|
|
|
|
Həftə sonu Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçirildi. Turun açılış matçında medallar uğrunda mübarizə aparan "Araz Naxçıvan" "Turan Tovuz"la heç-heçə etdi - 1:1. "Sabah" autsayder "Səbail"ə 3:2, "Şamaxı" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldi. Lider "Qarabağ" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edərək xal sayını 76-a çatdırdı. Yeri gəlmişkən, "Neftçi" sonuncu dəfə "Qarabağ"ı 2021-ci il mayın 19-da 1:0 hesabı ilə məğlub edərək çempion olmuşdu. O vaxtdan bəri bu komandalar arasında keçirilən 18 oyunun yalnız birində 1:1 hesablı heç-heçə qeydə alınıb. Qalan 17 oyunda "Qarabağ" qalib gəlib. Özü də son 5 oyunda "Neftçi" 1 qol belə vura bilməyib, qapısında 19 top görüb. Həftənin son matçında 18 oyundur ki, "Zirə"ni məğlub edə bilməyən "Sumqayıt" səfərdə bu komanda ilə növbəti dəfə bacarmadı - 1:3. "Zirə" aktivinə 3 xal yazdırmaqla yanaşı, həm də "Qarabağ"ın növbəti çempionluğunun rəsmiləşməsini ertələmiş oldu.
Statistik məlumatlar öz yerində. Keçək yazının məğzinə. Çempionatın bitməsinə 5 tur qalmış "Qarabağ" 2-ci yerdə qərarlaşan "Zirə"ni 15 xal qabaqlayır. 2-3 il əvvəlki reqlamentə görə Ağdam təmsilçisi 12-ci çempionluğunu qeyd etməli idi. Çünki bu komandaların öz aralarında keçirdikləri 4 oyunda üstünlük "Qarabağ"ın tərəfindədir - 3 qələbə, 1 məğlubiyyət. Gəl ki, reqlament dəyişib. Əgər komandaların xalları eyni olarsa, əvvəlcə qazandıqları qələbə sayı, bu da eyni olarsa, vurulub buraxılan topların fərqi, daha sonra vurulan qolların sayı və s. nəzərə alınır. Bu, riyazi baxımdan mümkündür. Gərək "Qarabağ" qalan 5 oyunun hamısında məğlub olsun, "Zirə" isə 5-6 top fərqilə qalib gəlsin. Ki, həm qələbə sayı bərabərləşsin, həm də top fərqi aradan qalxsın. "Vallah əmələ gəlmir"!
"Qarabağ"ı 12-ci çempionluğu münasibətilə bəri başdan təbrik edirik, Çempionlar Liqasında uğurlar arzulayırıq! O cümlədən, avrokuboklarda Azərbaycanı təmsil edəcək 3 komandamıza. Bəs, bu il Avropa Liqasında və Konfrans Liqasında təmsilçilərimiz kim olacaq?
Ümumiyyətlə, son bir neçə ildə çempionatda "Qarabağ" xaric qalan komandaları 2 yerə bölmək olar - avrokuboklar uğrunda mübarizə aparanlar və Premyer Liqada yerini qorumağa çalışanlar. Yəni, çempionluq üçün "Qarabağ"a şərik olmaq istəyən demək olar ki, yoxdur və əksəriyyət bunu qəbul edib. Bu mövsüm "Zirə" böyük ölçüdə gümüş medalları, eyni zamanda Konfrans Liqasına vəsiqəni təmin edib. Qeyri-adi bir hal baş verməsə, "Araz-Naxçıvan" 3-cü yeri tutacaq. 4-cü yerdəki "Turan Tovuz"dan 5 xal öndə olan Naxçıvan təmsilçisi çətin ki, xal fərqinin "əriməsinə" imkan verə. Üstəlik, "Araz-Naxçıvan" həm də Azərbaycan Kubokunda mübarizəni davam etdirir. Kubokla bağlı bir qədər sonra...
Bir neçə kəlmə bu 3 komanda barəsində. Əminliklə "Zirə"ni "Qarabağ"dan sonra ölkənin həm ən stabil klubu, həm də komandası adlandırmaq olar. Rəşad Sadıqovun gəlişindən sonra "Zirə" ortabab statusundan çıxmağı bacarıb və ardıcıl bir neçə mövsümdür ki, çempionatın ən güclü komandalarından birinə çevrilib. Bu minvalla davam etsə, gələcəkdə daha güclü "Zirə"ni görə bilərik. "Araz-Naxçıvan" Premyer Liqanın "gənclərindəndir". Buna baxmayaraq, komandaya gəlişindən sonra Elmar Baxşiyev mübariz kollektiv formalaşdıra bilib. Həm də komanda baxımlı futbol sərgiləyir. Çatışmazlıqlar var. Ən böyüyü isə Naxçıvan təmsilçisinin Naxçıvandan uzaq düşməsidir. Klub rəhbərliyi qarşıdakı illərdə bu problemi həll etsə... İstəsələr, edərlər. İnanaq ki, istəyirlər. O ki qaldı "Turan Tovuz"a, "Hünər Group"un komandaya sponsorluq etməsi, Kurban Berdıyevin gəlişi komandanı çox gücləndirdi. 1994-cü ildə ölkəmizi ilk dəfə avrokuboklarda (UEFA Kuboku) təmsil edən "Turan"ın qeyri-rəsmi olsa da, varisi 31 ildən sonra Konfrans Liqasına vəsiqə qazana bilər. Əgər 4-cü pilləni qorusa və bununla bərabər kuboku ya "Qarabağ", ya da "Araz-Naxçıvan" qazansa.
Azərbaycan Kuboku barədə danışacaqdıq. Artıq yarımfinal mərhələsinin ilk oyunları keçirilib. İlk oyunda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olsa da, "Qarabağ"ın yarışdan ələnəcəyi inandırıcı görünmür. Qurban Qurbanovun komandasının bu il də "qızıl dubl" etmə ehtimalı böyükdür. Ağdamlılar finala çıxacaqları təqdirdə rəqibləri bu mövsümün ən bərbad oyun sərgiləyən komandalarından olan "Sabah", ya "Neftçi" olacaq. Digər yarımfinal matçında "Sabah" ilk oyunda "Neftçi"ni məğlub edib - 2:1. Sabah Masazırda keçiriləcək cavab oyununda əsl "qırğın" olacaq. Söhbət təkcə hansı komandanın finala çıxmasından getmir. Bu oyun həm də hər 2 komanda üçün Avropa Liqasına vəsiqə qazanmaq üçün son şansdır. Finala çıxan "Qarabağ" - "Araz-Naxşıvan" cütünün qalibini məğlub etməklə istəyinə çata bilər.
"Sabah" və "Neftçi" haqda da 1-2 kəlmə yazmaq yerinə düşər. Azərbaycanın ən imkanlı klublarından olan bu cütlüyün bərbad nəticələri çox müzakirə olunur. Uğursuzluğun səbəbi nədir? "Sabah" bu mövsüm 3-cü məşqçi ilə yoluna davam edir. Söhbət Vasili Berezutskidən gedir. Son illər məşqçiləri əlcək kimi dəyişən "Sabah"da Berezutskinin gedişi də an məsələsidir. Kubokda mübarizəni dayandırsalar, böyük ehtimalla, növbəti çempionatda komandanı başqa mütəxəssis çalışdıracaq. Ümumiyyətlə, Berezutski məşqçi kimi hansı nəticələrinə və bacarığına görə komandaya gətirilib? Axı, heç bir komandanı çalışdırmayıb. "Sabah" onun baş məşqçi kimi ilk iş yeridir. Mövzudan yayınmayaq.
Bənzər mənzərə "Neftçi"dədir. Tez-tez məşqçi dəyişikliyi, səhv transferlər və s. yanlışlıqlar komandanın bu günə düşməsinə gətirib çıxarıb. Əslində, "Neftçi"nin son çempionluğunun memarı Samir Abasovun komandaya qayıtması doğru addımdır. Fikrimcə, idarəçilikdəki problemlər aradan qaldırılsa, "Neftçi" qarşıdakı illərdə əvvəlki əzəmətini qaytara biləcək.
Bəs, Premyer Liqanı bu il kim tərk edəcək? Suala indidən cavab vermək olar - "Səbail". Bayıl təmsilçisi 9-cu yerdəki "Kəpəz"dən 8 xal geridir. "Kəpəz"in bütün oyunları uduzacağı təqdirdə belə, “Səbail” son 5 turda 9 xal qazanması inandırıcı deyil. Məncə, klub funksionerləri də, futbolçular da, məşqçi heyəti də reallıqla artıq barışmalıdır. "Səbail"in zəif çıxışının bir neçə səbəbi var. Onlardan ən əsası hələ mövsüm başlamamışdan əsas sponsor ASCO-nun maliyyəni azaltması oldu. Bunun fonunda ardıcıl məşqçi dəyişiklikləri gerçəkləşdi. Şahin Diniyevin gedişindən sonra Cavid Hüseynov, indi isə Elvin Məmmədov komandanı çətin durumdan çıxara bilmədi. "Sabah" kimi kor-koranə məşqçi dəyişməkdə "het-trik" etməyin acı nəticəsi...
Hamıdan bəhs etmişkən, bir abzas da digər 3 komandamız haqda. Adil Şükürovun gedişindən sonra keçmiş dostunun yerinə gətirilən Azər Bağırov "Kəpəz"i bataqlıqdan çıxara bildi. Azər yaxşı məşqçidir. Bir qədər xarakterindəki problemləri düzəltsə və klub yaxşı sponsop tapsa, gələn mövsüm daha güclü "Kəpəz" görə bilərik. Yeri gəlmişkən, gələn mövsüm üçün Gəncə təmsilçisinin yeni baş məşqçi axtarması barədə söz-söhbət gəzir. Samir Abasovun gedişindən sonra Vaqif Cavadova tapşırılan "Sumqayıt" xeyli zəifləyib. Hər kəsin "3 xallıq komanda" gözü ilə baxdığı "Sumqayıt" hətta bir ara 10 oyunda 1 qol belə vura bilmədi. Hər halda, komanda Premyer Liqada qalmağı bacarır. Gələn mövsüm uğur qazanmaq üçünsə əməlli-başlı islahatlar vacibdir. O ki qaldı "Şamaxı"ya, böyük uğurları olmasa belə, əyalət təmsilçisini alqışlamaq lazımdır. Xüsusilə, baş məşqçi Ayxan Abbasovu. Adam işlədiyi bütün yerlərdə üz ağardıb.
AFFA-nın son illər qəbul etdiyi azsaylı doğru qərarlardan biri gələn mövsümdən Premyer Liqada komanda sayının artırılmasıdır. 2025/26-cı illər mövsümündə çempionatda 12 komanda mübarizə aparacaq. Böyük ehtimalla 1-ci Liqadan "Qəbələ", "Karvan" və "İmişli" "yuxarı" qalxacaq. Yeri gəlmişkən, aprelin 25-də MOİK-i qəbul edəcək "Qəbələ" "kiçik" çempionluğunu rəsmiləşdirə bilər. Böyük ehtimalla, bu, baş verəcək və əyalət təmsilçisini də bəri başdan təbrik edirik! Bəzi klublarımız ötən mövsüm Premyer Liqanı tərk edən "Qəbələ"nin peşəkarlığından örnək götürsə, yaxşıdır. Xüsusilə, bu il Premyer Liqanı tərk edəcək klub. Kaxaber Sxadadze kimi təcrübəli məşqçisi və peşəkar rəhbərliyi olan "Qəbələ"ni gələn mövsüm medalçılar sırasında görsəniz, təəccüblənməyin. Çempionluqdan isə... Nəinki "Qəbələ", heç digər klublarımız bir müddət danışmasalar, yaxşıdır. Çünki bu gedişə "Qarabağ" daxili birincilikdə hələ uzun müddət "at oynadacaq".