Artıq 29 sentyabr tarixindən Azərbaycanda təhsilin bütün pillələri üzrə tədris əyani formaya keçid alıb. Koronavirus pandemiyası ilə əlaqədar qapanma dövrünə düşən və bir ildən uzun müddət davam edən distant təhsil artıq tədricən ənənəviyə qayıdır. Dərslərə onlayn qoşulan və təhsilin bu növü ilə ayaqlaşmağa başlayan tələbə və müəllimlər dünəndən etibarən tədrisə universitet auditoriyalarında davam edirlər. Bəs uzun müddət onlayn təhsil alan tələbə və müəllimlər əyani təhsilə qayıtdıqlarında hansı çətinliklərlə üzləşiblər? Mövzu ilə əlaqədar birbaşa müəllim və tələbələrin özlərindən soruşduq.
Sualımız isə belədir: 18 aydan sonra auditoriyalara qayıtmısınız. Özünüzü necə hiss edirsiniz? Bu, psixoloji olaraq sizə çətinlik yaradırmı?
Sorğuya Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova ilə başladıq. O bildirir ki, əyani tədrisə keçidə çox sevinir:
"Artıq il yarımdan sonra tələbələrlə, müəllimlərlə ənənəvi tədrisimizə başlayırıq. Düzdür, son zamanlar yoluxma sayının artması ilə bağlı müəyyən qorxu, həyəcan vardı, ancaq hər bir halda biz ənənəvi təhsilin tərəfdarıyıq. Bununla bağlı universitetimizdə müəyyən addımlar atılıb: auditoriyaların dezinfeksiya olunması, tələbələr arasında sosial məsafə gözlənilməsi ilə dərslərin keçilməsi və s. Baxmayaraq ki, universitetimizdə kifayət qədər yaşlı müəllimlər var, ancaq psxioloji olaraq, demək olar ki, biz dərslərin ənənəvi qaydada keçilməsinə hazırıq. Təhsil Nazirliyi və Operativ Qərargahın tapşırıqlarına müvafiq olaraq qaydaların həyata keçirilməsini də planlaşdırmışıq. Ümumi olaraq bunu deyə bilərəm ki, ənənəvi tədrisə qayıtdığımız üçün çox sevinirik".
Azərbaycan Dillər Universitetinin müəllimi Nüşabə Qasımova sorğuya cavab olaraq bildirib ki, artıq distanst təhsilə öyrəşmişdi:
"İnsan su kimidir, hansı qaba qoysaq, onun formasını alacaq. İndi bir fikirdə olacam, lakin 1 aydan sonra başqa. Müəllim nöqteyi-nəzərindən distant dərslərə öyrəşmişdim, çünki öyrənmək istəyən və həvəsli çalışqan tələbə üçün onlayn dərslər daha çox imkan yaradırdı. Lakin biz distant təhsilə hazırlıqlı deyilik, bu səbəbdən də ənənəvi dərslərin başladığına sevinirəm. Tələbələrimlə ünsiyyət qurmaq, onların reaksiyalarına şahid olmaq və auditoriyalardan ötrü darıxmışam. Ənənəvi təhsilə qayıtmaq mənim üçün heç bir çətinlik yaratmır, sadəcə qabaqcadan mümkün işləri planlaşdırmaq lazımdır. Auditoriyada müəllim yalnız məlumat ötürücü deyil, yol göstərici, oxumağa həvəs yaradandır. Fikrimcə, bu qədər distant təhsil bəsdir, özümüzə qayıdaq".
ADU-nun İspan dili müəllimi Günel Qənbərova elə hesab edir ki, ənənəvi təhsil daha effektlidir: "Əyani təhsilə qayıtdığımız üçün özümü yaxşı hiss edirəm, çünki üzbəüz təhsilin daha effektli olduğuna inanıram. Fikrimcə, ev mühiti istər-istəməz konsentrasiya olmaqda, fikrin toplanmasında həm müəllimə, həm tələbələrə çox təsir edir. Psixoloji olaraq çətinlik yalnız “normal” adlandırdıqları həyat tərzinə, universitet həyatına uyğunlaşmaqda ola bilər. Çünki hələ də dəqiq nə necə olacaq, əvvəlki kimi bir auditoriyada nə qədər olub-olmayacağımızı heç birimiz dəqiq deyə bilmərik”.
ADU-nun 4-cü kurs tələbəsi Jalə Məmmədova sorğuya, "18 aydan sonra üz-üzə təhsilə qayıtdığımız üçün, əlbəttə ki, sevinirəm", - deyə cavab verib:
"Mənim sevinməyimin xüsusi səbəbi isə bu il son kurs olmağımdır. Universiteti bitirmədən öncə yenidən o binada təhsil almaq istəyirdim. Sevinməyim üçün digər faktorlar da var. Belə ki, distant təhsilin ən azından bizim ölkədə, uğurlu olmadığını düşünürəm. Ali təhsil müəssisələri bizi iş həyatına hazırlayır və iş həyatının önəmli şərtlərindən biri isə intizamdır. Distant təhsildə heç bir intizamdan söhbət gedə bilməz, tələbələr yemək yeyərkən, hətta çarpayılarından dərslərə qoşula bilirlər. Mikrofonu və kameranı bağlayıb digər işlərlə məşğul ola və sosial şəbəkələrdə vaxt keçirə bililər. Digər bir məsələ isə distant təhsilin tələbələrin sosiallaşmağına maneə yaratması, həm də hər kəs tərəfindən əl çatan olmamasıdır. Bu səbəblərdən, ənənəvi təhsilə qayıtmağımızın təhsil sistemini müəyyən qədər dirçəldəcəyini düşünürəm. Psixoloji olaraq çətinliyə gəldikdə isə mənim koronavirusla bağlı hər hansı bir qorxum yoxdur, tam vaksinasiyadan keçmişəm. Koronavirusla yaşamağa öyrəşməli olduğumuzu düşünürəm. Hal-hazırda mənim üçün yeganə çətinlik dərslərin yenidən onlayn formaya qayıtması ola bilər".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Əfşan Məmmədova bildirib ki, xəyalında qurduğu universitet tam başqa cür idi: "Dərsə gedəcəkdim, bəzən hətta gecikəkdim. Auditoriyada uğurlu, bəzən də uğursuz olacaqdım. Elə 1-ci kurs haqqında da fərqli fikirlər düşünürdüm. Universitetə gedəcəkdim, tanımadığım insanlar görəcəkdim. Qrup yoldaşlarımla tanış olacaqdım, amma hər şey təəssüf ki, bizim düşündüyümüz kimi olmur. Mənim universitetdə ilk ilim distant keçdi. Qrup yoldaşlarımı, müəllimlərimi uzaqdan tanıdım.
Amma əyani dərsi arzu etmədiyim, istəmədiyim bir gün belə yox idi. Distant təhsilin xeyli zərəri də oldu. Həm ünsiyyət problemi yaradır, həm də göz problemi. Psixologiyaya da çox pis təsir edir. Əyani dərslərin başlayacağı xəbərini eşidəndə çox sevindim. Nəhayət, xəyallarmdakı tələbə həyatını yaşaya biləcəm. Qrup yoldaşlarımı və müəllimlərimi, nəhayət, yaxından tanıyacağam".
ADU 4-cü kurs tələbəsi Esmira Hüseynli bildirib ki, ənənəvi dərslərin keçiriləcəyi üçün hədsiz çox sevinənlərdən biri də odur:
"Hələ də inana bilmirəm ki, auditoriyada üz-üzə ünsiyyət quraraq dərslərimiz baş tutub. Doğrudur, hələ ilk gündən üzləşəcəyimiz çətinliklər barədə nə isə demək qəlizdir, amma təxmin edirəm ki, ən böyük çətinlik dərslərimizi danışarkən yaşana bilər. Çünki onlayn dərslər zamanı insan məlumatı çatdırarkən öz hiss və emosiyalarını qarşı tərəfə çatdırmaqda və həmçinin, qarşı tərəfin danışılanlara qarşı onun bədən dili, mimika və jestləri vasitəsilə göstərdiyi refleksiyasını anlamaqda çətinlik çəkir. Buna görə də, istər nitqimizdə doğru sözləri seçmək, istər mövzunu doğru nəql etmək baxımından müəllim-tələbə və tələbə-tələbə arasında əks əlaqədə müəyyən çətinliklərin olacağını düşünürəm. Lakin sosial bacarıqlarımızı geri qazanmaqla bu vəziyyətin tez bitəcəyinə inanıram. Digər bir çətinlik, oturaq həyata və güzəştlərin tətbiq olunmasına öyrəşməyimizdir. Keçilən mövzularla bağlı əlavə məlumatlar toplamağa vaxt ayırmayan tələbələr olaraq tənbəlləşdiyimiz üçün dərs yükünün artması və müəllimlərin əlavə tələbləri ilk başda bizə çox çətin gələ bilər. Ümumiyyətlə, zamanla zəifləmiş və ya itirilmiş bacarıqlarımızın karantindən əvvəlki dönəmdəki kimi və hətta bəlkə o zamanlardan daha yaxşı nəticələr əldə edə bilməmiz üçün ənənəvi dərslərin başlanmasına böyük önəm verirəm".
Biz də bütün və tələbələrə uzunömürlü və keyfiyyətli tədris ili keçirmələrini arzu edirik!
El Roman