|
|
|
|
Azərbaycana həm diplomatiya, həm də döyüş meydanında məğlub olan işğalçı Ermənistan artıq son nəfəsindədir. Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumu məntiqə uyğun izah etmək, anlaşıla biləcək mövqe ortaya qoymaq bacarığında deyil.
Baş nazir Nikol Paşinyan bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən ciddi-cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxlaq ictimai rəyə aşılamağa çalışır. Paşinyan Türkiyə və yaraqlılarla bağlı yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda, nüfuzlu media orqanlarına müsahibələrində, öz xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. O, guya Türkiyəyə məxsus hərbi təyyarələrin əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Ermənistanın ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir, lakin başa düşmür ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları çərçivəsində də təsbit oluna bilər. Əgər bu günə kimi məsələ ilə bağlı ciddi rəy bildirilməyibsə, deməli, bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur.
Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktların olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir. O, dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. "The Jerusalim Post" nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. İnsani, müasir hərbi texnika və silah-sursat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır?
Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında siyasi təlxək təəssüratı formalaşıb.
Ermənistan rəhbərləri müsahibə və açıqlamalarında ermənilər haqqında məzlum, daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmaq istəyir, cari və tarixi faktları saxtalaşdırırlar. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan "RBK" kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə "verilib". Halbuki Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması haqda qərar qəbul edib və bu da 1921-ci ildə olub. O iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı. Amma SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə "verildikdən" sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb, halbuki 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıya almasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki, elə həmin siyahıya alınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur.
Milli Məclisin deputatı Jalə Əhmədova hesab edir ki, Ermənistanın hazırki baş naziri atdığı düşüncəsiz addımlarla öz ölkəsini bütün regiondan təcrid edir və beləliklə onsuz da aciz vəziyyətdə olan xalqını uçuruma sürükləyir. Deputat bildirib ki, bu Vətən müharibəsində kimin haqq və ədaləti, kimin də qanunsuzluğu dəstəklədiyini açıq gördük: "30 illik işğalçılıq siyasəti yürüdən Ermənistan üçün bu müharibə tam iflasla nəticələndi. Region ölkələrinin, Rusiya, Türkiyə, Gürcüstan və hazırda İranın da məsələ ilə bağlı mövqeyi bir daha onu göstərir ki, Azərbaycan haqq yolundadır və öz ərazi bütövlüyünü bərpa edəcək. Heç bir ağlı başında ölkə Ermənistanın haqsız mövqeyinə dəstək vermir və bu ölkənin qanunsuz işğal etdiyi torpaqlardan, yəni Azərbaycanın əzəli torpaqlarından çıxarmasını birmənalı zərurət kimi görürlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sülhlə bağlı çağırışlarını rədd edən və qanunsuz işğala son vermək istəməyən "soros" oyuncağı Paşinyan birmənalı şəkildə Ermənistanı regiondan təcrid edir. Ermənistan işğalçılıq siyasətindən əl çəksə və torpaqlarımızdan çıxsa, inkişaf, regionda həyata keçirilən layihələrdə iştirak edə bilər.
Bütün dünya ictimaiyyəti və xüsusən də erməni xalqı anlamalıdır ki, ermənilərin dünyaya qışqırdığı kimi bizim düşmənimiz erməni xalqı deyil, Ermənistanın hərbi-siyasi rəhbərliyi, parçalanaraq Yerevana köçmüş Dağlıq Qarabağdakı qondarma rejim, Ermənistanda və xaricdəki ayrı-ayrı millətçi, başıpozuq şəxslərdir".
PƏRVANƏ