“Maydan"ın ixracı ideyası, təbii ki, müxtəlif dövlətlərin planında olacaq”.
Bunu “525”-ə açıqlamasında millət vəkili Zahid Oruc ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın son zamanlar ölkə mətbuatına verdiyi müsahibələrdə Azərbaycanda demokratiyanın daha da gücləndirilməsi məsələsini qabartması və bunun arxasında başqa məqamların dayanıb-dayanmamasına münasibətini bildirərkən dilə gətirib.
Millət vəkili bildirib ki, “Maydan” hadisələrinin ixracı cazibədardır, xalq kütlələri burada aktivdir, özünəməxsus bir keyfiyyəti daşıyıb, güc yaradıb, inam formalaşdırıb:
“Yəni, mübarizənin hədəfləri olanda onun hansısa bir uğurlu yekunu var və sair kimi nəzəriyyə əlamətdar bir formada onun başqa ərazilərə və sərhəd tanımayan nöqtələrə də getməsini doğura bilər. Lakin Azərbaycan sözün bütün mənalarında “Maydan”dan kənardadır. Təbii ki, ölkənin istənilən problemini qabaqtmaq, onu ortaya qoymaq, ciddi şəkildə gündəmi onun vasitəsilə tutmaq olar. Amma Yanukoviç hakimiyyətinin buna qədərki dönəmdə yol verdiyi səhvlər, hətta, cinayət dərəcəsində yol verdiyi nöqsanlar o qədər böyükdür ki, onun hakimiyyətinin davam gətirməyəcəyi də ortada idi. Ayın 29-da 100 nəfərlik və ya 1000 nəfərlik tələbələr ordusuna o cür ironiyalı münasibət, sonra isə bütün hakimiyyət çevrəsində bəlli separatizmin, itaətsizliyin olduğu, oliqarxiyanın onun əleyhinə çevrildiyi, siyasi iqtidarının başqalarının üzərində mühüm bir önəm daşımadığı zamanda bilirsiniz ki, o, hansı addımlar atdı və keçiddə, necə deyərlər, atları dəyişmək olmaz. Ona görə Azərbaycanla da bağlı qeyd olunan, yəni, demokratiya ilə əlaqəli problemlərin olması da mümkündür. Azərbaycan bu məsələdə- insan haqlarının təminatında da, siyasi azadlıqların getçəkləşməsində də bütün xarici qurumlarla əməkdaşlığa hazırdır”.
Z.Orucun sözlərinə görə, hər hansı bir tələb təzyiq naminə, iqtisadi maraqlar naminə deyil, xoş məramla ortaya qoyulacaqsa, o zaman bu, əməkdaşlıq zəminində də aradan qaldırılacaq.
“Lakin çox təəssüf ki, bəzən demokratiya ixracı, bir ölkənin siyasi idarəçilik modelinin tətbiqi başqa ərazilərə sahiblənmək və sairənin tərkibi oldu. Ona görə bununla əlaqəli hər kəs qəbul etsin ki, Azərbaycan elə bir həssas bölgədə yerləşir ki, demokratiyanı bundan artıq etmək mümkün deyil.
Çox obrazlıdır, amma həqiqətdir. Bizim demirik, iddia etmirik ki, bu elə bir fenomendir ki, onu proporsiyalarla vermək lazımdır. Amma demokratiyaya bu gün ən böyük zərbəni işğal gerçəkliyi, humanitart fəlakət, bəlli digər problemlərimiz doğurur. Ona görə sonuc olaraq belə hesab edirəm ki, Azərbaycan bundan sonrakı dövrdə də ABŞ daxil Qərblə fəal şəkildə cəmiyyətin, cəmiyyət həyatının dəyişməsi, quruculuq işlərində və sair, birgə addımlar atmağa hazırdır. Lakin ölkə xaricindən diqtə ilə, konkret göstərişlərlə Azərbaycanı qurmaq olmaz”-deyə, Z.Oruc sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu