ABŞ dövlət katibi Entoni Blinken xarici media mənsubları ilə onlayn bir mətbuat konfransı keçirib. Konfransda Co Bayden və Rəcəb Tayyib Ərdoğanın telefon danışığı, eləcə də S-400 hava müdafiə sistemləri müzakirə olunub.
525.az xəbər verir ki, Blinken Prezident Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının “gözlənilən” adlandırıb və məqsədinin hər hansı bir ittiham irəli sürmək olmadığını söyləyib. Dövlət rəsmisi, Baydenin bu illər ərzində yürütdüyü fikirlərini dilə gətirdiyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanla Bayden arasındakı telefon danışığına münasibət bildirən Blinken, onu uğurlu qiymətləndirib. İki ölkənin birlikdə əməkdaşlıq edəcəyi bir çox məsələnin olduğunu söyləyən dövlət katibi, fikir ayrılıqları olsa da, Türkiyənin kritik bir NATO tərəfdaşı olduğunu və ABŞ-la Türkiyənin bir çox regional və qlobal ortaq maraqlara sahib olduğunu bildirib.
Verilən digər məlumata görə, Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini almasına münasibət bildirən Blinken, bunu verilən vədlərə zidd adlandırıb. Lakin Türkiyə ilə əməkdaşlığa davam edəcəklərini də qeyd edib:
“Bütün müttəfiqlər Varşavada keçirilən NATO 2016 Sammitində Rusiya texnikasından asılılığı artırmaq üçün deyil, azaltmaq barəsində söz veriblər. S-400-lərin alınması ABŞ təhlükəsizliyi, müttəfiq hərbi texnika, personal üçün bir təhdiddir və eyni zamanda ABŞ və Türkiyənin uzun müddətdir müttəfiq olduqları NATO daxilindəki harmoniyanı pozur", - deyə o qeyd edib.
Firuzə Əliyeva