Sentyabr ayında Almaniyada parlament seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra Angela Merkelin 16 illik hakimiyyəti başa çatacaq.
Bu, öncə Angela Merkelin siyasi fəaliyyətini bitirmək istəyi ilə bağlıdır. Digər tərəfdən, son zamanlar keçirilən bütün rəy sorğuları Angela Merkelin lideri olduğu Xristian Demokrat İttifaqının seçkilərin qalibi ola bilməyəcəyini göstərir. Eyni zamanda, 14 martda Baden-Vürtemberq və Reynland-Pfalts əyalətlərində keçirilən seçkilərdə də Xristian Demokrat İttifaqının rəqiblərinin qalib gəlməsi almanların dəyişiklik istəyini çox açıq nümayiş etdirdi. Bu iki əyalətin Almaniyanın varlı regionlarından hesab olunmasını nəzərə alanda, nisbətən kasıb əyalətlərin hansı partiyaya səs verəcəyini proqnozlaşdırmaq çətin deyil. 14 mart seçkilərinin ən çox diqqət çəkən tərəfi isə Baden-Vürtemberq əyalətinin "yaşıllar"ın namizədi Vinfrid Kretçmanna səs verməsi oldu. Reynland-Pfaltsdə isə Xristian Demokrat İttifaqının əzəli rəqibi sosial-demokratların təmsilçisi xanım Malu Drayer qalib gəldi.
İki əyalətdə seçkiləri uduzan Xristian Demokrat İttifaqının sentyabr seçkilərində məğlubiyyət ehtimalının yüksək olması ilə yanaşı, bütün Almaniyada seçkinin qalibinin məhz "yaşıllar"ın təmsilçisi Annalena Berbokun olacağı ehtimalı da yaranıb. 41 yaşlı xanım Annalena Berbok həm də Angela Merkelin postuna yeganə qadın namizəddir. Bu seçkilərdə bütün partiyaların kansler vəzifəsinə namizədi kişi olduğu halda, "yaşıllar" qadın namizədlə seçkilərə qatılmaq qərarı veriblər.
Annalena Berbokun qələbə qazanacağı halda Almaniyanın ətraf mühit siyasətində kəskin dönüş ola bilər. Avropa iqtisadiyyatının və sənayesinin lokomotivi olan Almaniyada belə bir dönüş isə Rusiya üçün ağır nəticələr doğuracaq. Rusiyanın qatı tənqidçisi olan Annalena Berbok Angela Merkelin dəstəklədiyi "Şimal axını-2" qaz kəməri layihəsinin qəti əleyhdarıdır. Ümumiyyətlə, "yaşıllar"ın Almaniya kimi sənaye ölkəsində qələbəsi Avropada yeni bir dönəmin başlanğıcı ola bilər. Daxili yanma mühərrikli avtomobillərin qatı əleyhdarı olan "yaşıllar"ın Almaniya kimi avtomobil sənayesi lideri olan bir ölkədə hakimiyyətə gəlməsi həm də yeni sənaye inqilabını sürətləndirəcək.
Avropada ətraf mühitlə bağlı narahatlıqların artması "yaşıllar"ın Almaniyada hakimiyyətə gəlişini təmin edəcək amillərdən biridir. Digər tərəfdən, qadın hüquqları və gender bərabərliyi şüarları ilə çıxış etməsi də "yaşıllar"ın hakimiyyətə gəlməsinə öz töhfəsini verə bilər.
Angela Merkelin 20 ildən artıq bir müddətdə liderlik etdiyi Xristian Demokrat İttifaqının rəqibləri gücləndiyi bir zamanda, hakim partiya bəzi təmsilçilərinin rüşvət qalmaqalı ilə daha da zəifləyir. Müşahidəçilərə görə, qarşıdakı bir neçə ayda vəziyyətin dəyişməyəcəyi halda Almaniyanın tarixində yeni mərhələnin başlayacağını ehtimal etmək olar.