Bütün xalqlar, o cümlədən türk ulusu dünyaya mədəniyyət bəxş etmək üçün xəlq olunub. Əks halda, xalqların dünyada mövcudluğu nə mümkün olar, nə də tarixi baxımdan təsbit edilər. Ulu babalarımız bu mədəniyyətin ən önəmli təzahürlərini təkcə Avrasiyanın daşlarına deyil, həm də tərəqqipərvər bəşəriyyətin elmi, texniki və mənəvi pasportuna həkk etmişlər. Bu gün biz milli kimliyimizi bəyan etmək üçün dünyaya bu “pasportu” qürur hissi ilə təqdim edirik.
Ancaq daim yeniləşən müasir sivilizasiya qanunları bizdən özümüzə və bütün dünyaya yeni baxış, yeni münasibət tələb edir. Bu yeniliyin bütün dünyada tanınan, qəbul edilən və yetərincə qiymətləndirilən təzahürlərindən biri də qeyri-hökumət təşkilatları və onların çoxşaxəli fəaliyyət istiqamətləridir.
Bu gün dünyanın aparıcı dövlətləri qərb demokratiyasının üstünlüklərindən sayılan qeyri-hökumət təşkilatlarının fəaliyyətindən qurucu məqsədlər və öz maraqları üçün istifadə etməyi bacarırlar. Beynəlxalq əməkdaşlığın tərkib hissəsi olan qeyri-hökumət təşkilatları BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və başqa nüfuzlu təşkilatlar tərəfindən maliyyələşdirilir və himayə edilir.
Təəssüf ki, müasir dünyada dövlətlər arasındakı münasibətlər və əlaqələr yalnız qarşılıqlı, xeyirxah əməkdaşlıqdan, dinc, sülhpərvər və qonşuluq niyyətlərindən ibarət deyil. Bu mənada dünyada yaşayan bütün türk toplum və cəmiyyətlərinin milli, siyasi və digər sahələrdə üzləşdiyi bir sıra ciddi problemləri var. Məhz son illər Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının keçirilməsi bu problemlərin birgə çözülməsi və türkün bütün potensialının hərəkətə gətirilməsi baxımından çox əhəmiyyətlidir. Türk dünyasına aid bir çox tədbirlərin Azərbaycanda, eləcə də digər türk dövlətlərində keçirilməsi və bu toplantılarda qeyri-hökumət təşkilatlarının iştirakı türk dövlət və toplumlarının əməkdaşlıq arealının genişlənməsinə və böyük mütəfəkkir – filosof İsmayıl bəy Qaspirallının irəli sürdüyü “dildə, fikirdə, işdə birlik” formulunun sözün tam mənasında həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən belə bir möhtəşəm tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın türk dünyasında önəmini qabartmaqla yanaşı onun bu coğrafiyada məsuliyyətini daha da artırır, həmçinin vətəndaş cəmiyyəti institutlarının daha sıx əlaqədə olmasına kömək edir. Təbii ki, ölkə QHT-ləri bu imkandan səmərəli istifadə etməyi bacarmalı, türk dünyasının işdə və əməldə birliyinə öz töhfəmizi verməli, ölkələrimizə qarşı məqsədyönlü şəkildə aparılan siyasətə layiqli müqavimət göstərmək üçün gələcək fəaliyyətlərin əsas istiqamətlərini və konkret hədəflərini düzgün müəyyənləşdirməlidirlər.
Bu hədəflər düzgün müəyyənləşdirilsə və bütün güclər səfərbər edilsə, onda Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, terrorçu təşkilat olan PKK-nın tam süquta uğraması, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türklərin haqlarının tanınması, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı və digər problemlər öz müsbət həllini daha tez tapa bilər. Məhz bu məsələlərdə türk dünyası qeyri-hökumət təşkilatlarının bir araya gəlməsinə və konkret bir fəaliyyət planı hazırlayıb həyata keçirməsinə çox böyük ehtiyac var. Sevindirici haldır ki, son illər bu istiqamətdə ürəkaçan addımlar atılmaqdadır. Demək olar ki, artıq türk dünyasının aparıcı üçüncü sektor təmsilçiləri də tez-tez birgə tədbirlərdə iştirak edirlər.
Qeyri-hökumət təşkilatlarının bütün önəmi də ondadır ki, onlar hökumətin keçə bilmədiyi sədləri asanlıqla keçə, bir çox həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıra, dövlət və hökumət əlaqələrinə paralel olaraq vətəndaş cəmiyyətləri arasında etibarlı körpü bağlantıları qura bilirlər. Bu mənada eyni soyu, dili, mədəniyyəti, dini və tarixi paylaşan qeyri-hökumət təşkilatlar arasında əlaqələrin yenidən qurulması və möhkəmləndirilməsi bir çox problemlərin həllinə yardımçı olur. Heç şübhə yox ki, bu təşkilatlar arasında daha sıx münasibətlərə ehtiyac var. Çünki eyni soyu, dili, mədəniyyəti, dini və tarixi paylaşan türk dünyasının üçüncü sektor təmsilçilərinin sıx münasibətləri türk dövlətlərinin beynəlxalq arenada daha böyük nüfuz qazanmasına, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasına böyük töhfə verə bilər.
Təcrübə göstərir ki, bu cür əməkdaşlıq bir çox hallarda öz bəhrəsini verir. Təkcə bir neçə il öncə ABŞ Konqresi tərəfindən qondarma erməni soyqırımı haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı dövlət qurumları ilə yanaşı Azərbaycan və Türkiyənin QHT və diaspor təşkilatlarının təşkil etdiyi müqavimət və etiraz tədbirləri öz nəticəsini verdi, layihənin qəbulu dayandırıldı. Lakin türk dünyasının başı üstündən asılmış belə “qılınclar” çoxdur. Əgər biz müdriklik, sayıqlıq və birlik nümayiş etdirərək, bu “qılıncları” vaxtında zərərsizləşdirməsək, nəticə bütün türk xalqları üçün arzuolunmaz ola bilər.
Təəssüflə qeyd etmək lazımdır ki, belə bir ortaq problemləri olan türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları, xüsusilə qeyri-hökumət təşkilatları arasındakı əlaqələr arzu olunan səviyyədə deyil. Təəssüf ki, bütün türk dünyasının gücünü artıracaq əməkdaşlıq vasitələrindən yetərincə istifadə edilmir. İlk növbədə türk dövlətləri və vilayətlərində fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarının biri-birini tanıması, siyasi, iqtisadi və mədəni sahələrdə dostluq və əməkdaşlıq etməsi üçün müəyyən addımlar daha da genişlənməlidir. Bir-birini tanıyan, əməkdaşlıq edən təşkilatlarım sıraları daha da genişləndirilməlidir.
Bu bir faktdır ki, türk dövlətlərinin dövlət başçılarının zirvə toplantılarında, Türk dövlətlərinin Parlament Assambleyası ilə yanaşı Türk dövlətləri qeyri-hökumət təşkilatlarının iştirakı cəmiyyətlər və toplumlar səviyyəsində türk dünyasının daha da yaxınlaşmasına, bütövləşməsinə və bir sıra vacib məsələlərin həllinə öz sanballı töhfəsini verir.
Türk dünyası QHT-lərinin daha da yaxınlaşması üçün bir sıra tədbirlər görülməlidir: Bunlar aşağıdakılardır: Resurs və imkanlar tam şəkildə səfərbər edilərək bütün QHT-lərin bir-birini yaxından tanımaq üçün Türk dövlətləri və toplumlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları haqqında “İnformasiya Bankı”nın və İnternet Portalının yaradılması; Türk dövlətlərinin qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili; Türk dövlət və toplumlarını təmsil edən qeyri-hökumət təşkilatlarının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının gücləndirilməsi, onların BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi və digərlərinə assosiativ üzv olması və beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;
Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində sistemli və ardıcıl fəaliyyətin göstərilməsi; Soydaşlarımızın yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı və təşkilatlanması, o cümlədən dövlət və seçkili orqanlarda onların təmsil olunması;
İndiyə kimi türk dünyasının tam şəkildə həmrəylik nümayiş etdirə bilmədiyi ən ağır problemlərimiz olan Ermənistanın işğalçı dövlət kimi dünyada tanınması və zəbt etdiyi Azərbaycan torpaqlarının boşaldılması, PKK terrorunun birdəfəlik kökünün kəsilməsi, qondarma erməni soyqırımının dünyada ifşa edilməsi, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türklərin pozulmuş hüquqlarının bərpası, Ahıska türklərinin öz tarixi torpaqlarına təhlükəsiz və güvənli bir şəkildə qayıtması, digər ölkələrdə yaşayan türklərin mədəni və siyasi hüquqlarının tanınması və digər bu kimi taleyüklü məsələlərin həllinə qeyri-hökumət təşkilatlarının bütün potensial imkanlarını səfərbər edə və türk dünyasının ən prioritet fəaliyyət istiqamətlərinə çevrilə bilər.
Düzdür, sözügedən sahələrdə müəyyən işlər görülüb, birgə fəaliyyəti koordinasiya edən bəzi birliklər yaradılıb ki, onlar da ürəkaçan işlər həyata keçirirlər. Amma bunların sayı, habelə türk dünyası QHT-lərinin əməkdaşlıq əlaqələri daha da genişlənməlidir. İldən-ilə bu sahədə nəzərəçarpan irəliləyişlərin olması isə gələcəyə daha böyük ümidlə baxmağa əsas verir.
AQİL