
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəblinin “525”ə müsahibəsi
– Hadi müəllim, bir neçə gün öncə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri ilə bağlı təşkil etdiyi kursun açılış mərasimində Şeyxülislam Hacı Allahşükür Paşazadə, eləcə də sizin tərəfinizdən bir xeyli irad və maraqlı təkliflər səsləndi. Məsələn, din xadimlərinin vahid geyim forması, yas məclislərinin vaxtının azaldılması və sairə ilə bağlı təkliflər ortaya qoyuldu. Sizcə, bunlar reallaşacaqmı və dini sahədə, dini mərasimlərdə bir tənzimlənmə, müsbətə doğru irəliləyiş baş verəcəkmi?
– Əvvəla, Qafqaz Müsəlmanları İdarəsinin keçirdiyi tədbir çox önəmli və əhəmiyyətli tədbirdir. Bunu zaman istədi, zaman tələb etdi. Biz 15 il, 20 il bundan qabaq din xadimlərinin geyim söhbətini etsəydik, bizə gülərdilər və gülmüşdülər də. Yadınıza gəlirsə, bir dəfə bu barədə demişdi, o zaman bəziləri qayıdıb mənə demişdilər ki, əvvəl qoy deputatlar vahid forma geyinsin , sonra biz geyinərik. Yəni, belə bir baxış var idi. Zaman keçdikcə isə təbii ki, hər şey gəlib sivilləşir, dövr dəyişir. Azərbaycanda da ulu öndərimiz Heydər Əliyev sübut etdi ki, din dövlətdən ayrı deyil...
–Axı, Konstitusiyamıza görə din dövlətdən ayrıdır...
–Bəli, baxmayaraq ki, bizim Konstitusiyamızda yazılıb din dövlətdən ayrıdır, amma reallıqda dövlət daim dinlə bir yerdə olub, sadəcə, din hökumətdən ayrıdır və belə də olmalıdır. Heydər Əliyev bütün məscidlərimizi təmir etdirdi. Heydər Əliyev daim şeyximizlə yanbayana oldu, ona dəstək verdi, onun təşkil etdiyi iftar axşamlarında iştirak etdi, şeyximizə dostum dedi. Bu da nəticə etibarı ilə ölkəmizdə sabitliyə kömək etdi və beləliklə, din-dövlət tandemi yarandı. Siz heç təsəvvür edə bilərdiniz ki, 20-25 il bundan qabaq sünni ilə şiə bir məsciddə namaz qılsın. Ancaq ötən illər ərzində sünni-şiə mövzusu ortadan götürüldü. Yəhudi din xadimi, provoslav din xadimi, katolik din xadimi bir yerdə oturub-durdular, tədbirlərdə iştirak etdilər və mövcud tolerantlıq əmələ gəldi.
Beləliklə, Azərbaycanda din-dövlət münasibətlərinin bünövrəsini ulu öndərimiz qoydu və Azərbaycanda həm katolik kilsələri tikildi, təmir olundu, həm provoslav kilsələri təmir olundu, həm də Azərbaycan müsəlman-islam dininin məscidləri təmir olundu, nə qədər belə bu tipli abidələr həyata vəsiqə aldı.
Düzdür, çox təəssüflər olsun ki, son vaxtlar bizdə şiə-sünni söhbəti ortaya çıxdı, nurçular məsələsi çıxdı, vəhabilər məsələsi çıxdı və bunlar da elə bil ki, dini, vicdan azadlığına yaradılan bu şəraitdən bəzilərinin pis mənada istifadə etməsinə gətirib çıxartdı. Bu cür şəraitdən bəziləri artıq pis mənada istifadə etdilər. Əlbəttə, bunlarda vaxtında göründü, bilindi, bununla əlaqədar tədbirlərin görülməsinə də başlanıldı. Ümumiyyətlə, bu məsələdə nə məni sevindirir?
Sevindirici cəhət odur ki, şeyximiz nəhayət, bütün bizim din xadimləri üçün nümunəvi bir cür forma fikirləşib. Ən müasir, bir az uzun pencək, müasir tipli köynək , yəni, çox sadə, eyni zamanda, səliqəli geyim. Papaq da bir cür fikirləşilib, din xadimlərinin başına qoyulması üçün. Bunun da əhəmiyyəti odur ki, forma geyən adam bir balaca məsuliyyət hiss edir və edəcək ki, mənə bu formanı dini idarə verib və bütün hərəkətlər ölçülü-biçili olmalıdır.
Eyni zamanda sevindirici cəhət odur ki, şeyximiz Azərbaycan üçün yeni olan, yəni, din xadimlərinin ixtisas artırma kursları açdı. Bu kurslar bir aylıq kurslardır. Bu kurslarda teoloqlarla yanaşı, tanınmış insanlar, ziyalılar da iştirak edə biləcəklər. Deputatlar, nazir müavinləri, cəmiyyətlə bağlı olan adamlar da çıxış edəcəklər onların qarşısında. Beləliklə, bundan sonra forma məzmunla tamamlanaraq din xadimləri auditoriyaya- insanların qabağına daha peşəkar səviyyədə çıxacaqlar. Bu, çox sevindirici məsələdir. Burdan gəlirik tolerantlığa, etiqad, dini ayrıseçkiliyin qarşısının alınması məsələsinə. Bu, hardan başlayır, təbii ki, ilk növbədə ailədən başlayır. İlk növbədə biz ailələrdə bunu təbliğ etməliyk. Yeri gəlmişkən, konfliktologiya elmində bir neçə münaqişə yaradan element var ki, onun da biri dini və təriqət ayrıseçkiliyidir. Zaman-zaman camaatı qarşı-qarşıya qoymaq, ölkəni qarışdırmaq üçün belə addımlar atılır. Buna çoxlu misal da çəkmək olar...
–Məsələn?
–Məsələn, ərəb ölkələrində, Suriyada, İraqda sünni-şiə məsələsini qoyurlar, insanları bir-biri ilə vuruşdururlar. Ukraynada da son hadisələr fonunda məzhəb ayrıseçkiliyi məsələsi ortaya atılıb, yəni,orada provoslav-katolik məsələsi var. Ona görə biz indidən ailələrdə dini və təriqət ayrıseçkiliyinin ziyanlı olması barədə təbliğata başlamalı, bu yöndə insanları maarifləndirməliyik, tərbiyə etməliyik və din xadimləri də daim ona çalışmalıdırlar ki, Azərbaycanda bu tolerantlıq təmin olunsun, davamlı olsun. Bu tolerantlığın bir dənə də elementi var ki, onu bizim mollalar təbliğ etməlidirlər, çalışmalıdırlar ki, klassik islamı daha çox təbliğ etsinlər və klassik islamla hərəkət olunsun...
–Çox təəsüflər olsun ki, bu gün bizdə savadlı, peşəkar din adamları, din xadimləri, mollalar, axundlar çox azdır, onlar barmaqla sayıla biləcək saydadırlar. Bu baxımdan, əsl-klassik islamı savadsız, qeyri-peşəkar din adamları necə təbliğ edə bilərlər, edəcəklər?
–Elə ona görə də ixtisasartırma kursları təşkil olundu. Bir aylıq kurslardır, yeməklərin verəcəklər, yatmaqlarına şərait yaradılıb, avtobuslar ayrılıb. Bax bu adamlar ayın sonunda imtahan verəcəklər. Kim ki, imtahandan keçə bilmədi onu mollalığa buraxmayacaqlar, ona forma verməyəcəklər. Ancaq yenə də əvvəlki fikrimə qayıdaraq demək istəyirəm ki, bütün bu məsələlərdə ailə tərbiyəsi çox önəmli məsələdir. Ailədə dini-təriqət ayrıseçkiliyiniqıcıqlandırmamaq, qızışdırmamaq çox vacibdir. Yəni, bu baxımdan ailənin üzərinə böyük yük düşür. Ona görə bütün məsələlərdə biz dönməliyik ailəyə. Ailə Konstitusiya tərəfindən qorunur. Bizim Konstitusiyamızda ona xüsusi yer var. Möhtərəm prezidentimiz də, Mehriban xanım Əliyeva da bununla əlaqədar çoxlu işlər görür.Çoxuşaqlı ailələrə ünvanlı yardım olur, onlara yardım verirlər, analıq məzuniyyətləri olur, digər dövlət-sosial elementləri var ki, ailənin möhkəmlənməsinə yönəlib. Azərbaycanda hər il 89-90 min cütlük nikaha girir. Bu nikahlardan ildə 165 min uşaq dünyaya gəlir. Bunlar özləri böyük rəqəmlərdir. Bununla yanaşı, cəmiyyətin inkişafı ilə, Avropaya inteqrasiya ilə bağlı bəzi neqativ elementlər də var...
–Nə mənada?
–O mənada ki, məsələn, son illər nikaha girənlərin 9-10 faizi boşanma ilə müşaiyət olunur. Bu da bizi düşündürən məsələlərdir. Bunların ətrafında daim düşünməliyik və bununla əlaqədar xüsusi addımlar atılmalıdır. Uşaqların içərisində uşaqlıqdan əlillik məsələsi ciddi məsələdir. Bizim ölkəmizdə bu dəqiqə 420 min əlilin hardasa 60-70 minə qədəri təxminən uşaqlardır. Xüsusilə, 3 yaşına qədər əlil uşaqla daha çox valideyn, cəmiyyət yaxşı məşğul olanda bu əlillik azalır, pis məşğul olanda artır. Digər genetik faktorlar var.Nikaha girənlərin rezusları uyğun gələndə hemofiliya, talassemiya xəstəliyi ilə bağlı məsələlər olur. Ona görə bunlar hamısı gündəmdədir və biz düşünürük ki, bu məsələləri kökündən qabağını alaq. Ona görə biz Ailə Məcəlləsinə bəzi dəyişikliklər etmək istəyirik ki, nikaha girənlərin məcburi tibbi arayış təqdim etməsi və nikaha girənlərin mülkiyyət müqaviləsini bağlanması mümkün olsun. Bunlar hamısı da ona yönəlib ki, həm əlil uşaqlar dünyaya gəlməsin, həm də elə boşanmadan sonra mülkiyyət problemləri yaranmasın. Çünki boşanmalardan sonra mülkiyyətlə də bağlı ciddi problemlər yaranır. Elə olanda gənc ailələr, xüsusilə, gənc qadınlar məsələn, iki uşaqla ortada qalırlar, nə ev var, nə qeydə alına bilirlər və sair. Bu da əlbəttə, cəmiyyətdə son nəticədə gərginlik yaradır. Ona görə biz bu məsələləri kökündən həll etmək istəyirik...
Kamil Həmzəoğlu



