Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrinin(GSDF) Çinin ölkənin cənub-qərb bölgəsindəki təhdid xarakterli fəaliyyətinə qarşı Fransa və ABŞ-la birlikdə genişmiqyaslı ortaq təlimlər keçirəcəyi bildirilib.
525.az xəbər verir ki, Yaponiya müdafiə naziri Kişi Nabuo mətbuat konfransında təlimlərin 11-17 may tarixlərində ölkənin cənub-qərbindəki Kyuşu adasında planlaşdırıldığını açıqlayıb. Nazir "uzaq adaların qorunması çərçivəsində Yaponiya, ABŞ və Fransa arasında əməkdaşlığı gücləndirərək GSDF-nin taktika və bacarıqlarını inkişaf etdirməyi hədəfləyirik",- deyə bildirib. Təlim GSDF-nin Kirişima təlim bazasında və Kyuşudakı Ainoura hərbi düşərgəsində keçiriləcək.
Qeyd edək ki, 1 fevral tarixində Çində qüvvəyə minən qanun öz sahil mühafizəçisinə qaydalara uyğun olmayan xarici gəmilərə qarşı silah istifadə etməyə icazə verir. Kyodo agentliyi, bu qanunun Çinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında üzən Yapon gəmilərini hədəf almasına icazə verdiyini bildirib.
Firuzə Əliyeva