https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

"Neftçi"nin "Honda"sı, Hondanın "Neftçi"si - İlqar Tağıyevdən yeni yazı

"Neftçi"nin "Honda"sı, Hondanın "Neftçi"si - İlqar Tağıyevdən yeni yazı

İlqar TAĞIYEV

Darıxdırıcı ölkə futbolunda mövsümün bəlkə də ən maraqlı hadisəsi martın əvvəllərində yaşandı.

Dünya futbolunda az-çox tanınan yapon Keysuke Hondanın "Neftçi"yə gələcəyi barədə xəbərlər qısa zamanda idman mediasının gündəmini zəbt etdi. Az sonra xəbər özünü doğrultdu və "Neftçi" mövsümün sonuna kimi Honda ilə müqavilə bağladı. Az-çox tanınan ona görə yazırıq ki, Honda vaxtilə "Milan" kimi komandanın şərəfini qorusa da, ulduz futbolçu deyil. İndiyə kimi "Milan"da Honda kimi onlarla futbolçu çıxış edib və onların heç də hamısı parlamayıb. Uğur baxımından 2 il əvvəl "Səbail"in transfer etdiyi Maykl Essyendən çox geri qalır. Üstəlik, yaş amili. 35 yaşın astanasındadı və karyerasının qürub çağında "Neftçi"yə nə kimi xeyir verəcək?

Honda "flaqman"a hansı şərtlərlə gəlib? Müqavilənin detalları haqqında ictimaiyyətə məlumat verilməsə də, həmkarlarımızın yazdıqlarına görə, yaya kimi Bakıda olması "Neftçi"ni 1 milyon avroya kimi xərcə salacaq. Çempionluğa oynayan komandanın belə transferə ehtiyacı var idimi? Bu suallara mövsüm başa çatanda aydınlıq gələcək. Hələliksə, Hondanın karyerasına nəzər salaq. "Dünya futbolunun ulduzu" adı ilə azarkeşlərə sırınan futbolçunun karyerasını, uğurlarını izləməklə əslində kim olduğunu və "Neftçi"yə nə üçün gəldiyini bu yazı ilə aydınlaşdırmağa çalışacağıq.

Honda dünya futbolunun olmasa da, Yaponiya futbolunun ən parlaq nümayəndələrindən biridi. 1986-cı il iyunun 13-də Osaka prefekturasının Setsu şəhərində dünyaya gəlib. Setsu o qədər də böyük şəhər deyil. Heç 100 min əhalisi yoxdur. Buna baxmayaraq, burada futbol çox populyardı. Keysuke 8 yaşında ikən eyniadlı yerli komandanın uşaq futbol məktəbinə yazılıb. 5 il sonra yaşıdlarından seçilən balacanı "Qamba Osaka"nın selseksionerləri kəşf ediblər və bu klubun akademiyasına dəvət ediblər. Amma nədənsə, "Qamba Osaka"nın gənclər komandasında Hondaya yer tapılmayıb. Bu üzdən təhsilini adi məktəbdə davam etdirməyə məcbur olan gənc az sonra yenidən diqqət mərkəzinə düşüb. Belə ki, məktəblərarası çempionatda onun çıxış etdiyi komanda yarımfinala yüksəlib və bunda Hondanın böyük zəhməti olub. 2004-cü ildə "Naqoya Qrampus"a dəvət olunan futbolçu elə həmin il yeni komandasının heyətində Yaponiya Kubokunda debüt edib. 2005/06-cı illər mövsümündə əsas komandanın heyətində yer alan 19 yaşlı futbolçu "Naqoya Qrampus"da 3 mövsüm çıxış edib, 90 oyunda 11 dəfə fərqlənib. Ardınca Avropa turnesi başlayıb.

Hondanın Avropadakı ilk iş yeri Niderlandın 1-ci Divizionunda çıxış edən "Venlo" komandası olub. 2008-ci il yanvarın 16-da "Venlo" ilə müqavilə bağlayan yapon qısa zamanda komandanın liderlərindən birinə çevrilib. İlk mövsümdəcə komanda Divizionda 1-ci yeri tutmaqla elitaya yüksəlməyi bacarıb. Uğurda Hondanın əməyi danılmaz idi. Bunu 68 oyunda vurduğu 24 qoldan da görmək olar. "Venlo" Hondanın karyerasında tramplin rolunu oynayıb. Buradakı çıxışı və paralel olaraq Yaponiya millisinə mütəmadi dəvət alması onun tezliklə daha sanballı komandaya keçəcəyindən xəbər verirdi. 2009-cu ilin dekabrında Rusiyanın ÇSKA klubu Hondanı 6 milyon avro qarşılığında heyətinə qatdı. Keysuke ÇSKA-da 2013-cü ilə kimi çıxış etdi. Komandanın liderlərindən olan yarımmüdafiəçi bu müddətdə 1 dəfə - 2012/13-cü illər mövsümündə Rusiya çempionu adını qazandı. Bundan başqa, 2 dəfə Rusiya Kuboku və 1 dəfə də Rusiya Superkubokunu başı üzərinə qaldırdı. Yapon xarakteri, soyuqqanlı oyun, yüksək texnika, əla driblinq və peşəkar futbolçu üçün vacib olan digər xüsusiyyətlər onun tezliklə daha böyük klubların formasını geyinəcəyindən xəbər verirdi. Hələ 2010-cu ildə "Milan" Hondaya görə rus klubuna 10 milyon avro təklif etmişdi. Amma rədd cavabı almışdı. Honda zaman-zaman başqa "böyük"lərin də diqqət mərkəzinə düşmüşdü. Amma qismət "Milan" idi. 3 il sonra təkrar təklifdən bu dəfə nə ÇSKA imtina etdi, nə də Honda. "Milan"ın o vaxtkı baş məşqçisi Massimiliano Alleqrinin istəyi ilə komandaya cəlb edilən Honda "rossyonerlər"in "10 nömrə"si oldu. Amma etiraf edək ki, onun buradakı karyerası Rusiyadakı qədər uğurlu alınmadı. 2017-ci ilə kimi "Milan"ın heyətində 81 oyuna çıxan və cəmi 9 dəfə fərqlənən futbolçu yalnız 1 dəfə - 2016-cı ildə İtaliya Superkubokunun qalibi olmağın sevincini yaşaya bildi.

 

Artıq, 31 yaşlı Honda daha çox karyerasını deyil, pul qazanmağı düşünürdü. Meksikanın "Paçuka" klubundan gələn sərfəli təklifin dəyərləndirilməsi bunu deməyə əsas verir. 2017-ci il iyulun 14-də "Paçuka" ilə 1 illik müqavilə bağlayan Honda mövsüm ərzində 29 oyunda çıxış etməklə 10 dəfə fərqlənə bilmişdi.

Meksikadan sonra Honda "birillik müqavilələrlə" növbə ilə Avstraliyanın "Melbrun", Niderlandın "Vitess", Braziliyanın "Botafoqo" komandalarında çıxış etdi. Bu 3 klubla hər hansı uğur qazana bilməyən Hondanın "Neftçi"yə kimi futbolçu qismində sonuncu iş yeri "Portimonense" oldu.  Gəl ki, ulduz futbolçu bu komandanın heyətində 1 oyunda belə iştirak etmədən müqaviləni pozdu. Səbəbsə, qeydiyyatla bağlı problem idi. Hər halda dünyanın futbol olan bütün qitələrindən yalnız Afrikada çıxış etməyən Hondanın karyerasının sonrası məlumdur. O, artıq "Neftçi" ilə müqavilə bağlayıb. "4 nömrə"li forma ilə "flaqman"ın uğurları üçün çalışacaq. Hondanın bəlkə də sonuncu olmayan komandasına nə kimi xeyir verəcəyini zaman göstərəcək.

Bayaq qeyd etdiyimiz kimi, Hondanın futbolçu kimi qazandığı uğurlar elə də çox deyil. ÇSKA-da qazandığı yeganə çempionluqdan başqa, Moskva klubu və "Milan"da yaşadığı kubok və superkubok sevincləri. Vəssalam. Fərdi uğurları da barmaqla sayılası qədərdi. 2008/09-cu illər mövsümündə Niderlandda 1-ci Divizionun ən yaxşı futbolçusu, 2010-cu ildə Yaponiyanın ən yaxşı futbolçusu, 2011-ci ildə Asiyanın ən dəyərli futbolçusu adları... bir də Yaponiya millisinin heyətində dünya çempionatlarının final mərhələsində vurduğu 4 qolla ən məhsuldar futbolçu adı. Millidən söz düşmüşkən, Honda ilk dəfə Yaponiya millisinin formasını 2005-ci ildə geyinib. U-20 komandasının heyətində cəmi 1 oyun keçirən futbolçu 2006-08-ci illər aralığında olimpiya yığmasında çıxış edib və 18 oyunda 4 dəfə fərqlənib. 2008-2018-ci illərdə isə əsas komandanın şərəfini qoruyub.  98 oyunda 37 dəfə fərqlənib, 3 mundialın iştirakçısı olub. Hə, bir də ən əsası -  2011-ci ildə Yaponiyanın heyətində Asiya Kubokuna sahib çıxıb. Karyerasında ən böyük uğur da elə bunu hesab etmək olar.

Uğursuz "Portimonense" izdivacından sonra karyerasını bitirməyi düşünməyən  Hondanın yeganə iş yeri Kamboca millisinin meneceri idi. O, bu posta hələ 2018-ci ilin avqustunda dəvət almışdı. "Neftçi"də oynamasına baxmayaraq, Honda Kambocadakı işini də davam etdirəcək. Bunu futbolçu mətbuata açıqlamasında da bildirib. Bir əldə iki qarpız tutan futbolçu-menecerin hər iki işin öhdəsindən nə dərəcədə gələcək? Növbəti sual...

2008-ci ildə Misako adlı xanımla ailə quran Hondanın 3 övladı var. Amma maraqlıdır ki, o, Bakıya ailəsini gətirməyib. Tək də gəlməyib. Honda Bakıya nə qədər maraqlı olsa da, şəxsi aşpazı, tərcüməçisi və meneceri ilə gəlib...

 

"Neftçi"ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa variantlarım var idi, amma Avropada çıxış etmək istəyirdim. Avropadan da "Neftçi" mənimlə maraqlandı. Mənə bu barədə Yaponiyada da sual verdilər ki, niyə orada qalmadın? Yaponiyada oynamaq artıq mənim üçün maraqlı deyildi. Bu, mənim üçün yeni çağırışdır. Burada da uğurlu olmaq üçün əlimdən gələni edəcəm. Karyeram ərzində çox səhvlər etmişəm. Amma burada yenidən özümü göstərmək istəyirəm". Hondanın bu açıqlaması səmimiyyətdən çox uzaqdır. Maraqlıdır, 35 yaşlı futbolçunun karyerasında hansı yeni səhifə ola bilər? "Neftçi" böyük ehtimalla, Hondanın karyerasında son klub olacaq. Onun Bakıya nə üçün gəldiyi də aydındı - sərfəli təklif. 

Hondanın Azərbaycan futboluna hansısa xeyir verəcəyini də gözləmək absurddur. Təbliğat baxımından? Olmayan şeyin nəyini təbliğ edək ki?  Bu, pul itkisindən başqa bir şey deyil. Qısası, "Neftçi"nin xeyli xərc qarşılığında Honda kimi dünya futbolunda sıradan birinin transferi fikrimizcə, yanlış addım idi. Həmin pula daha yaxşı işlər görmək olardı. Hər halda müqavilə bağlanıb, iş işdən keçib. "Xeyirli olsun!" deməkdən başqə çarəmiz qalmır.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.