|
|
|
|
Bu günlərdə “Armenia Today” saytına müsahibə verən hərbi-siyasi ekspert, Erməni Tədqiqat və İnkişaf İnstitutunun Müdafiə Araşdırmaları şöbəsinin müdiri Leonid Nersisyan Azərbaycan və Türkiyənin gücünün regionda yeni reallıqlar yaratdığını bildirib.
525.az-ın xəbərinə görə, o deyib ki, böyük siyasət iqtisadi gücə, geniş imkanlara əsaslanır. Buna görə də bir neçə mühüm Avropa dövləti ilə sıx iqtisadi əməkdaşlıq quran rəsmi Bakının hərəkət imkanları genişdir və istədiyini əldə edə bilir:
“Biz hazırkı Qarabağ müharibəsində buna bir daha əmin olduq”.
Erməni ekspertə görə, eyni hal Türkiyə üçün də keçərlidir. Nersisyan deyib ki, hazırda bir çox dünya ölkələri Türkiyənin gücü qarşısında qətiyyətsizlik göstərir. Nəticədə, böyük dövlətlər birlikdə hərəkət edən Azərbaycan və Türkiyə ilə birbaşa münaqişədən çəkinir.
Rusiyanın Qarabağdakı mövcud vəziyyətə münasibəti barədə suala cavabında erməni ekspert qeyd edib ki, prinsipcə, Moskvanın bu proseslərə daha fəal reaksiya vermək imkanları vardı:
“Ancaq gördüyümüz kimi, Rusiya narahatlığını ifadə etməkdən başqa heç bir tutarlı addım atmır. Zənnimcə, Ermənistan ərazisinə birbaşa təcavüz edilməyincə Moskvanın bu hadisələrə fəal müdaxiləsi olmayacaq”.
Nersisyan bildirib ki, Qarabağda müharibənin nə vaxt bitəcəyinə dair konkret fikir söyləmək çətindir:
“Bu müharibənin nə qədər çəkəcəyi ilə bağlı heç bir ekspertin konkret cavab verə biləcəyini düşünmürəm. Ola bilsin, bir neçə həftə, ola bilsin bir neçə ay. Yeni ssenarilər çox fərqli ola bilər”.
Qarabağ məsələsinin artıq, diplomatik yox, müharibə yolu ilə həllini tapa biləcəyi barədə fikirlərə münasibət bildirən ekspert deyib ki, bu, xeyli xoşagəlməz səslənsə də, reallığa daha yaxındır. Onun fikrincə, yekunda yenə də münaqişənin qalıcı sülh yolu ilə həll olunması labüddür. Çünki bu halda hərbi həllin tərəflərdən birinin nə vaxtsa intiqam almasına yol açmaq ehtimalı aradan qalxar:
“Lakin əlbəttə ki, döyüş meydanında baş verənlərdən çox şey asılıdır. Yəni diplomatik sahədə üstünlük döyüş meydanında qalib gələn tərəfin olacaq. Bu baxımdan üstünlük Azərbaycandadır”.
Natavan ABDULLAYEVA