Səsi içindən baxan şair
Xalq şairi Fikrət Qoca üçün
Həyatımızda işığına inandığımız gözlər
varsa,
varsa
Adına sevindiyimiz kəslər
Yaşamağa dəyər...
Başının üstündə Allahı görənlər varsa,
Bilənlər ki
Ayağının altı torpaqdı...
Şairim, sənin səsin içindən,
Qəlbin gözlərindən baxdı...
Dünyanın bu vaxtı,
Dünyanın bu vaxtı
Nə yaxşı
Adamla dolu dünyada
Az da olsa insanlar var,
Ağaclar var,quşlar var
Adamı yaşamağa səsləyəcək yaşamlarıyla.
Hayandasa göylər misra-misradı
Tanrı o yerlərə səsləmiş səni,
Şeir Allahındı, şairlər göyün,
Şairim, qismətin söz imiş sənin.
Sənə qələbədən danışacam, oğlum...
Sənə qələbədən danışacam, oğlum,
Müharibəni dəlicəsinə oynayıb,
Ağılsızcasına uduzmağımızdan
Danışmayacam.
Məğlubiyyətdən deyil,
Şəhid olub qapı-qapı paylanmaqdan,
Qaçqın olub ev-ev səpələnməyimizdən,
26 fevralda donan ahımızdan,
Xocalının yayın istisində də
canımızdan çıxmayacaq soyuğundan
Danışmayacam.
Sənə qələbədən danışacam, oğlum
Ora necə yüyürməyimizdən
Aparmağımızdan bayrağı Şuşaya
ürəyimizdə.
O torpağa sancandan sonra bayrağı
Alçaq boyumuzun
Necə böyüməyindən,
Ordakı qanların yerində açan al lalərdən
Danışacam, oğlum.
Mən danışdıqca
Sənin gözlərin böyüyər
- Qan necə laləyə dönər, ana,
- soruşarsan.
Mən:
- Axı, ikisi də qırmızıdır, deyərəm.
Sənin təsəvvüründə rənglər sayrışar,
O qırmızıyla qaçdı-tutdu oynayarsan.
Axı uşaqlar rəngləri və işığı çox sevir,
Rəngsizliyi deyil.
Sənə qələbədən danışacam, oğlum...
Sən qələbədən sonra doğulacaqsan.
lll
Səni gizli sevmişdim,
Aşkarca unudacam.
İsti xatirələrlə
Gözümü qurudacam.
Əynimdə köhnəldəcəm,
Kədərin siyah donun,
Sən inadcıl,mən də tərs
NeyləsinYaradanım.
Keçmişi düşünəndə
Həmişə köks ötürdün,
Bəsdir, gələcəyə bax,
Bax... 2014dü...
lll
Kimin atdığı sözdən
Xatirən çilikləndi,
Qırıldın öz içində
Baxışın gileyləndi...
Gecə
Ucuz yuxunu
Sənə baha sırıyır
Səni yarıdmayanlar
Səndən yaman yarıyır..
Heç bilmədiklərin
Xatırlayır adını..
Gələcək nə vəd edir,
Sənə, bədbəxt qadın...
Yanvarın sehri
Çöldə yanvarın sehri,
Bir də soyuq gecə var,
Gecəni aydınladan
Sən olduğun küçə var.
Aldığın hər nəfəsin,
Bəsimdi, elə bəsim,
Can dediyin - qəfəsim,
Eşq dediyin acı var.
Eh, üzüldüm nələrçin,
Dən gəzən sərçələrçin,
Zavallı bəndələrçin
Tanrı adlı Uca var.