ABŞ-da Co Baydenin prezident seçkisinin qalibi olması postsovet məkanında, xüsusilə də Gürcüstan, Moldova və Ukraynada ruh yüksəkliyi yaradıb.
Bu keçmiş sovet respublikaları Co Baydenin hakimiyyəti dövründə ərazi bütövlüklərini təmin edəcəklərinə böyük ümidlər bəsləyirlər. Ukraynanın ümidi isə Gürcüstan və Moldova ilə müqayisədə daha böyükdür. Bu isə səbəbsiz deyil. Co Bayden Barak Obamanın hakimiyyəti dövründə ABŞ-ın vitse-prezidenti olduğu vaxtlar Ukrayna ilə bağlı məsələlərdən məsul şəxs olub. Ona görə də Ukraynanın üzləşdiyi problemin bütün incəliklərinə bələddir. Bu isə problemin həllinə yardım edə bilər.
Ukrayna Prezidenti Vladimir Zelenski inanır ki, Vaşinqtonla Kiyev arasında münasibətlərin yeni mərhələsi başlayacaq. Kiyevdə ümid edirlər ki, ABŞ-ın yeni prezidenti Ukraynanın işğal altındakı torpaqlarının azad olunması prosesini sürətləndirəcək. Bu ümid isə əsassız deyil. Kiyevdə anlayırlar ki, işğal olunmuş torpaqların "Normand dördlüyü" formatında azad olunması mümkün deyil. Çünki "Normand dördlüyü"nün üzvüləri Almaniya və Fransanın Rusiyaya təsir etmək imkanları yoxdur. Buna görə də Kiyevdə ümid edirlər ki, Co Baydenin prezidentliyi dövründə ABŞ Kiyevə işğal altındakı torpaqları azad etmək üçün yardım göstərə bilər. Rəsmi Kiyev bu məsələdə tam haqlıdır. Çünki Almaniya və Fransa da Rusiya ilə bağlı məsələlərin, xüsusilə də təlükəsizlik məsələlərin həllində ABŞ-a ümid bəsləyir. Belə bir vəziyyətdə Almaniya və Fransanın Ukraynanın işğal altındakı torpaqlarının azad olunmasına yardım edə biləcəyinə ümid etmək yanlışlıq olardı. Ona görə də Vladimir Zelenski prezident seçildiyi gündən ABŞ-ın Donbas ətrafında münaqişənin həllində iştirakına nail olmağa çalışır. Donald Trampın hakimiyyəti illərində bu istəyi gerçəkləşdirmək mümkünsüz hala gəlmişdi. Məlum olduğu kimi, Tramp Rusiya ilə anlaşmağa çalışırdı və Moskvanı qıcıqlandırmaq istəmirdi. Eyni zamanda, Tramp hesab edirdi ki, Ukraynanın məsələsi Avropanın problemidir və ABŞ bu məsələdə iştirak etməməlidir. İndi isə vəziyyət tamamilə dəyişib. ABŞ-da hakimiyyətə Avropanın problemini bütövlükdə Qərb dünyasının problemi kimi qəbul edən qüvvələr gəlib. Həmin qüvvələr Ukraynanın da Avropanın bir parçası, Avroatlantik təhlükəsizlik sisteminin bir hissəsi kimi qəbul edirlər. Ümumiyyətlə, ABŞ-ın siyasi elitasında Ukraynanın Avroatlantik məkanın təhlükəsizlik sisteminin vacib hissəsi olması ilə bağlı yekdil mövqe mövcuddur. Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı demokratlarla respublikaçılar eyni mövqedən çıxış edirdilər. Sadəcə olaraq, Tramp bu siyasətə qarşı olduğu üçün Vaşinqton Ukrayna ilə bağlı məsələlərdən kənarda qalırdı. İndi isə vəziyyət kəskin dəyişib. ABŞ-da hakimiyytə Ukraynanın keçmiş "kurator"u olan Co Bayden gəlib. Buna görə də, Kiyevin xüsusi fəallığı olmadan da ABŞ Ukrayna ilə bağlı məsələlərdə iştirak etməyə çalışacaq.
Ekspertlər isə hesab edirlər ki, Qərbin ciddi dəstəyi Kiyevi Donbas məsələsin hərbi yolla həll etmək niyyətinə sala bilər. Ümumiyyətlə, Azərbaycan işğal altındakı torpaqlarını hərbi yolla azad etdikdən sonra Ukraynada da eyni yolla getmək istəyi güclənib. Son günlər Ukraynanın Türkiyədən Bayraktar TB2 dronlarının yeni partiyasını alması ilə bağlı məlumatlar yayılır. Belə görünür ki, Ukraynada işğal olunmuş torpaqların hərbi yolla azad etmək niyyəti yenidən üstünlük qazanmağa başlayıb. Çox böyük ehtimalla, yazın sonunda Ukrayna hərbi əməliyyatlara başlaya bilər. O zamana kimi Kiyev ABŞ-ın yeni prezidentinin Rusiyaya qarşı hansı addımlar atacağını gözləyəcək. Eyni zamanda, Kiyev ordunu irimiqyaslı hərbi əməliyyatlar üçün tam hazırlıqlı vəziyyətə gətirəcək. Əgər yaxın bir neçə ayda diplomatlar Donbas ətrafında məsələlərdə uğur əldə etməsələr, Kiyev hərbi yolla torpaqlarını azad etməyə çalışacaq. Bu zaman Qərbdən, ilk növbədə ABŞ-dan güclü dəstək alacağına Ukraynanın böyük ümidi var. Bu ümidin nə qədər əsaslı olduğunu isə yaxın aylarda görəcəyik.