|
|
|
|
Ötən əsrin doxsanıncı illəri. Mənim bu illərlə bağlı aydın təsəvvürüm yoxdur: nə uşaqlığım, nə də gəncliyim o dövrün qonağı olub. Ona görə də bilmirəm, o dövrdə insanlarımız necə yaşayıb, nələr görüb, nələrdən keçiblər.
Daha doğrusu, bilirəm, amma kitablardan oxuduğum, filmlərdən baxdığım qədər bilirəm. Ancaq doxsanlar barədə bütün bildiyim və bilmədiyim tərəfləri ilə əmin olduğum bir şey var. Bizim nəsil görmədiyimiz doxsanların yükünü daşıyır. Daha doğrusu, bu yükdən xilas ola bilməyən bizdən öncəkilər bu yükü bizim çiyinlərimizə yükləyiblər. Onlar qədər olmasaq da, biz də bu yükün altında əzilirik.
Son dövrlər gənclərin ən çox şikayətçi olduğu məqamlardan biri yaşlı nəslin gəncləri anlamaması, onları mental qadağalarla böyütməsidir. Hər yazımda olduğu kimi, bu yazımda da qeyd edim ki, cəmiyyətlə bağlı ümumi şəkildə dediyim yanaşmalarda bütün cəmiyyəti yox, cəmiyyətin böyük hissəsini nəzərdə tuturam. Həmin bu böyük hissədə doxsanların dərin izləri var. Bəlkə də deyəcəksiniz ki, onsuz da zaman özündən sonra nələrisə qoyur, doxsanları görənlər səksənləri də görmüşdü, niyə məhz doxsanlar? Çünki həmin illər Azərbaycan tarixinin çətin dönəmləri idi. Dağılan SSRİ, müharibə, aclıq, yoxsulluq, ən dəhşətlisi isə qeyri-müəyyənlik. Təsəvvür edin ki, bir ömür bir ideologiya ilə yaşayırsan və bir gün ayılıb görürsən ki, ömür boyu sənə deyilənlərin hamısı bundan sonra faydasızdır. Təsəvvür edin ki, min bir əziyyətlə pul yığırsan və bir gün ayılıb görürsən ki, devalvasiya olub və sənin pulların konfet kağızından heç nə ilə fərqlənmir. Bir də müharibə. Təsəvvür edin, bir ömür yaşadığın ev, doğma yurdun bir gün ayılıb görürsən ki, yoxdur. Nəinki evin-eşiyin, şəhid, itkin düşən doğmaların da daha yoxdur. Doxsanıncı illər həmin "bir günlər" idi. O "bir günlər" ki, qəfil gəlirdi, yaşanırdı, ağrıdırdı, özündən sonra dərin izlər qoyurdu. İzlər o qədərdir ki, bilmirik hansından başlayıb hansında qurtaraq. Ən sadə bir misal deyim: adamlar var (həm də sayları çoxdur), evində qorxu ilə saxlayır pulunu, ancaq banka verməyə qorxur. Elə bilir ki, yenə nəsə olacaq. Çünki travması var. Ailələr var, uşaqlarına müstəqillik verməyə qorxur. Təbii ki, burada mental səbəblər mühüm rol oynayır. Ancaq mən düşünürəm ki, doxsanların burada da imzası var. O qarmaqarışıqlığı, o həngamələri görənlərdir bizi yetişdirənlər...
Onlar ürəkdolusu gənc ola bilməyiblər, bəlkə də. Ona görə anlaya bilmirlər bizi. Bu gün xarici ölkələrin ailə institutları ilə müqayisələr apararkən bu müqayisələrə elə doxsanıncı ildən başlanılmalıdır.
Və o illərin ən ağır adı müharibədir. Müharibə görən insanlar haqqında "canlı ölülər" ifadəsi işlədilir bəzən. Niyəsini bilmirəm, mənim düşüncəmdə müharibənin sinonimi itki olub həmişə. Ya can itirirsən, ya mal, ya yaxınını, ya da özünü. Uşaqlığını, gəncliyini bəlkə də, elə qocalığını itirirsən. Ömrü itirirsənsə, nə fərqi harasındasan?
Bəlkə də, ötən əsrin qırxıncı illəri doxsanlardan da çətin olub. Amma biz doxsanlara daha yaxın düşmüşük. Bu yaxınlıq bizi özümüzdən öncəki nəsildən uzaq salıb. O nəsil ki, sosializmdən keçib kapitalizmin qucağına düşüb. O nəsil ki, orada bizim atalarımız, analarımız var.
Həmişə yeni nəsillər köhnələrdən fərqlənib və fərqlənəcək də. Həmişə qocalar öz dövrünü axtaracaq, nələrisə müqayisə edib gənclərdən inciyəcək. Gənclər də öz növbəsində özlərindən əvvəlkiləri qınayacaq. Biz isə qınamadan öncə iki dəfə düşünməliyik. Bizim nəslin bu mövzuda təhəri başqadır. Çünki bizdən əvvəlkilər doxsanlar boyda dərd görüb. Yəqin az-çox sevincləri də olub. Amma inanmıram, o illərin sevinci kədərindən çox olsun.