Mütəxəssislər bir neçə ildir ki, beynəlxalq münasibətlər sisteminin yeniləşməsi zərurətini vurğulayırlar. Hətta dünyanın yeni geosiyasi nizamının formalaşması ehtiyacından danışırlar. Lakin bu kimi fikirlər hələlik konkret tətbiqini tapmayıb. Bununla qlobal miqyasda idarəetmə məsələsi xeyli qəlizləşib. Yaranmış bu vəziyyətdən çıxış yolu kimi BMT və başqa nüfuzlu təşkilatlarda islahatların aparılması təklif edilir. Həmin məsələdə də real addımlar atılmır. BMT TŞ-nin üzvlərinin sayının artırılması belə çıxılmaza düşüb. Bununla bağlı analitiklərin irəli sürdüyü ideyalar maraq doğurur.
Geosiyasətdə yeni yanaşma:
fərqlilikdən vahid mövqeyə doğru
Son illər qlobal geosiyasətdən “şikayət” edənlərin sayı artıb. Beynəlxalq münasibətlərin tənzimlənməsi mexanizmlərini ciddi surətdə tənqid edənlər də az deyil. BMT, NATO, Dünya Ticarət Təşkilatı, Ümumdünya Bankı, Avropa Şurası, ATƏT və s. kimi təşkilatların artıq səmərəsiz fəaliyyət göstərdiyi haqqında geniş təhlillər verilir. Düşündürücüdür ki, bu cür tənqidi və xeyli dərəcədə bədbin mövqenin əsası vardır. Çünki son zamanlar dünyanın müxtəlif regionlarında özünü göstərən münaqişələr, ziddiyyətli geosiyasi situasiyalar, dövlətlərarası ixtilaflar demək olar ki, effektiv həllini tapmır.
Dünyanın böyük dövlətlərinin siyasətçiləri bu vəziyyəti qəbul edirlər. Məsələn, Barak Obama 2008-ci il seçkiləri ərəfəsi beynəlxalq təşkilatları yeniləşdirmək zərurətini tez-tez vurğulayırdı. Onun məntiqinə görə, İkinci dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq münasibətlər sistemi artıq səmərəli deyil, təşkilatların strukturu və funksiyaları müasir dünyanın çağırışlarına cavab vermir. Sürətlə dəyişən təhlükələrə qarşı durmaq üçün yeni dünya institutları yaradılmalıdır. Və yaxud mövcud olanlarda ciddi dəyişikliklər baş verməlidir.
Rusiyanın keçmiş xarici işlər naziri (1998-2004) və Təhlükəsizlik Şurasının katibi (2004-2007) olmuş İqor İvanov da dünyanın yeni geosiyasi nizama ehtiyacı olduğunu vurğulayır. O, bir qədər də konkretləşdirərək, beynəlxalq münasibətlər sisteminin köklü surətdə yeniləşməsi prosesinin uzun sürə biləcəyini proqnozlaşdırır.
İ.İvanov bununla bağlı yazır: “...keçən əsrin 80-ci illərindən başlayan dünya sisteminin fundamental surətdə yenidən qurulması prosesi heç də başa çatmayıb; belə görünür ki, biz dəyişikliklərin uzun tarixi dövrünün yalnız ortasındayıq. Bir çox transformasiya tendensiyaları hələlik güc toplayır; onların qarşılıqlı təsirlərinin nəticəsi tam miqyasda yalnız bir neçə onilliklərdən sonra özünü göstərəcək”.
Rusiyalı siyasətçi təhlilini davam etdirərək belə qənaətə gəlir ki, 2001-ci ildə beynəlxalq münasibətlər sistemində köklü islahatlar aparmaq, beynəlxalq hüquqda dəyişiklik etmək, BMT-nin quruluş sistemini yenidən formalaşdırmaq olardı (burada ABŞ-da törədilən 11 sentyabr terror hadisəsi nəzərdə tutulur – müəllif).
Ancaq Vaşinqtonun yalnız öz marağını güdmək siyasəti bu prosesin qarşısını aldı. Bunların sonu isə regional münaqişələrdə dalanların yaranması, Amerika hərbi büdcəsinin şişirdilməsi, həmçinin bütün dünyada anti-amerikan əhval-ruhiyyəsinin yüksəlməsi oldu. Bununla da “taktiki diplomatik qələbələr sürətlə strateji məğlubiyyətlə əvəz olundu”.
Maraqlıdır ki, Qərb və Asiya (məsələn, Çin və Hindistan, Sinqapur, Malayziya və s.) analoji qənaətdədirlər. Yuxarıda məqaləsinə müraciət etdiyimiz S.Patrik də eyni fikirdədir. Reallıq ondan ibarətdir ki, keçən müddət ərzində B.Obamanın da vəd etdiyi istiqamətdə heç bir əsaslı yeniləşmə baş verməyib.
Regional təşkilatlar və qlobal məkan:
uzlaşma imkanları
Bəs çıxış yolu nədən ibarət ola bilər? Stüart Patrikin proqnozuna görə, mövcud razılaşmaları tamamlayan əlavə müqavilələr imzalanmalıdır. Regional və subregional təsisatlar qurulmalıdır. Dövlət-özəl bölmə tərəfdaşlığı yaradılmalıdır. Davranışların qeyri-formal kodeksləri formalaşdırılmalıdır. Ancaq bu dəyişikliklər hansı mexanizm üzrə reallaşdırılmalıdır? Məsələnin bu tərəfi qaranlıqdır. Çünki əslində, 10 il bundan qabaq həmin proseslər özünü göstərməyə başlayıb. Lakin bu müddət ərzində praktiki olaraq dövlətlər ciddi heç bir iş görə bilməyiblər. Bunun isə konkret səbəbləri vardır.
Analitiklər Yan Bremmer və Devid Qordonun fikrinə görə, kollektiv qlobal rəhbərlik praktiki olaraq mümkün deyildir. Çünki dövlətlərin maraqları bir-birindən çox uzaqdır. Geosiyasi güclər yayğınlaşıb. Maraqlıdır ki, çoxtərəfli təşkilatların sayı həddindən çoxdur. Artıq kollektiv fəaliyyət BMT və başqa beynəlxalq təşkilatlar çərçivəsində baş vermir. Hökumətlər hətta keçici maraqları təmin etmək üçün müxtəlif regional təşkilatlara baş vururlar. Nəticədə, vəziyyətin dəyişməsi ilə bu kimi təşkilatlar da ya dağılır, ya da başqa bir formata transformasiya olur.
Yekun mənzərə isə acınacaqlıdır. Dünyada bir-birini qəbul etməyən və dayanıqlı əməkdaşlıqda maraqlı olmayan çoxlu sayda koalisiyalar formalaşır. Onların hər birinin daxilində isə kifayət qədər ziddiyyətlər mövcud olur. Məsələn, dəniz quldurluğuna qarşı Hind okeanında çoxlu sayda dövlətin hərbi-dəniz donanmasının iştirak etdiyi dəstələr yaradılıb. Bura geosiyasi maraqları bir-biri ilə yaxın olmayan ölkələrin silahlı qüvvələri daxildir. Məsələn, ABŞ, Çin, Hindistan, İran, Rusiya, Səudiyyə Ərəbistanı, Yəmən və s. Bu cür birləşmə uzunmüddətli ola bilməz və səmərəsi də çox az olur.
Onu demək lazımdır ki, ‘’Böyük səkkizlik’’ (G-8), ‘’Böyük iyirmilik’’ (G-20), BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qrupu, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və s. qurumlar da lazımi səmərəni vermir. Bütün bunlar qlobal miqyasda faydalı olmayan idarəetmə və nəzarətetmə mexanizmlərini meydana gətirib. Sanki dünya ayrı-ayrı nüfuz dairələrinə bölünür və hansı təşkilatın gücü harada çatırsa, orada ağalıq edir. Bu maliyyə, səhiyyə, ekologiya və digər sahələrə aiddir. Şərti olaraq həmin prosesi “parçalanmış qlobal idarəetmə” adlandırırlar.
Nəhayət, bir məqamı mütləq vurğulamaq gərəkdir. Biz, regional təşkilatların diqqətə alınmasını nəzərdə tuturuq. Məsələ ondan ibarətdir ki, hazırda konkret bölgə çərçivəsində meydana gələn problemləri həll edə bilən və həmin səviyyədə inteqrasiyaya imkan yaradan bir sıra təşkilatlar mövcuddur.
Bir tərəfdən, həmin təşkilatlar arasında rəqabət yaranır, digər tərəfdən isə, onların BMT çərçivəsində fəaliyyətlərini koordinasiya etmək ehtiyacı meydana çıxır. Bu mümkün olsa, BMT-nin fəaliyyətini xeyli dərəcədə səmərəliləşdirmək imkanı yaranardı.
Gerçəklik belədir ki, uzun illərdir mövcud olan həmin problemi həll etmək mümkün olmur. Regional təşkilatların əldə etdikləri nəticələri BMT çərçivəsində ümumiləşdirmək və yekun qərar qəbul etmək imkanı çox azdır. Buna görə də beynəlxalq miqyasda yeni münasibətlər sistemini formalaşdırmaq həlli çox çətin olan və ziddiyyətli məqamları özündə ehtiva edən vəzifəyə çevrilib.
Bütün bunlardan S.Patrik belə bir nəticə çıxarır ki, əməkdaşlıq formatına yeniliklər etmək lazımdır. Burada özəl sektorun rolu artırıla bilər. Qeyri-formal qaydalar çərçivəsində fərqli və effektiv əməkdaşlıq modeli tapmaq olar. Bu kimi dəyişikliklər müstəvisində isə BMT-də islahatlara cəhd etmək mümkündür.
Belə bir yanaşma qlobal miqyasda idarəetmədə müsbət nəticələr əldə etməyə imkan verə bilər. Təbii ki, bu, XX əsrdəki kimi kimlərinsə tam hökmranlığı və liderliyi anlamına gəlmir. Ancaq yaranmış vəziyyətdə heç bir nəticə əldə etməməkdənsə, nələrəsə nail olmaq daha yaxşıdır. Təəssüf ki, dünyanın böyük dövlətləri bu cür əsasda beynəlxalq münasibətləri yeniləşdirmək üzərində fikirləşmirlər. Belə təkliflər ideya olaraq qalır. Zaman isə heç kəsi gözləmir və kimsəyə güzəştə getmir. Uduzan bütövlükdə bəşəriyyət olur.
Leyla MƏMMƏDƏLİYEVA,
Newtimes.az