
...Yurdundan didərgin düşənlərin taleyi bir-birinə bənzəyir. Laçının ən ucqar kəndindən olan şair Xalid Laçınlı danışdıqca elə bil yaddaşım təzələnir, başımızdan keçənlər bir daha gözlərim önündə canlanır...
Dərdi dərdimdən olan bu şairi neçə il əvvəl tanısam da, onun bu qədər əziyyətlər çəkdiyini, müsibətlər yaşadığını bilmirdim. Çoxdandı onunla görüşüb yazı hazırlamaq istəyirdim. Təsadüf elə gətirdi ki, onun ailəsi ilə Laçının işğalının 22-ci ildönümü ərəfəsində sığındığı balaca komasında görüşüb şairin Laçınla bağlı xatirələrini, onun ürək ağrıdan həyat hekayətini dinlədim.
İlk könül qırıqlığı
... Xalid Laçınlı Laçının Zağaaltı kəndində dünyaya gəlib. Orta məktəbi də elə doğma kəndlərindəki "Qorçü" kənd orta məktəbində alıb. Kəndin bu başından o başına hər gün sevinə-sevinə məktəbə yollanan balaca oğlan bilmirdi ki, bir gün doğma torpağının üstünə ayaq basa bilməyəcək. Ədəbiyyatı, sözü çox sevib uşaqlıqdan. Böyük arzularla orta məktəbi bitirib Bakıya gəlib. Sənədlərini Azərbaycan Dövlət Pedoqoji İnstitutuna verib. İlk imtahanlardan yaxşı qiymətlər alsa da sonuncu imtahana buraxılmayıb. Ona görə ki, o dövrün tələblərinə uyğun sənədlərində deyəsən kolxozla bağlı nəsə çatışmayıb. Nə qədər çalışıb, xahiş edib onu imtahana buraxmayıblar. Elə həyatında ilk könül qırıqlığı da bununla başlayıb. Sonra kəndlərinə gəlib, oradan hərbi xidmətə yollanıb. Əvvəlcə Leninqradda qulluq edib. Sonra da Sibirdə. Bu boz çöllərdə Laçının dağları gözləri önündə, kəndi-kəsəyi könlündə canlanıb. Bunları həmin anlarda yeganə könül dostu olan gündəliyində də qeyd edib...
Hərbi xidmətini başa vurduqdan sonra onun ali təhsil almaq, oxumaq arzusu yenidən baş qaldırıb. Yenidən sənədlərini ali məktəbə verib. Ancaq bu dəfə də istəyinə çata bilməyib. O, zavodda çalışmağa başlasa da bir gün ali təhsil alacağına ümid bəsləyib. Fəqət bizdən asılı olmayan yazılmamış qanunları da var həyatın. Odur ki, bu cavan oğlan o ucqar kəndlərinə qayıtmalı və qoca ata- anasının yanında olmalı imiş. Elə belə də olub. Doğmalarının təkidi ilə ailə həyatı qurub.
İlk güllə laçınlılara dəyib
Müharibənin ilk qığılcımları başlayanda artıq onun 4 övladı var idi. Deyir elə ilk güllələr laçınlılara dəyib. Onların evi yolun düz kənarında yerləşdiyindən elə ilk hadisələrdən səksəkəli, narahat olublar. Gecələri-gündüzləri olmayıb. Aylar, sonra illər keçdikcə vəziyyət daha da kəskinləşib. Daha xəstələri, uşaqları, yaşlıları kənddən çıxarmağı düşünüblər. Odur ki, onun da ailəsi doğma od-ocağından didərgin düşüb. Özü isə kənddə qalıb. O, danışdıqca düşünürəm ki, onların sığınacağı da o dağlar olub. Yoxsa bu məşəqqətin içində necə sağ qalmaq olardı. Doğma evləri, ata-baba ocağı Xalid müəllimin gözləri önündə yanıb külə dönüb. Amma yenə o kənddən, o sığındığı dağlardan ayrılmayıb. Kəndin oğulları hər vasitə ilə yurdlarının müdafiəsində olmağa çalışıblar...
Dağlar qoynunda
Kəndləri işğal edildikdən sonra onlar bir qrup kimi dağlara çəkiliblər. Günlərlə ac-susuz, yağışın altında qalıblar, amma yenə o dağlardan ayrılmayıblar. Bir dəfə aclıq son həddə çatıb. Odur ki, iki nəfər az qala güllə yağışının altında gedib Kəlbəcərdən necə çörək gətirdiklərini dinlədikcə dəhşətə gəlirsən. Deyir ,Kəlbəcərlə Laçın çox yaxındı, arada bir dağ var.
Elə dağlarda da doğma kəlbəcərlilərlə birgə məskən salıblar. O dağlardan yanmış kəndlərini seyr etməyin necə bir ağrılı hiss olduğunu Xalid müəllim yaşayıb... Qapqara yanmış kəndin gecələr elə bir vahiməsi varmış ki...Amma bu yurduna bağlı insan Laçın işğal edildikdən sonra da yurddaşları ilə birgə düz dekabr ayına qədər o dağlarda sürünüb...
"Bura kül tökmək istəmirdim"...
Axırı uşaqlarının yanına qayıdıb. Onları Bərdədən Xırdalana gətirib, binaların arasında bir koma qurub, indiyədək də orada məskunlaşıblar. Neçə illər əli gəlmirmiş bir iş görməyə, "bura kül tökmək istəmirdim", deyir. Anamın sözləri yadıma düşür. Deyirdi, evin bərəsini pozmayın...
Amma zaman keçdikcə görür yox, Laçına qayıtmaq onun düşündüyü qədər də asan deyil...
Tikinti işlərində əlindən gəlməyən bir iş yoxdu, söyləyir. Amma indi xəstədi, neçə dəfə infarkt keçirdiyindən daha çalışa bilmir. Bu başı bəlalar çəkmiş insan bir ağır zərbəni də üç il əvvəl alıb. Belə ki, o, beş uşaq anası, yaxşı-yaman günlərinin sirdaşı olmuş ömür-gün yoldaşını itirib. Aliyə xanım ağır xəstəliyə düçar olub. İllərlə ağrı-acı ilə çarpışsa da, bir gün dünyasını dəyişib.
Azalmır dərdlə savaşım,
Odum yox - qaynayım, daşım,
A sirdaşım, a yoldaşım,
Soruşma, "dərdin necədi?"
Əslində onun çox yaşı yoxdu.55 yaş nədir ki, amma içindən qocalıb, içindən düşüb bu adam. Bu həm də onun xarakteri, həssas, şair qəlbi ilə bağlıdır...
Adam var, gəncliyindən gedib xarici ölkədə yaşayır. Başı elə qarışır ki, qoca anasını, evini, Yurdunu, soyunu-kökünü, hətta dilini belə unudur. Amma Xalid müəllim kimi adamlar necə deyərlər, bir öküzün haqqını min il unutmayan adamlardandı. Onların dostluğu da ömürlük olur. Bu qərib yerdə belə onların necə bir-birinin halına yanması, xeyir, xüsusilə şər işlərində ürəkdən iştirak eləməsi, birgə olması adamı heyran edir... Yəqin "dağ adamları saf olur, ürəyi təmiz olur" kimi yaddaqalan ifadələr də bundan qaynaqlanır. Xalid müəllim də insanın içinin bu dağlarla bağlı olması, onun xarakterinin formalaşmasında xüsusi yeri olduğunu təsdiqləyir.
Sözə çevrilən ömür...
Yuxarıda söylədiyim kimi o, gənc yaşlarından gündəlik yazmağa başlayıb. Özüylə baş-başa qalanda könlünü bu dəftərə açıb, heç kəsə demədiklərini gizlicə "ürək dostuna" pıçıldayıb. Bu gün isə qəlbinin göynərtisini heç yazılarla da soyuda bilmir. Şeirləri çox təbii, özünəməxsusdu. Hərdən ürək yanğısını digər üslublarda da ifadə etməyə çalışır. Amma o bir şair kimi daha çox diqqəti çəkir. Çünki o, Laçın dağlarının qoynunda anadan şair doğulanlardandı.
Yuxunun sərhəddi, qadağası yox,
Nə sözükeçəni, nə ağası yox,
Tutub saxlamağa bir yaxası yox-
Kəndimə dönürəm yuxularımda...
Əlindən qələmi düşməsə də, gözəl şeirlərin müəllifi olsa da elə bir iddiası yoxdu.
Şöhrət axtarmıram, var istəmirəm,
Əlçatmaz dağlardan qar istəmirəm,
Sovrulmuş bağlardan bar istəmirəm
O ötən günlərdən bir oğuc göndər...
Az qala kitablarının sayına görə yarışa girən adamların yaşadığı bu mühitdə onun hələ kiçik bir kitabçası da çap edilməyib. Onun dərdi bu deyil ki ...
...Əsirlikdə girov qalıb inləyən,
Haray çəkən Laçınım oy, Şuşam oy!!!
söyləyən şairin dərdinin bircə dərmanı var. Bunun üçün gərək o dağların havasını udasan, bulağından içəsən, çiçəklərindən ruh alasan və bir də ayağıyalın yüyürəsən o kəndin daşlı-kəsəkli yollarında ...
Dəyərli yazıçımız Aqil Abbas deyir ki, torpaqlarımızı geri qaytaracağımıza inanmayan adam adam deyil. Bu fikir çox xoşuma gəlir. Xalid müəllim də buna inanır, mən də. Hər kəs buna inansın ki, qələbəmiz də yaxın olsun, inşallah...
Mina RƏŞİD



