Azərbaycanda son ayların kitablı ab-havası nəhayət, Gəncəyə də sirayət etdi. Nizami yurdunun kitabsevərlərinə, uzun illərin həsrətindən sonra, möhtəşəm kitab bayramı bəxş edildi. 20-ci əsrin son onilliyindən bu yana şəhərdə keçirilmiş müxtəlif mədəni, ədəbi-bədii, elmi xarakterli tədbirlər çərçivəsində düzənlənən kitab nümayişlərini istisna etsək, bu sərgi müstəqillik dövrümüzdə Gəncənin bir növ, kitabın uca və sehrli aləmi ilə ilk böyük görüşü idi.
26-28 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə gerçəkləşən “1-ci Gəncə Kitab Sərgisi” böyük müvəffəqiyyət və ümumi maraq ilə keçdi.
Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzinin geniş salonunda düzənlənən, dahi mütəfəkkirimiz Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunan sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edirdi.
Kitab yarmarkası funksiyasını da daşıyan bu sərgidə ölkəmizin onlarla ən tanınmış nəşriyyat və kitab evləri minlərlə adda kitablarını 50 faizədək endirimlərlə oxuculara təklif edirdilər.
Sərginin açılışına şəhər rəhbəri Niyazi Bayramov, Gəncədən seçilmiş millət vəkilləri, qardaş Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, təşkilatçı qurumların nümayəndələri qatılmışdılar. Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş igidlərimizin yaxınlarının da sərgini ziyarət etməsi çox şərəfli idi. Həmçinin, tədbirin texniki işlərinin yerinə yetirilməsində bu işə ürəkdən can yandıran onlarla könüllü gəncin əməyini də xüsusi qeyd etmək lazımdır.
Sərginin davam etdiyi üç gün ərzində səhər saatlarından başlayaraq, axşam çağına kimi hər saatın tamamında tanınmış qələm ustalarının iştirakı ilə təqdimat, imza vaxtı, nəsr, şeir anları, uşaq saatı, gənclərin yaradıcılıq görüşləri, həmçinin, ədəbiyyat, incəsənət, teatr, kino, televiziya mövzularında mühazirə, təlim, seminar və diskussiyalar, digər maraqlı tədbirlər baş tutdu, həmçinin, rəssamların, müxtəlif sənət təmsilçilərinin əsərlərindən ibarət nümunələr, Nizami Gəncəvi yaradıcılığı mövzusunda bədii səhnələr nümayiş olundu.
Görüşlərdə Gəncənin yaradıcı mühitinin nümayəndələri də geniş tərkibdə, “Gəncə - qılınc və qələm şəhəri” bölümü ilə təmsil olumuşdular.
Tanınmış isimlərdən Nüşabə Məmmədlinin, Qərib Mehdinin imza vaxtları, həmçinin, mərhum yazıçı Rübailin seçilmiş əsərlərinin nəşrinin təqdimat mərasimi maraqla qarşılandı.
Xalqımızın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərinin ab-havası ilə səsləşən qəhrəmanlıq mövzulu kitablardan biri, Müzadil Zauroğlunun yenicə çapdan çıxmış “Cavad xan oğlu Uğurlu xanın hekayəti”nin təqdimatına şəhid analarının da qatılması kitab bayramının ən fəxarətli anlarından oldu.
Gəncənin birinci kitab sərgisində iştirak edən istər yaradıcı adamlar, istər də kitabla görüşə gələn vətəndaşlar bu üç günlük möhtəşəm hadisə haqda ürək dolusu təəssüratlarını bölüşürdülər. Amma fikrimizcə, təşkilatçı qurumlardan birinin təmsilçisinin dedikləri sərginin mənəvi missiyasını daha gözəl ifadə edir.
“Əsas hesablama, necə deyərlər, kassa hesablaması deyil, əslində, kim nə satdı, kim nə aldı, bununla işimiz yoxdur. Əsas odur ki, Gəncə özü kitabla aydınlandı. Onunla gün üzünə çıxdı gəncəlilər. Bu baxımdan, fikrimizcə, bir neçə mətləbə diqqət etmək çox mühümdür. Birincisi, minlərlə evə yeni kitablar daxil oldu, ailələrdə yenidən kitab haqqında danışıldı! İkincisi, bu möhtəşəm kitab bayramındakı görüşlər, imza mərasimləri gənclərə yaradıcılıq istiqamətində bir təkan oldu, onların bu yoldakı tərəddüdlərinə son qoydu. Üçüncüsü, şəhərimizə qonaq gəlmiş yüzlərlə kitabçı - müəllif, naşir, qiraətçi, kitabsatan Gəncə insanının potensialını müşahidə etdi, fikirlərini öyrənə bildi, iradlarını dinlədi, burada yeni dostlar qazandı, əlaqələr qurdu. Nəhayət, çətin sosial vəziyyət səbəbindən istehlak səbətini çox məhdud formalaşdıran, yəni əlindəki pulu çox qənaətlə xərcləməyə məcbur olan insanlar belə bu üç gündə kitab aldı, ona xərclənən pula heyifdir demədi. Deməli, insanlar mənəvi zənginliyi, gələcəyə inamı qoruyurlar. Odur ki, nikbinlik üçün əsas var!” - deyə Gəncə İctimai İştirakçılıq Məclisinin üzvü Vüqar İsgəndərov bildirib.
Həqiqətən də 18-ci əsrin böyük yazıçı, maarifçi və filosofu Deni Didronun “İnsanlar oxumağı tərgitsələr, fikirləşməyi də tərgidəcəklər” ifadəsinin gerçəkliyindən ibrət götürmək, xüsusən indiki mürəkkəb dünyada, cəmiyyətin kitaba münasibətinin səviyyəsindən çox asılıdır.
Zakir MURADOV, Gəncə