Heydər Əliyev Sarayında Xan Şuşinskinin xatirə gecəsi keçirilib.
525.az xəbər verir ki, "Şuşa ili” çərçivəsində baş tutan gecədə Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Mələkxanım Eyyubova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, tanınmış xanəndələr Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak ediblər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşaiyət edib.
Xatirə gecəsində xanəndənin repertuarında yer alan “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olunub. Həmçinin, Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng ceyran”, “Ay qara qız”, “Qızılgül” və sairə mahnıları incəsənət ustalarının ifasında təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Sarayı “Şuşa ili” çərçivəsində çoxsaylı silsilə tədbirlər hazırlayıb keçirəcək.