Suriya məsələsi İranın nüvə proqramı ilə bağlı yaranmış geosiyasi vəziyyəti arxa plana ata bilmədi. Əksinə, dünyanın böyük dövlətləri ilə Tehranın münasibətlərini hansı istiqamətdə qura biləcəyi aktuallaşdı. Bu məsələ ətrafında hazırda analitik və ekspertlərin müzakirələri gedir. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Reallıqda hansı proseslərin baş verəcəyini zaman göstərəcək. Ancaq indidən bir sıra aktual məsələləri vurğulamaq olar.
Vaşinqton-Tehran xətti: hərəkətlilik artır
İranın regionda geosiyasi statusunun dəyişdiyi hiss edilir. Ekspertlərin qiymətləndirməsinə görə, Tehran faktiki olaraq bütün qonşuları ilə münasibətlərinə yeni çalarlar gətirir, ABŞ, Rusiya, Avropa İttifaqı kimi geosiyasi güclərlə əlaqələrinə fərqli məzmun verməyə başlayır. Maraqlıdır ki, həmin prosesdə İranın davranışları bir qədər asimmetrik xarakter daşıyır. Yəni onun xarici siyasətində ənənəvi hesab edilən bir sıra əlamətlər dəyişir.
Burada, ilk növbədə, ABŞ-İran münasibətlərini vurğulamaq lazım gəlir. Prezident Həsən Ruhani Davosdakı çıxışı zamanı həmin istiqamətdə həyata keçirmək istədikləri siyasəti qısaca belə xarakterizə etmişdi: "30 illik düşmənçiliyi dostluğa çevirmək istəyirik" (bax: Ambrose Evans-Pritchard. West's 30-year vendetta with Iran is finally buried in Davos / "The Telegraph", 23 yanvar 2014). Bunun yalnız söz olmadığını sübut etmək üçün Tehran bir sıra addımlar atır. Məsələn, İran prezidenti iki məqamı Qərbin diqqətinə çatdırıb: birincisi, "İranın təhlükəsizlik strategiyasında nüvə silahına yer yoxdur"; ikincisi, "BP", "Eni", "Total" və "Shell" kimi şirkətləri ölkədə işləməyə dəvət edib (bax: Х.Рухани: Иранская экономика войдет в десятку крупнейших / "РБК", 23 yanvar 2014).
Maraqlıdır ki, Qərbin işgüzar və siyasi dairələri İranın dövlət başçısının bu fikirlərini heyrətlə qarşılayıblar. "Eurasia Group" şirkətinin prezidenti Yan Bremmer isə İslam inqilabından bu yana belə danışan iranlı liderin olmadığını deyib. O, H.Ruhaninin bütövlükdə çıxışını "Qorbaçov kimi danışır", deyə dəyərləndirib. SSRİ-nin son prezidentinin dünyada Sovetləri dağıdan adam imici vardır. Görəsən, Y.Bremmer bu müqayisəni aparmaqla Ruhaninin də radikal islahatçı olmasınımı qabardıb?
Bunlarla yanaşı, Qərb analitikləri Tehranın atdığı addımlara ümidverici məqam kimi baxsalar da, bir qədər ehtiyatlı qiymət verirlər. Məsələn, Corc Fridman iki ölkə arasındakı münasibətlərin inkişafı üçün təhlükələrin mövcud olduğunu ayrıca vurğulayır (bax: George Friedman. U.S. and Iranian Realities / "Geopolitical Weekly", 1 oktyabr 2013).
Birinci təhlükə hər iki ölkənin daxili vəziyyətindən qaynaqlanır. Onların hər birində əks tərəflə danışıqları satqınlıq kimi dəyərləndirirlər. İranın ciddi iqtisadi problemləri yaranıb. ABŞ-da ictimai rəy müharibəni qəbul etmir. Bu faktorlar Amerika ilə İranın yaxınlaşmasına əngəl törədir.
İkinci təhlükə xaricdən gəlir. İlk ağıla gələn İsraildir. Bu dövlət İranın nüvə silahını birbaşa özünə təhdid hesab edir və bu fikrindən qətiyyən dönmür. Ancaq israillilərin öz gücünə İranı məğlub etmək potensialları yoxdur və ABŞ-ı da buna təhrik edə bilmədilər. Həmin səbəbdən Təl-Əviv müxtəlif üsullarla prosesə təsir edib öz şərtlərini diqtə etməyə çalışır. Səudiyyə Ərəbistanı isə Vaşinqton-Tehran danışıqlarından, obrazlı desək, "şoka düşüb". Ər-Riyad hər vəchlə bu iki dövlətin yaxınlaşmasına maneə törətməyə çalışır. Nəhayət, Rusiya üçün İranı itirmək "strateji məğlubiyyət" anlamına gəlir (bax: əvvəlki mənbəyə).
Əgər C.Fridmanın bu arqumentlərini qəbul etsək (doğrusu, onlar inandırıcı təsir bağışlayırlar), onda ABŞ-İran əməkdaşlığına ehtiyatlı qiymət vermək lazımdır. Mümkündür ki, uzaq perspektivdə bu ölkələr hansısa alyans təşkil etsinlər. Bu ssenarini C.Fridman da istisna etmir. Ancaq bu günün reallıqları onu göstərir ki, həmin "yol hamar olmayacaq" (bax: əvvəlki mənbəyə).
İranın regional balansa təsiri
Bütün hallarda dünya Amerika ilə İran arasında münasibətlərin yeni məzmun kəsb etməyə başladığını qəbul edir. Bunun fonunda isə Tehranın Rusiya, Avropa və region ölkələri ilə əlaqələrini hansı istiqamətdə inkişaf etdirəcəyi aktuallaşır. Türkiyəli analitiklər hesab edirlər ki, "Suriya böhranı İranın Türkiyə ilə... əlaqələrində problemlər yaratmışdır..." (bax: Arif Keskin. İran Neden ABD'ye Yakınlaşmak İstiyor? / Ortadoğu Stratejik Araştırmalar Merkezi (ORSAM), 23 sentyabr 2013).
Məsələnin bu tərəfinə ABŞ-İran yaxınlaşmasının Yaxın Şərqdəki geosiyasi balansı dəyişmək aspektində yanaşanda, əhəmiyyətli məqamları görmək mümkündür. Konkret olaraq, Tehran və Ankara üçün dəyişən geosiyasi dinamikada əməkdaşlıq etmək daha faydalı təsir bağışlayır. Analitiklərin fikrinə görə, Vaşinqtonla Tehranın əlaqələrini inkişaf etdirməsi Türkiyənin xeyrinədir. Çünki bu, iki dövlət arasında iqtisadi-ticari əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına yardım edəcək.
Ekspert M.Yegin bununla bağlı yazır: "İranın nüvə silahı istehsalının əngəllənməsi Türkiyənin xeyrinə olan gedişatdır. Ayrıca qısa müddətdə bu saziş iki ölkənin ticari əlaqələri qarşısında olan maneələri də aradan qaldıracaq" (bax: Mehmet Yegin. ABD-İran yakınlaşması ve Orta Doğu’da değişen dengeler / Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK), 26 noyabr 2013). Təsadüfi deyil ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Tehranda çox isti qarşıladılar.
Bu proseslərin fonunda İranın Cənubi Qafqaz ölkələri istiqamətindəki siyasətində də müəyyən düzəlişlərin olması istisna edilmir. Azərbaycanla bu ölkənin əlaqələri normal qaydada inkişaf edir. Bəzi ekspertlər Vaşinqtonun Tehranla yaxınlaşması prosesinin Azərbaycanın enerji siyasətinə mənfi təsir edə biləcəyini vurğulayırlar. Lakin reallıq belə deyil.
Çünki Bakı enerji siyasətini hansısa dövlətə və ya dövlətlərə qarşı yeritmir. O, müstəqil və milli maraqlara cavab verən addımlar atır. Bu səbəbdən ABŞ-la İranın enerji sahəsində əməkdaşlıq etməsinin Azərbaycana heç bir mənfi təsiri ola bilməz. İran-Ermənistan münasibətləri haqqında isə belə demək mümkün deyil.
Rəsmi İrəvan indidən həyəcan təbili çalır. ABŞ-İran, Rusiya-İran münasibətlərinin yeniləşməsini özünə təhlükə kimi qəbul edir. Həmin əsasda da çıxış yolları axtarır. Ermənistan xüsusən Moskva ilə Tehranın region uğrunda mübarizəsindən çəkinir. İllərdir yeritdiyi səbatsız siyasətin heç bir səmərə verməyəcəyini anlayır (bax: Игорь Мурадян. Новые приоритеты Ирана на Кавказе / "Lragir.am", 12 dekabr 2013).
Şübhəsiz ki, Tehran Moskva ilə olan tarixi əməkdaşlığını bir kənara qoymaz. Bununla yanaşı, yeni geosiyasi şəraitdə iki ölkə arasındakı əlaqələrin məzmunu dəyişə bilər. Belə ki, Cənubi Qafqazda İranın yeni prioritetlərinin müəyyənləşməsinə Rusiya laqeydlik göstərmir. Xüsusilə, dini aspektdə Qafqazın Tehranın təsiri altına düşməsi Kremli qane etmir. İran da öz növbəsində Rusiyanın Ermənistanda tam hakim olmasına müsbət yanaşmır. Rəsmi Tehran Moskvanın birbaşa onun sərhədinə çıxmasına qısqanclıqla yanaşır.
Bunlar onu təsdiq edir ki, İranın Yaxın Şərq, Qafqaz kimi regionlarda geosiyasi təsir dairəsi dəyişikliyə uğrayır. Tehran daha güclü mövqe tutmağa çalışır. Buna o, Qərblə münasibətlərini yumşaltmaqla nail olmağa çalışır. Görünür, İranda başa düşürlər ki, ölkə eyni zamanda bir neçə istiqamətdə aktiv xarici siyasət yeritmək iqtidarında deyil. Digər tərəfdən, onun regionda kifayət qədər güclü rəqibləri vardır. Onlara qarşı təkbaşına savaşmaq Tehran üçün faciə ilə yekunlaşa bilər.
Həmin səbəblərdən İran ilk olaraq Amerika ilə 30 ildir ki, davam edən qarşıdurmaya son qoymağa cəhd edir. Ən azından bu istiqamətdə müşahidə edilən gərginliyi minimuma endirməyə çalışır. Tehran Vaşinqtonla əlaqələrini yoluna qoymaqla Avropaya da əməkdaşlıq siqnalı vermiş olur. Brüssel əvvəldən bəzi məsələlərdə İranı müdafiə edirdi. İndi Almaniya və Fransa bu ölkə ilə münasibətlərinə yeni məzmun verməyə çalışırlar. Lakin Tehran Amerika faktorunu kənara qoya bilməz. Ona görə də onun Avropa İttifaqı ilə münasibətlərinin dinamikası hələlik ABŞ amili ilə sıx bağlıdır.
Şübhə yoxdur ki, Yaxın Şərqin güclü dövlətləri ilə əməkdaşlıq İran üçün çox önəmlidir. Burada Səudiyyə Ərəbistanı məsələsinə görə, Tehranın Ankara ilə əlaqələrinə xüsusi diqqət yetirəcəyini proqnozlaşdırmaq olar. Həmin əsasda bu iki dövlətin Suriya probleminin necə həll ediləcəyindən asılı olaraq əməkdaşlıqlarını quracaqlarını demək mümkündür.
Bütün hallarda İran üçün geniş bir geosiyasi məkanda əhəmiyyətli yeniləşmə prosesinə start verilib. Buradan inkişafa yol olduğu kimi, tənəzzülü də istisna etmək olmaz. Bu, artıq rəsmi Tehranın hansı geosiyasi xətti seçəcəyindən asılıdır. Süni manevrlər mərhələsi geridə qalıb.
Newtimes.az