|
|
|
|

Assertivlik həyatımı gözəlləşdirir.
Üstümdə xırda pul olmadığı üçün qarpız satan dayıya 60 qəpik borclu qaldım. Bu gün işdən qayıdanda borcumu xatırlayıb, üz tutdum məhlənin o biri başına. Həmişə bazarlıq etdiyim dükanda bu dəfə də məni gülərüzlə qarşıladılar. Üç-beş kəlmə söhbət edəndən sonra əlimdə tutduğum xırda pulu verib qapıya sarı yönəldim. Elə ayağımı dükanın kandarına qoymuşdum ki, satıcı dayı ənənəvi sualını verdi: "Qarpız necə çıxdı?" - İstədim ənənəvi suala elə ənənəvi " Yaxşı idi"- cavabını verim. Ancaq nədənsə dilim dönmədi.
"Ağappaq. Çox pis idi. Bir dilim belə yemədən atdım zibil qabına". Məndən belə cavab eşitməyə öyrəşməyən dayı əvvəlcə tutuldu. Sonra gülümsəyərək əlavə etdi: "Bilirsən, məndə pis mal olmur. Qarpız da həmişə bal kimi çıxır. Amma işdir də, hərdən belə də olur. Götür pulunu. Gəl, sənə başqa qarpız verim havayı".
Əlbəttə ki, nə pulu götürdüm, nə də qarpızı. Nəzakəti üçün təşəkkür edib, mehribanlıqla sağollaşdım. Dərdim nə altmış qəpik idi, nə də kiməsə minnət qoymaq. Üstəlik, bu, qarpızdır, dayı hamısının içindən xəbərdar olası deyil ki. Bunları çox yaxşı anlasam da, dükandan çıxanda özümdə bir yüngüllük hiss etdim. Dəfələrlə eyni halla üzləşsəm də, heç vaxt belə şeyin xırdaçılığını etməmişəm. Ancaq bu dəfə düşündüm ki, əgər yorğun halda altmış qəpik borc ödəmək üçün yolumu uzadıramsa, deməli, bu situasiyada mən sadəcə alıcıyam. Necə ki mənə altmış qəpiyi keçmirlər, deməli, mən də nələrisə keçmək öhdəliyindən azad oluram. Dayıya böyük rəğbətim olsa belə.
Deyəcəksiniz ki, nə böyük iş olub, aldığın qarpızın xarab çıxdığını demisən də.
Təbii ki, böyük qəhrəmanlıq etmədiyimin fərqindəyəm. Məsələ də məhz bundadır. Dünənə kimi belə xırda şeyləri ürək rahatlığı deyə bilmirdim. Əlbəttə, ciddi məsələlərdə haqqım tapdalanarsa, özümü lazımi şəkildə ifadə edib sona qədər mübarizə apara bilirəm. Ancaq mövzu xətrini istədiyim adamlar olanda vəziyyət dəyişir. Kiminsə qəlbini qırmaq yerinə susmağı, başqası inciməsin deyə, özümü incitməyi üstün tuturdum.
Ta ki assertivliklə tanış olana qədər. Xeyli müddətdir, bu təlimi öyrənsəm də, tətbiqinə heç cür ürək eləyə bilmirdim. Ancaq məlum qarpız haqq-hesabından sonra ilk dəfə hiss etdim ki, deyəsən, bu, məndə alınır.
Bəs nədir bu assertivlik?
"Assertivlik - şəxsin öz emosiyalarını, düşüncələrini, istəklərini və tələbatlarını aydın, dəqiq şəkildə ifadə etməsi və bu zaman qarşısındakı şəxsin və ya şəxslərin emosiya, düşüncə, istək və tələbatlarına qarşı diqqətli davranışı ilə səciyyələnir.
Bu qabiliyyət xarici təzyiq şəraitində insanın maraqlarını və davranış xəttini düzgün müdafiə etmək üçün səssiz şəkildə uyğun olmayan şeylərə "xeyr" deməyə imkan verir, sosial cəhətdən məqbul bir şəkildə isə hüquqlarınızı qorumaqda israrcı bir davranış kimi özünü göstərir.
Assertiv insan - özgüvənli, özünəinamlı və məqsədyönümlüdür. O, istənilən bir münaqişədən və mübahisədən qaçmaq üsullarını biləndir. Nə aqressivdir, nə də ki, passiv - sadəcə olaraq hər bir məsələdən çıxış yolu tapmağı bacarandır".
Psixologiyada assertivlik bu cür şərh olunur.
Azərbaycan dilində sözügedən terminin qarşılığını axtarsam da, tapa bilmədim. Özü varmı ki, sözü də olsun?
Bizim kimi toplumlarda hələ də itaət əxlaq göstərici sayılır. Məsələn, qarşındakı yaşca səndən böyükdürsə, haqlı olsan belə susmağa, gördüyünü görməzdən gəlməyə məcbur olursan. Fərdiyyətçi düşüncə hakim olmadığı üçün itaətkarlar təqdir olunur.
Çoxumuz belə böyüdülürük. Müəyyən bir yaşa çatdıqda isə özümüzü ifadə etməkdə çətinlik çəkir, baş verənlərə qarşı adekvat reaksiya verməkdə ləngiyirik. Çünki bu kimi xüsusiyyətləri sonradan formalaşdırmaq çox çətindir. Sözəbaxan uşaqların böyüməyi də var axı.
Assertivlik o demək deyil ki, bütün mübahisələrdə özünü haqlı çıxarırsan. Terminin şərhində bir cümlə xüsusilə vurğulanır: "Reaksiya nə aqressiv, nə də passiv olmalıdır".
Yəni sən haqqını qışqıraraq istəmirsən, ancaq susmursan da. Ən münasib bir dillə özünü ifadə etməyə çalışırsan. Məsələ mübahisəyə çevrilmədən nələrisə yoluna qoya bilmək əsas şərtlərdən biridir.
Aqressivlik çox vaxt qarşındakını incidir, passiv reaksiya isə insanın özünü. Demədiyimiz sözlər vaxt keçdikcə öz beynimizdə uğultuya çevrilir. Bu uğultu da dincliyimizi əlimizdən alır. Yaxud da emosiyalara qapılıb aqressivlik nümayiş etdirəndə xırda bir məsələdən böyük problemlər yaratmış oluruq. Kəsəsi, nə qədər şablon səslənsə də, orta xətdə dayanmaq olduqca vacibdir.
Əgər bu bacarığa sahib deyilsinizsə, sağlam münasibət qurmaqda çətinlik çəkə bilərsiniz. Xoşbəxtlikdən öz üzərində işləməklə bu xüsusiyyəti formalaşdırmaq mümkündür. Bu istiqamətdə atılacaq ilk addım təlimin mahiyyətini mənimsəməkdir. Daha sonra bir sıra vacib elementləri özündə inkişaf etdirmək lazımdır. Məsələn. "yox" demə bacarığı, hadisələrə adekvat reaksiya vermək, aqressivlikdən qaçmaq və s. Ən sonda isə konkret situasiyada təlimi tətbiq edərək praktiki davranışlara yiyələnməlisiniz. Əgər ilkin mərhələdə hər hansı boşluq yaranarsa, sondakı davranış formal xarakter daşıyacaq və heç bir effekt verməyəcək. Məsələn, siz özünə hörmətin mahiyyətini tam şəkildə qavramadan ixtiyari məsələdə lazımi reaksiyanı versəniz belə, başqasını incitdiyinizi düşünüb narahatlıq keçirəcəksiniz.
Ümumiyyətlə, assertivlik üç-beş günə qazanılacaq bir bacarıq deyil, sistemli və səy tələb edən prosesin nəticəsidir. Məsələn, mən xeyli müddətdir ki, bu haqda kitablar oxuyub, təlimlərdə iştirak etsəm də, hələ ki, yeganə qənaətbəxş nəticəm qarpız satan dayı ilə olan haqq-hesabdır.
Əgər sizin də həssaslığınız həyatınızı cəhənnəmə döndərirsə, assertivlik dadınıza çatacaq.



