|
|
|
|
Yaz şəninə ən çox təriflər deyilən fəsildir. Bahar soyuğu məşəqqət bilib günəşə sığınanlara ümid bəxş edir. Gəlişini hələ bir ay qabaqdan çərşənbə-çərşənbə bayram edən məmləkətimin insanı üçün yaz başqa təntənədir.
Bəlkə də bu romantikanın təsiri ilə baharın qüsurlarını görməkdə çətinlik çəkirik. Məsələn, qışın soyuğundan ehtiyatlanır, yayın qızmarından qorunmağa çarə gəzirik. Ancaq yaza çoxumuz eyni həssaslıqla yanaşmırıq. Halbuki bu fəslin də özünəxas ərköyünlükləri var.
Əmr olundu, abi-niysan!
Cansızlara bəxş etdi can.
Yenə təzələndi dövran,
Nə gözəl ruzigar oldu!
Qasım bəy Zakirin də dediyi kimi, bahar dövranın təzələnməsidir. Ancaq bu təzəlik özü ilə yalnız gözəlliklərmi gətirir? Təəssüf ki, cansızlara can verən fəsil həm də canın sınağıdır. Bəzi xəstəliklərin məhz yaz-payız aylarında baş qaldırdığını nəzərə alsaq, bu fəslin gətirdiyi problemlərə daha ciddi yanaşmalıyıq.
Bu yazıda fəsil dəyişikliyinin insan orqanizminə təsirlərindən və bahar yorğunluğundan danışmışıq.
Sözügedən problemin yaranma səbəbləri və mübarizə üsulları haqqında mütəxəssislərin fikirlərini öyrəndik.
Həkim-terapevt Novruz İsmayılovun sözlərinə görə, yaz aylarında bir çox insan özündə halsızlıq, yuxusuzluq, enerjisizlik və ruh düşkünlüyü hiss edir: "Səbəbi bəzən anlaşılmayan bu vəziyyətin adı - bahar yorğunluğudur. Əslində bu, bədənin fəsil dəyişikliyinə verdiyi təbii reaksiyadır. Çünki temperatur dəyişir, bədən enerji itirir. Qışın soyuğundan sonra istilərin artması damar genişlənməsinə, qan təzyiqinin dəyişməsinə və maddələr mübadiləsinin aktivləşməsinə səbəb olur. Bədən dəyişikliklərə uyğunlaşmaq üçün enerji sərf edir - bu isə yorğunluq yaradır. Gün işığı isə hormon balansını pozur. Baharın gəlişi ilə günlər uzanır, bu isə melatonin və serotonin balansını dəyişdirir. Belə olan halda orqanizm yeni ritmə uyğunlaşmaqda çətinlik çəkə bilər. Həmçinin qış boyu azalan günəş şüaları və tərəvəz-meyvə istehlakı orqanizmdə D vitamini, B qrupu vitaminləri, dəmir və maqnezium çatışmazlığı yarada bilər. Qış aylarında daha az hərəkətli həyat tərzi bədən tonusunu aşağı salır. Yaz gələndə isə bədən bu rejimdən ayılmaqda çətinlik çəkir".
Həkim sözügedən problemə qarşı qidalanma və yuxu rejiminin əhəmiyyətini vurğulayıb:
"İlk növbədə sağlam qidalanmaya diqqət etmək lazımdır. Rasionunuza təzə bahar tərəvəzləri, sitrus meyvələri, göyərti, qoz-fındıq və balıq əlavə etməyiniz məsləhətdir. Xüsusilə D və B vitaminləri orqanizmin enerji balansı üçün vacibdir.
Hər gün ən azı 20 dəqiqə günəş altında gəzin. Bu, həm D vitamini istehsalını artırar, həm də ruh halınızı yaxşılaşdırar. Fiziki aktivliyə diqqət edin. Gündəlik yüngül idman - yürüş, velosiped sürmək və ya yoqa qan dövranını aktivləşdirir, maddələr mübadiləsini sürətləndirir. Çalışın çoxlu su için. Çünki yaz aylarında bədən daha çox su itirir. Kifayət qədər su içmək (1.5-2 litr) bədənin təmizlənməsinə və enerjinin bərpasına kömək edir.
Həmçinin, yuxu rejimini tənzimləyin, axşam saatlarında ekranlardan uzaq durun. Hər gün eyni saatda yatıb oyanmağa çalışın".
Bahar yorğunluğu təkcə fiziki yox, həm də psixoloji problemlərlə özünü göstərir.
Psixoloq Mələk Kərimova mövzu ilə bağlı danışarkən bildirib ki, bahar depressiyası adətən 2-6 həftə davam edir: "Burada bir sıra amillər rol oynayır. Əvvəla, fəslin dəyişməsi ilə əlaqədar bioloji ritmin dəyişməsi depressiyaya yol aça bilir. İkinci bir səbəb qış mövsümündəki passiv həyat tərzi ilə bağlıdır. Belə ki, aktiv həyat tərzindən uzaq olan şəxslər günəş işığına az çıxdıqları üçün onlarda D vitamini çatışmazlığı görünə bilər. Adətən, bu vitamin çatışmayanda bədəndə depressiv əlamətlər müşahidə olunur. Depressiv əlamətlər dediyimiz zaman şəxsin özü, gələcəyi, münasibətləri ilə əlaqədər dərin bir üzüntü ümidsizlik hiss etməsi, bəzən iştahsızlıq, yuxu pozuntularının ortaya çıxması, az-yaxud çox yatması, şəxsin özünü halsız, həvəssiz hiss etməsi və bu kimi digər əlamətlər nəzərdə tutulur. Daha öncə depressiya, yaxud təşviş pozuntuları yaşamış pasiyentlərdə bahar depressiyası daha çox müşahidə olunur.
Problemin qarşısını almaq üçün fiziki aktivliyi artırmaq, serotonin və melatonin hormonlarının səviyyələrinə diqqət etmək, günəşdə çoxlu gəzmək məsləhət görülür. Həmçinin, yuxu rejiminə əməl etmək, sosial aktivliyi artırmaq da vacib məqamlardır. Bunların sayəsində depressiv əlamətləri azaltmaq mümkündür. Ancaq sadaladığımız vasitələr kömək etməsə, psixoloqa müraciət etmək məsləhət görülür".
Fəsil dəyişikliyinin yaratmış olduğu problemlər zahiri görünüşə də təsir edir. Dermatoloq Tünzalə Əzizlinin sözlərinə görə, bəzən fəsli xarakter daşıyan xəstəliklər belə xroniki hal ala bilir: Bu, təkcə dəri ilə bağlı deyil, daxili orqanların xəstəliklərinə də aiddir. Məsələn, mədə xorası əsasən yaz-payız aylarında şiddətlənır. Yaxud da pullu dəmirovun hər bir fəsildə kəskinləşən dövrü olur.
Yaz fəslində həm dəridə, həm də saçlarda müxtəlif problemlər görülə bilər. Saçlarda əsasən tökülmə, kəpəkləmə və qabıqlama halları müşahidə olunur. Bunların qarşısını almaq üçün mütləq mütəxəssisə müraciət etmək lazımdır. Səbəblər dərindən araşdırmalıdır. Əgər daxildə yatan bir səbəb yoxdursa, fəsil dəyişkənliyinə uyğun olaraq müalicə təyin oluna bilər. Dəri problemlərinə gəldikdə isə bu aylarda kontakt dermatit, eqzema, qaşınma, qızartı, göynəmə hissiyyatı kimi əlamətləri görünə bilər. Təbii ki, bunların müalicəsi var. Ancaq müalicə özbaşına aparıla bilməz. Düzgün müdaxilə olmasa, sadaladığımız xəstəliklər daha da ciddiləşə bilər. Bu problemlərlə üzləşən şəxslər dermatoloq müayinəsində olmalı və həkimin təyinatı üzrə müalicə aparılmalıdır. Bəzən pasiyentlər həkim göstərişi olmadan aptekdən müxtəlif tərkibli hormonal mazlar alıb uzun müddət istifadə edirlər. Bu isə daha ciddi fəsadlar yaradır. Xəstəliyin ilkin mərhələsində həkimə müraciət etmək məsləhətdir".
Mütəxəssislərin fikirlərinə əsasən bu qənaətə gələ bilərik ki, fəsil dəyişikliyinin gətirdiyi problemlərə dırnaqarası yanaşmaq olmaz. Ümumiyyətlə, fəsildən asılı olmayaraq sağlamlıqla bağlı ən xırda məsələlərə də diqqət etmək vacibdir. Necə deyərlər, can cahana bir dəfə gəlir...