Suriya müxalifəti ilə iqtidarı arasında Cenevrədə gedən danışıqların nəticəsiz qaldığı haqqında informasiyalar yayılır. Bəzi ekspertlər çox bədbin proqnozlar verirlər. Orada bir tərəfdən dünyanın böyük dövlətləri arasında fikir ayrılığı özünü göstərib, digər tərəfdən isə Suriyanın daxili siyasi ziddiyyətləri mənfi rol oynayıb. Hər bir halda, bundan sonra həmin ölkədə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı konkret proqnoz yoxdur. Sanki Yaxın Şərq növbəti qeyri-müəyyənlik zolağına doğru bir addım da atıb.
Nəticəsiz konfransın ziddiyyətli məqamları
"Cenevrə-2" müsbət nəticə vermədi. Tərəflər arasında demək olar ki, heç bir ciddi razılıq əldə edilmədi. Bu barədə rəsmi olaraq BMT nümayəndəsi L.Brahimi Münxen təhlükəsizlik konfransında məlumat vermişdi. İndi isə danışıqlar prosesinin məzmunu və irəli sürülən təkliflər haqqında dünya KİV-i geniş informasiyalar yayır. Məlum olur ki, faktiki olaraq, əvvəlcədən həmin konfransın uğursuz olacağı bilinirdi. Bəs nəyə görə "Cenevrə-2" baş tutdu? Suriya probleminin həlli modeli, ümumiyyətlə, mövcuddurmu?
Bu suallara cavab tapmaq çətindir. Ancaq Suriya problemi o dərəcədə qlobal miqyasda geosiyasi proseslərə təsir etməyə başlayıb ki, onun üzərində dayanmaq ehtiyacı böyükdür. Əvvəlcə qeyd edək ki, "Cenevrə-2" daha çox Rusiyanın təkidləri ilə keçirildi. Doğrudur, başlanğıcda sülh konfransının təşkil edilməsinə Qərb razılıq verdi. Məsələ ondan ibarətdir ki, təşəbbüs Moskvadan gəlmişdi. Görünür, elə buna görə də bəzi dairələr özlərini sülhpərvər göstərmək üçün Kremlin təklifini rədd etmədilər.
Bununla yanaşı, Suriyada silahlı toqquşmalar bir an olsa belə dayanmadı. "Time" jurnalının yazdığına görə, Cenevrədə danışıqlar başlayandan bu yana Suriyada 6 minə yaxın insan öldürüldü! Konkret olaraq, yanvarın 22-dən fevralın 14-ə qədər 5792 suriyalı həlak oldu. Onlardan 1622 nəfəri dinc sakindir. Üsyançılar 1500, B.Əsəd ordusu isə 1017 döyüşçü itirdilər (bax: Andrew Katz. Report: Almost 6,000 Dead in Syria During Geneva Talks / "World.time.com", 17 fevral 2014).
Onu deyək ki, danışıqlarda Suriya tərəfdən kimlərin iştirak etməsi məsələsində də əvvəlcədən Qərblə Rusiya arasında fikir ayrılığı vardı. Budur, indi "daxili müxalifət" adlandırılan bir qrup, özünün danışıqlar prosesinə daxil edilməsini tələb edir. Onlara Qədri Cəmil başçılıq edir. O, Suriya baş nazirinin müavini idi və 2013-cü ilin oktyabrında istefa verib.
Q.Cəmili mötədil müxalif adlandırırlar. O, hazırda sülh yolu ilə yeniləşmə və azadlıq uğrunda mübarizə aparan güclərin koalisiyasından ibarət olan Xalq Cəbhəsinə rəhbərlik edir. Q.Cəmil 2013-cü ilin iyulun 22-də S.Lavrovla görüşmüşdü. Cenevrə konfransından sonra isə Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi M.Boqdanovla tədbirin yekunlarının müzakirəsini aparıb (bax: Сергей Лавров встретился в Москве с заместителем Председателя Совета министров Сирии К.Джамилем / "Serfilatov.livejournal.com", 22 iyul 2013; Замглавы МИД РФ обсудил ситуацию в Сирии с представителем оппозиции / "Коммерсантъ", 8 fevral 2014).
Ekspertlər hesab edirlər ki, "daxili müxalifət"çiləri B.Əsəd özü yaradıb. Onları Moskva və Tehran dəstəkləyir. İndi həmin qrupun danışıqlarda iştirak edən müxalifətçiləri tənqid etməsi və özlərinin orada təmsil olunması tələbini irəli sürməsi, Suriya ətrafında vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Belə çıxır ki, Qərb və Rusiya öz maraqlarına uyğun olaraq Suriyada "müxalif" qruplar düzəldirlər. Belə şəraitdə sülh danışıqlarının müsbət nəticə verməsi praktiki olaraq imkansızdır.
Təhlükəli geosiyasi "zonaya" doğru
Əvəzində Suriyanın yeni səviyyədə geosiyasi ziddiyyətlər sahəsinə daxil olması ehtimalı daha çoxdur. Artıq onun ilk əlamətləri özünü göstərir. Amerika mətbuatının yaydığı məlumatlara görə, B.Obama Suriya müxalifətinin özünə sədaqətli qruplarına silah vermək qərarına gəlib (bax: məs., U.S. Scolds Russia as It Weighs Options on Syrian War / "The New York Times", 17 fevral 2014). ABŞ prezidenti deyib ki, "keçmiş və indiki imkanlara yenidən baxmaq lazımdır". Ekspertlərin fikrinə görə, Vaşinqton Səudiyyə Ərəbistanının müxalifləri müasir silahlarla təmin etmək təklifini qəbul edib.
Bunların fonunda Beyrutda nəşr edilən "The Daily Star" qəzetinin yaydığı bir informasiya diqqəti çəkir. Orada bildirilir ki, bu ilin yazında Suriyanın müxalif gücləri geniş miqyasda hücuma keçəcəklər. Bunun üçün onları dəstəkləyən xarici qüvvələr külli miqdarda silah-sursat verəcəklər. Artıq İordaniyada Amerika mütəxəssislərinin hazırladıqları minə yaxın döyüşçü vardır. Onlar savaşa atılacaqlar (bax: Syria rebels say planning Damascus spring offensive / "Dailystar. com.lb", 18 fevral 2014).
Buradan belə qənaətə gəlmək olar ki, "Cenevrə-2" nəinki Suriya məsələsinə aydınlıq gətirib, hətta onu daha da mürəkkəbləşdirib. İndi münaqişə edən tərəflərdə danışıqlar yolu ilə sülhə nail olmağa ümid qalmayıb. Doğrudur, Argentinanın təklifi ilə BMT Təhlükəsizlik Şurasında bəzi maddələr üzrə razılıq əldə olunub. Ancaq onlar münaqişənin birbaşa həllinə deyil, humanitar yardıma aiddir (bax: Совбез согласовал несколько параграфов резолюции по Сирии / "Gazeta.ru", 19 fevral 2014). Buenos-Ayresin savaşan tərəflərə silah satışını dayandırmaq təklifi isə qəbul edilməyib.
Suriya ətrafında vəziyyətin bu cür dəyişməsi, şübhəsiz ki, təhlükəlidir. Böyük dövlətlər münaqişənin aradan qalxması üçün faktiki olaraq, heç bir ciddi iş görməyiblər. Bunun əvəzində isə region üçün olduqca ciddi problemlərə səbəb ola biləcək proseslərin meydana gəlməsi təhlükəsi var. Həmin aspektdə bir sıra məqamları vurğulamaq gərəkdir.
Birincisi, Suriyada məzhəb savaşı daha da genişlənə bilər. Çünki Cenevrə danışıqlarının uğursuzluğu fonunda ölkənin daxili ziddiyyətlərinin dərinləşdiyi haqqında informasiyalar artır. Burada isə bir məqamı önə çəkirlər – şiələr B.Əsədə böyük yardımlar ediblər. Eyni zamanda, Suriyanın demokratikləşməsi məsələsini iqtidar-"əl-Qaidə" qarşıdurması müstəvisinə keçiriblər (bax: Birol Akgün. Anglo-Sakson Derin Yapının "İslam’a Karşı İslam" Politikası ve Türkiye / Strtejik Düşünce Enstitüsü, 11 fevral 2014).
İkincisi, dünyanın böyük geosiyasi gücləri Suriya məsələsindən hələ də öz maraqları üçün istifadə edirlər. Bu zaman onlar region xalqları və dövlətlərini qarşı-qarşıya qoymaqdan çəkinmirlər. Hazırda İslam aləmi üçün məzhəb ixtilaflarını qabardırlar. Bunlar onu göstərir ki, yaxın zamanda Suriya problemini həll etmək fikrində deyillər.
Üçüncüsü, Yaxın Şərqdəki güclü dövlətlər arasında münaqişə alovlana bilər. Səudiyyə Ərəbistanının hətta böyük savaşa hazırlaşdığı haqqında informasiyalar yayılır (bax: Александр Самсонов. Саудовская Аравия готовится к большой войне / "Военное обозрение", 17 fevral 2014). Ər-Riyadın konkret olaraq kiminlə müharibə edəcəyi bilinmir. Lakin o, ən müasir silahlar alır və ordusunu gücləndirir. Ekspertlər hədəfdə İranın olduğu haqqında yazırlar. Lakin bu, təhrikedici məlumat da ola bilər. Real olanı odur ki, Yaxın Şərqdə Səudiyyə Ərəbistanının geosiyasi iddiaları xeyli artıb. Bütövlükdə regionun qüdrətli dövlətləri yaranmış qeyri-müəyyən geosiyasi vəziyyətdə müharibəyə girişə bilərlər.
Dördüncüsü, ümumilikdə müsəlman ölkələri üçün radikal dini qruplaşmalar ciddi təhlükəyə çevrilməkdədir. Onları faktiki olaraq, dünyanın əsas böyük dövlətləri ilə ixtilaflara sürükləyirlər. ABŞ, Avropa İttifaqı, Rusiya və Çin üçün müsəlmanları təhlükə hesab edirlər. Bu, süni intriqalara yol açır və münaqişələrin həllini çıxılmaza salır. İslamofobiya Yaxın Şərqdə də geosiyasi sabitliyin yaranması qarşısında ciddi maneə olaraq qalır.
Beləliklə, "Cenevrə-2" reallıqda Suriyaya sülh və sabitlik gətirmədi. Əksinə, Yaxın Şərq üçün təhlükəli ola biləcək geosiyasi proseslərin əsasını qoydu. Meydana yeni ziddiyyətlər çıxmaqdadır. Bu vəziyyətin müharibəyə aparıb çıxarmayacağına isə təminat vermək çox çətindir.
Newtimes.az