Azər Mustafazadə Azərbaycan ədəbiyyatında böyük təmkin və böyük səriştə ilə öz işini görən fədailərdəndir. Bilən bilir – hələ sovetlər dövründə Moskvada SSRİ Yazıçılar İttifaqında işlədiyi zaman ədəbiyyatımızın müqtədir nümayəndələrinin əsərlərini böyük məhəbbətlə rus dilinə çevirər, bu nümunələrin nəşri işində əlindən gələni əsirgəməzdi. Eyni şəkildə, tanınmışlarla yanaşı, gənc yazıçıların da o zamanlar Ümumittifaq miqyasa çıxmaları üçün bir tərcüməsi kimi, SSRİ Yazıçılar İttifaqının yüksək vəzifəli, məsul işçisi kimi çox iş görərdi.
Azər müəllim Söz adamıdı. Sözü duyan, Sözü eşidən adamdı. Sözə adekvat qiymətini verən adamdı. Onun sanki Sözlə öz söhbəti var. Bu söhbətin nəticəsidir ki, Azərbaycan dilinin Sözü onun qələminin ucundan çıxıb başqa dildə işıq üzü görür. Yeni bir dünyaya göz açır. Ətrafına boylanır. Azər müəllimin tərcüməçi kimi unikallığı ondadır ki, onun tərcümə etdiyi Söz (bu nə qədər qəribə səslənsə də!) öz uzaq orijinalı ilə əlaqəsini üzmür. Həm Azər müəllimin Sözü olur, həm də onun inanıb sevdiyi müəllifin Sözü olur.
Azər Mustafazadə ilə mətn üzərində işləmək xüsusi zövqdür. Onun Azərbaycan dilinin incəliklərinə şirin bir özünəməxsusluqla nüfuz eləməsi, rus dilinin bütün spektrlərində lazım bildiyi sərbəstlik rejimində çalışması təkcə peşəkarlıq əlaməti deyil, eyni zamanda, bədii fantaziyanın misilsiz uçuşu, intellektin dərin potensialının hərəkətə gəlməsidir.
Azər müəllim mənim də yazdıqlarımı rus dilinə çevirir. Rusiyanın, Azərbaycanın nüfuzlu ədəbi-bədii orqanlarında çap edilən bu mətnlər rus dilindəki səslənişlərinə görə diqqəti xüsusi olaraq çəkirlər və bunun üçün ona öz dərin təşəkkürümü bir daha bildirmək istəyirəm.
Yaşın mübarək olsun, Azər müəllim. Sənətin daim çiçəklənsin. Qəlbinin evi olan ədəbiyyat həmişə səninlə olsun!
Kamal Abdulla
31.03.2014