Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri keçirilib.
Dövlət başçısı konfransda çıxışı zamanı bir sıra vacib mesajlar verib, Qarabağ müharibəsindən sonrakı vəziyyətdən danışıb, ölkəmizin regional əməkdaşlıqda maraqlı olduğunu önə çəkib.
Tədbir iştirakçılarının suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bəyan edib ki, Dağlıq Qarabağın statusu müzakirə predmeti olan məsələ deyil: "Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər... İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik. Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik".
İstər müharibə dövründə, istərsə də postkonflikt mərhələsində İlham Əliyevin yeni informasiya strategiyası Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynadı. Yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, postkonflikt dövrdə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı, bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır.
Milli Məclisin üzvü Hikmət Babaoğlu hesab edir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu müzakirələr əslində, Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi. Deputat deyib ki, bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdırıla bilər: "Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi, yeni realığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruruliyi. Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyası üçün yeni perspektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir. Ancaq bir məsələ də aydındır ki, həmin məqsədlər çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə gətirilməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar. Bu isə siyasi proseslərin emosional tərəfidir. Ona görə də qeyd edildi ki, öz ata yurdlarından məcburi köçkün olmuş azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vandaliziminin törətdiyi vəhşiliklərlə üzləşirlər. Mədəni irsimizin, maddi və mənəvi abidələrimizin sıradan çıxarıldığının şahidi olurlar və bu onlarda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu, hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir. Üstəlik, hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu, əslində, elə yeni hərbi cinayətlər törətmək deməkdir. Lakin bütün bunlarla yanaşı, regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil, eyni zamanda, qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perspektivlərini qlobal münasibətlər sisteminin mühüm aktorların diqqətinə tədim etdi. Bu, həm də Azərbaycanın dayanıqlı sülh və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndirilə bilər".
Deputat Azər Badamov isə hesab edir ki, bu gün Ermənistanda yaşayan siyasi və iqtisadi böhranın əsas səbəbi ermənilərin işğalçılıq siyasətidir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə nəticəsində yaranan yeni reallıq regionda yeni baxışlar və çağırışlar meydana gətirib və bu çağırışlar Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin uzunmüddətli təminatına hesablanıb: "Ölkələrarası əməkdaşlığı inkişaf etdirən kommunikasiyaların açılmasına xidmət edəcək yeni beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin bərpası uzun illər düşmənçilik meyillərini özündə yaşadan qonşu ölkələrin xalqlarının bir-birinə inteqrasiyasını sürətləndirməlidir". Deputat bildirib ki, yeni reallıqlar artıq regionda inkişaf və əməkdaşlıq perspektivlərindən danışılmasını zərurətə çevirib: "Bu yeni reallıq ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Dağlıq Qarabağ münaqişəsi bitib, artıq regionda əməkdaşlıq və kommunikasiyaların açılması üçün birgə səylərin göstərilməsi istiqamətində müzakirələr gündəmə gəlib".
PƏRVANƏ