Hindistan hökuməti koronavirusla bağlı bəzi yazıların “Twitter”dən silinməsini tələb edib.
525.az xəbər verir ki, 1,3 milyard əhalisi olan Hindistanda COVID-19 pandemiyası nəzarətdən çıxdığı üçün günahlandırılan hökumət, “Twitter”dən kritik yazıların silinməsini istəyib. Platformanın sözçüsü açıqlamasında koronavirus haqqında bəzi yazıların Hindistanda izlənilməsinin qadağan olunduğunu təsdiqləyib. Ölkənin tələbinin 2000-ci il- İnformasiya Texnologiyaları Qanununa əsaslandığı bildirilib.
Verilən məlumata görə, Hindistan hökumətinin epidemiya ilə bağlı bəzi yazıları aradan qaldırmaq tələbi minlərlə insanın reaksiyasına səbəb olub. Rəsmilər isə yazıların həqiqəti əks etdirməməsi və çaxnaşmaya səbəb ola biləcəyini söyləyib. Həmçinin Hindistandakı artan yoluxmaya baxmayaraq, ölüm sayının saxtalaşdırdığı iddia edilib.
Qeyd edək ki, gündəlik yoluxma sayı son 5 gündə dünyada ən yüksək səviyyədə olan Hindistanda ümumi yoluxma sayı 17 milyondan çox, ölüm sayı isə 95 123 nəfərə yüksəlib.
Firuzə Əliyeva