https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Vüqar Abbasov: "Naxçıvanda yeni stadionun tikintisi nəzərdə tutulub"

"BƏZƏN SPONSOR OLMAQ İSTƏYƏNLƏR QORXUR Kİ..."

Vüqar Abbasov: "Naxçıvanda yeni stadionun tikintisi nəzərdə tutulub"

İlqar TAĞIYEV

Mayın 23-ü futbol üzrə I Divizionda 2022/2023-cü illər mövsümü başa çatdı. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Araz Naxçıvan" son turda öz meydanında "Zaqatala"nı qəbul etdi və 2:0 hesablı qələbə qazandı. "Neftçi"nin əvəzediciləri gümüş, "Turan Tovuz"un əvəzediciləri isə bürünc medallara sahib çıxdı.

"Zaqatala" ilə matçdan sonra "Araz Naxçıvan"a çempionluq kuboku və qızıl medallar təqdim olundu. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, "Araz Naxçıvan" klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak etdi.

Mərasimdən sonra Naxçıvan Futbol Federasiyasının prezidenti və "Araz Naxçıvan"ın İdarə Heyətinin sədri Vüqar Abbasovla komandanın gələcək planları barədə söhbətləşdik. 

 

- Vüqar müəllim, "Araz Naxçıvan" böyük ehtimalla, növbəti mövsüm Premyer Liqada çıxış edəcək. Hansısa hal ola bilərmi ki, komanda elitaya buraxılmasın?

- Fors-major hallar istisna, böyük ölçüdə Premyer Liqada iştirak edəcəyik. "Araz Naxçıvan"ın Premyer Liqada oynamaması üçün bir səbəb yoxdur. AFFA və PFL-in stadionun qazonu və işıqlandırılması ilə bağlı bəzi tələb və təklifləri vardı. Artıq, həmin məsələləri həll etmişik. "Zaqatala" ilə görüş zamanı da komanda ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə müzakirə apardıq, həlli mümkün olmayan problemimiz yoxdur.

- Bizdə olan məlumata görə, stadionda VAR otağının təşkilində çatızmazlıq var...

- AFFA rəhbərliyi tərəfindən stadion üçün xüsusi VAR avtomobili alınıb. Muxtar Respublika blokada şəraitində olduğundan, onu hər dəfə gətirib-aparmaq çətindi və bu üzdən həmin avtomobil Naxçıvanda qalacaq.

- Stadionun qazonunu dəyişəcək şirkət mövsümün əvvəlinə işləri başa çatdıracağına söz verib. Necə düşünürsünüz, qısa müddətdə qazonun dəyişdirilməsi mümkündür?

- Məncə, çempionat başlayana kimi yeni ot örtüyü hazır olacaq. Çünki özümüzün inşaat şirkətləri var. Artıq bunun üçün plan qurulub, ölçülər götürülüb. Yaxın günlərdə qazonun dəyişdirilməsinə başlanılacaq.

Ümumiyyətlə, növbəti il Naxçıvanda, şəhərin çıxışında 25 minlik tamaşaçı tutumu olan yeni stadionun tikintisi nəzərdə tutulub. Düşünürəm ki, 2026-cı ildə bizdə UEFA standartlarına cavab verən xüsusi stadion olacaq.

- Yeni stadionun tikintisi ilə Gənclər və İdman Nazirliyi, yoxsa klub özü məşğul olacaq? Yəni stadion klubun, yoxsa dövlətin mülkiyyətində olacaq?

- Bu, xüsusi bir büdcədir. Yeni stadionun tikintisi üçün muxtar respublikanın da, nazirliyin də büdcəsindən pul ayrıla bilər. Həmçinin, UEFA tərəfindən də maliyyə yardımı mümkündür.

- Aşağı yaş qrupları üzrə komandaların ölkədaxili yarışlara gətirilib-aparılması məsələsi necə həll olunacaq?

- Logistika məsələsi həqiqətən də muxtar respublika üçün çətindir. İnşallah, ölkə başçısı, cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Zəngəzurdan dəhliz açılarsa, yerüstü nəqliyyatla onları gətirib-aparmaq asan olar. Bu səbəbdən U-17, U-19 və əvəzedici komandalarımız hələlik Bakıda fəaliyyət göstərəcək. Digər yaş qrupları isə əvvəlki illərdə təməlini qoyduğumuz akademiyada qalacaqlar.

Asan heç nə olmur. Realist insanam. Hər şeyə addım-addım irəliləməliyik. Ayrılan maliyyə vəsaitinin düzgün şəkildə xərclənməsinə də fikir verməliyik. Özüm uzun müddət kommersiya fəaliyyəti ilə məşğul olduğumdan, bu məsələlərin necə tənzimlənməsini yaxşı bilirəm. Ağıllı idarəçiliklə həm büdcəni artırmaq, həm də inkişaf etmək mümkündür. Bunun üçün idarəçilikdə də təcrübəli komanda formalaşdırmaq lazımdır.

- Ötən il baş məşqçi postuna Azər Bağırovu təyin etdiniz və  3 illik müqavilə bağladınız. Onunla bağlı nə qərar vermisiniz? Yola davam edəcəksiniz?

- Baş məşqçi seçimi olarkən 10-a yaxın insanla görüşmüşdüm. Mənim üçün önəmli olan məşqçinin peşəkarlığından əlavə, onun xarakteridir. Baş məşqçi məsələsinə müəssisəyə bir rəhbər götürürük kimi yanaşmışıq. Məşqçinin bacarığından, savadından başqa, liderlik qabiliyyəti də olmalıdır. Allaha şükür ki, bu xarakter bizim baş məşqçidə var, ondan razıyam. Özüm rəhbəri olduğum müəssisədə tez-tez adam dəyişməyi xoşlamıram. Şirkətimdə 20-30 il işləyənlər var. 80 faiz şərtlərimə cavab verirsə, bu, bizi qane edir.

- Siz həm də iş adamı kimi "Cahan Holdinq"in prezidentisiniz və bu səbəbdən rəhbəri olduğunuz şirkət həm də klubun baş sponsoru sayılır. Ancaq indi Premyer Liqaya yüksəldiyinizdən, maliyyə xərcləri daha da artacaq. Yükü azaltmaq üçün hansısa şirkətlərlə danışıqlar gedirmi?

- Ölkədə sponsorluq institutu hələ tam formalaşmayıb. Xüsusilə burada söhbət futboldan gedərsə... Güləş, cüdo kimi idman növlərinə maliyyə ayırmaq çətin olmur. Məsələn, bir neçə bu növdə yarışan idmançılara maddi baxımdan köməklik etmişik. Çünki dünya və Avropa çempionunun yaxşı imkanı, qidalanması olmalıdır. Fərdi idman növlərindən fərqli olaraq, kollektiv növlər üçün böyük maliyyə tələb olunur. Mən həm də Naxçıvan Sahibkarlar Konfederasiyasının sədriyəm. Region Liqasında çıxış edəndə sahibkarlara demişdim ki, ayda 5-6 min məşqçilər üçün ayırsın. Görürdüm ki, onlar da bu pulu vermək istəmirdi. Sponsorluq da məcburən olan şey deyil. İqtisad elmləri doktoru kimi deyə bilərəm ki, sponsorluq ümumi problemdir. Bəzən sponsor olmaq istəyənlər qorxur ki, əksəriyyət onun pulunun çox olmasını düşünər. Bu, reallıqdır. Amma fikrimcə, zamanla bu məsələ də qaydasına düşəcək. Həm də futbola pul ayıran şirkətlər 20 faiz mənfəət vergisindən azad edilsələr, yaxşı olar. İqtisadiyyatla idmanı bir formada birləşdirmək lazımdır. Məsələn, növbəti mövsüm üçün dövlət tərəfindən ümumilikdə Premyer Liqa klublarına 30 milyon manat ayrılacaq. Düşünürəm ki, bu, 50-60 milyon olub, həmin pulun bir qismi sponsor olmaq istəyən sahibkar üçün kompensasiya kimi verilsə, onlarda maraq formalaşar.

- Klubun İdarə Heyətində dəyişikliklər nəzərdə tutulub?

- Bəli. burada Müşahidə Şurası yaratmağı nəzərdə tutmuşuq. Müşahidə Şurasına sponsorları da cəlb etməyi düşünürük. Klubun prezidenti isə oğlum Ağazakir Abbasovdur. Böyük ehtimalla, Müşahidə Şurası 5 nəfərdən ibarət olacaq.

 

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.