Təndir çörəyinin sorağı bu dəfə Paraqvaydan gəldi.
Bu günlərdə Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə" adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi qərara alındı. Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdı.
Bu elementlərin içərisində lavaş hazırlanması və paylaşılması mədəniyyəti, dolma hazırlanması və paylaşılması ənənəsi və çay mədəniyyəti birbaşa mətbəximizi təmsil edir. Təndir sənətkarlığı da daxil olmaqla bunların hər biri xalqımızın mədəniyyətinə, məişətinə, həyat tərzinə dair çox şey deyir.
Ümumiyyətlə, bu kimi məsələləri şərh edərkən məsələyə yalnız məişət nöqteyi-nəzərindən baxmaq olmaz. Çünki bir xalqın mətbəxi onun coğrafiyası, dini, tarixi ilə birbaşa bağlıdır.
Bəs görəsən, təndir bizim mədəniyyətimizdə hansı yeri tutur?
Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun "Mərasim folkloru" şöbəsinin aparıcı elmi işçisi Atəş Əhmədli ilə söhbətləşdik. Onun sözlərinə görə, bu ənənə olduqca vacib məqamlardan xəbər verir: "Ən qədim xalqların çörəkbişirmə adətləri olub. Azərbaycan xalqının da çörəkbişirmə ənənəsinin tarixi qədimdir. Sözügedən ənənənin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, Azərbaycan xalqının özünəməxsus adətlərinin olmasından, mədəni həyatından, müəyyən tarixi mərhələni keçməsi kimi məsələlərdən xəbər verir.
Biz bilirik ki, çörək təxminən, altı min il bundan qabaq istehsal olunub. Bu, Sürixdə müxtəlif çörək nümunələrini tədqiq edən alimlərin qənaətidir. Azərbaycana gəldikdə isə əvvəlcə qeyd edək ki, təndir əkinçiliklə birbaşa bağlıdır. Çünki təndir çörəkbişirmənin yeni bir vasitəsidir. Maraqlıdır ki, odun əldə olunmasına qədər də çörəkbişirmə ənənəsi olub. Məsələn, qədim dövrlərdə insanlar qızmar günəş altında isti daşların üzərinə xəmir qoyarmışlar. Mingəçevir ərazisində aparılan araşdırmalarda bizim eradan əvvəl - birinci minilliyə aid darı nümunəsi tapılıb. Azərbaycan dünyanın ən qədim əkinçilik mədəniyyətinə sahib olan ölkələrdəndir. Təndirdən istifadə isə odun əldə olunmasından sonrakı mərhələdir. Təndir çörək bişirmə prosesində böyük təkamül hesab olunur".
Folklorşünasın sözlərinə görə, hələ qədim dövrlərdən bəri xalqımız təndiri müqəddəs hesab edib: "Bizim müqəddəs ocaq, sakral məkan hesab etdiyimiz təndirlə mənəvi bağlılığımız var. Hətta bəzi tədqiqatçılar təndiri "Tenqri" sözü ilə də əlaqələndirir. Bilirik ki, qədim türklər həm də Günəşi Tenqri adlandırıblar. Günəşə tapınmaq tanrıya tapınmağa bənzəyirdi. Təndir də Novruz vaxtı qalanan tonqal kimi günəşin yerdəki kiçildilmiş modeli hesab olunurdu. Bilirik ki, insanlar ocağa da tapınıblar. Bizdə ocaq təkcə yanan halda yox, həm də dədə-baba yurdu kimi xarakterizə olunaraq müqəddəsləşdirilir. Odun kəşfi insanların həyatında sıçrayış idi. Odda bişən yeməklər daha keyfiyyətli və dadlı olurdu. Zamanla insanların bu cür fayda götürdükləri yerlə bağlılığı yaranmışdı. Çörəkbişirmə təkcə qidalanma ilə bağlı məsələ olmayıb, eyni zamanda mədəni bir proses hesab olunurdu. Bu kimi məqamlar xalqın maddi-mənəvi mədəniyyətinin bütövləşməsindən xəbər verir".
Atəş müəllim qeyd etdi ki, bölgələrə görə təndirin xüsusiyyətləri də dəyişir: "Təndirin müxtəlif növləri var. Bunlar bölgələrə görə dəyişir. Məsələn, cənub bölgəsində təndirlər əsasən, aşağı hissəsi geniş, yuxarıya doğru isə daralan formada olur. Şirvan bölgəsində də palçıqdan hazırlanan bu cür nümunələrə rast gəlinir. Ancaq Lahıc ərazisində təndir yerdən qoyulur və ətrafına qənbər daşları hörülür. Çünki daş qızanda enerjini itirmir, istiliyi özündə daha yaxşı saxlayır. Bu cür yerdən olan təndirlərə analarımız, nənələrimiz əyilərək çörək yapırdılar. Fikrimcə, bu proses çox çətin olsa da, texnika olaraq daha münasibdir. Çünki istiliyin itməməsi üçün yer təndiri daha effektivdir. Ancaq bayırda olan uzunsov təndirlərin hava şəraitindən asılı olaraq, divarları soyuyur və yenidən yandırılması lazım gəlir"
Bu işin çətinliyi haqqında hər gün çörək aldığım Zeynəb xala ilə ayaqüstü söhbətləşirəm. Necə deyərlər, illərdir ki, çörəyi təndirdən çıxan Zeynəb xala deyir ki, əvvəllər bu iş ona çətin gəlsə də, artıq öyrəşib: "Xüsusən də, yay vaxtı isti təndirə girmək dözüm tələb edir. Ancaq hər şey vərdiş məsələsidir. Sobada çörək bişirməklə təndirdə bişirməyin fərqləri çoxdur. Söhbət təkcə bişirmə üsulundan yox, həm də xəmirin hazırlanmasından gedir. Çörəyin yaxşı çıxması tək bizdən asılı olan məsələ deyil, burada təndirin də böyük əhəmiyyəti var. Yaxşı təndirdən yaxşı da çörək çıxır. Dadlı çörəyə həmişə tələbat var. Düzdür, yay aylarında çörək alanların sayı lap çox olur, ancaq indi də müştəri sarıdan korluq çəkmirik. Əsas odur ki, ruzimiz həmişə olsun".