasi ambisiyalarının əsirinə çevrilib. Bu cür şəraitdə regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini demək çox çətindir.
Yuxarıda sadalanan hadisələrin analizi hansı gerçəkliyi ortaya qoyur? Obrazlı desək, məşhur bir misalda qoyulan sual yada düşür: toyuq birincidir, yoxsa yumurta? Çünki müxtəlif regionlarda baş verən hadisələri o qədər dolaşıq təqdim edirlər ki, toyuqla yumurtanın məsəlini xatırlamalı oluruq. Ola bilsin ki, təbiət özü üçün mürəkkəbliklər yarada bilər, ancaq şüurlu insanların qəsdən mənzərəni dolaşığa salması bütövlükdə bəşəriyyətin ziyanınadır. Konkret ifadə etsək, təbiətdən fərqli olaraq, bəşəriyyət öz-özünü mürəkkəb vəziyyətə salmaqla məhvə doğru gedir.
Məsələ beynəlxalq münasibətlərin gələcəyi və yeni dünya nizamının formalaşdırılması aspektində daha düşündürücüdür. Problem ondan ibarətdir ki, müxtəlif regionlarda kənardan quraşdırılmış ssenarilər üzrə proseslər baş verirsə, hansı əsasla dayanıqlı münasibətlər sistemini yaratmaqdan söhbət gedə bilər? Axı, bugünkü maraqlarla sabahkı istəklər üst-üstə düşməyə bilər. Yəni müəyyən müddətdən sonra şərtlər dəyişə bilər və meydana fərqli mənzərə çıxar. O halda qlobal miqyasda faktiki olaraq nizamsızlığın hökm sürdüyünü deyə bilərik. Əgər yeni dünya nizamının məntiqi bundan ibarətdirsə, bəşəriyyətin sabahını işıqlı təsəvvür etmək olduqca çətindir.
Belə bir vəziyyətdə dünya ictimaiyyəti nə edə bilər? Bu sualın cavabını dünya özü verməlidir. Bizim fikrimizcə, hər şeydən əvvəl ikili standart siyasətindən əl çəkmək lazımdır. Dünyanın hər bir guşəsində eyni meyarlara görə hərəkət edilməlidir.
Sonra, beynəlxalq miqyasda ədalətli mövqe prinsipi bərqərar olmalıdır. Tarix göstərir ki, yalnız ədalətli davranış bəşəriyyətdə tarazlığı saxlaya bilir. Konkret dövlətin maraqları hər şeydən üstün tutulursa, ona qarşı dirəniş başlayır. Sonuncu da öz növbəsində intriqaların, münaqişələrin və müharibələrin meydana gəlməsinə səbəb olur. Dünya bu minvalla yeni-yeni problemlərin cənginə keçir.
Newtimes.az