Yaddaşlarda daha çox publisist kimi qalan İntiqam Mehdizadə 1970-ci illərin ədəbi meydanında "Lotoreya" hekayəsi ilə göründü və bir neçə ay sonra bu hekayənin Almaniyada - özü də Qərbi Almaniyada nəşr olunması və bu xəbəri də SİTA-nın (TASS) yayması İntiqama qəfil bir şöhrət gətirdi.
Ədəbi ictimaiyyət, əsasən cavanlar hər yerdə "Lotoreya"dan danışırdılar. Doğrudanmı, ədəbiyyatımıza yeni bir nasir gəlmişdi? O zamanlar dostluq etdiyimizdən yana, demək olar ki, həftədə bir-iki dəfə görüşürdük və bütün yeni yazdıqlarımızı bir-birimizə oxuyurduq, ona görə mən İntiqamın yazdıqlarından xəbərdar idim. Qərara aldıq ki, çap olunmamış hekayələrini "Lotoreya" ilə birlikdə "Gənclik" nəşriyyatına təqdim edək ki, kitab kimi çap olunsun. Gənc yazıçı üçün ədəbi dərgilərdə çap olunmaq o qədər də asan məsələ deyildi... Bir neçə ay sonra "Gənclik" nəşriyyatından aldığımız rəy məni təccübləndirdi, İntiqamı isə, deyəsən, sındırdı... Və o, bir daha mənə hekayə oxumadı. Və elə o ərəfədə təskinlik vermək üçün ona nə isə söyləyəndə dedi: "Nasirliyə xobbi kim baxıram, mən onsuz da jurnalistəm". O, həqiqətən də artıq özünü jurnalist kimi tanıda bilmişdi və dövrün ən populyarı olan "Azərbaycan gəncləri" qəzetində " podval-podval" yazıları çap olunurdu. Əsasən incəsənət aləmindən yazırdı, rəssamlardan, heykəltəraşlardan, aktyorlardan... Və bu "ana mövzusuna" son anlarına kimi sadiq qaldı. 40 ilə qədər Azərbaycan radiosunun müxtəlif redaksiyalarında calışdı, baş redaktor vəzifəsinə kimi yüksəldi. Uzun illər məşhur "Bulaq" verilişinin redaktoru və əsas yazarlarından biri oldu. Son illər, təqaüdə çıxandan sonra da arabir "Bulaq" yazırdı. Özünün "Bulaqlar"ını kitab halında da nəşr etdirmişdi. Publisistik kitablarından isə ən çox diqqətimi çəkən "Maralı qoca dağlar"dı. Mən bu kitaba onun taleyi kimi baxırdım və indi də bu düşüncədəyəm...
Son illər ovçuluğa meyl salmışdı, ana yurdu İsmayıllıya tez- tez dönürdü ki, ova getsin və axır zamanlar görüşəndə mənə, əsasən, ovda gördüklərindən danışırdı və hiss eləyirdim ki, daha hər hansı başqa söhbət onun üçün maraqlı deyil...
O ki qaldı cavan yaşlarında ona məşhurluq gətirən "Lotoreya" hekayəsinə, maraqlıdır ki, o, özü də öz ədəbi qəhrəmanı kimi həmişə lotoreya alırdı. Bir insan kimi risk etməyi sevirdi, amma nə isə udduğu yadıma gəlmir. Hətta iyirmi il növbədə dayanandan sonra dövlətin bir vaxt ona verdiyi dördotaqlı mənzili biznesə qoyub müflis olması da yadımdadır. Ailənin tək övladı olsa da, qayğısız yaşamamışdı, şəxsi həyatı uğursuzluqlarla dolu idi. Atasına daha çox ehtiyacı olduğu vaxtda bir "büdrəmə" nəticəsində Orta Asiyada həbs olunmuş atasının yanına gedib-gəlməli olurdu. Onu dəfələrlə bərə ilə Xəzərin o tayına - Krasnovodska yola salmağım yadıma düşür... O, necə deyərlər, qəpik-qəpik pul yığırdı ki, atası ilə növbəti görüşə gedə bilsin. Cavan yaşında yeddi ilə qədər belə bir "yük" ün altında qalmışdı. Yadımdadır, o, reallıqlardan çox, alın yazısından danışardı. Sən demə, alın yazısı da belə... Xəstə yatmadı, kimsəyə əziyyət vermədi. Son görüşümüzdə demişdi ki, aktyor, Xalq artisti Əli Zeynalov haqqında material toplayır, kitab yazacaq. Yeri gəlmişkən, hələ cavan yaşlarında Əli Zeynalov haqqında bir neçə dəfə yazmışdı, ondan müsahibə almışdı. Yəqin ki, bunun bir səbəbi də, vaxtilə atasının Əli Zeynalovla bir qrupda oxuması, bir səhnədə oynaması idi. Bəli onun atası da aktyor olmaq istəyirmiş. Yeri gəlmişkən, İntiqamın "canında" da aktyorluq var idi və kimi istəsə, məharətlə peşəkar səviyyədə parodiya eləyə bilirdi. Söhbətcildi, heç bir məclisdə dostları darıxmağa qoymurdu. Ümumiyyətlə, dostları çoxdu, onun İsmayıllıda keçirilən toyuna getmiş həmkarları gözlərim önünə gəlir: Musa Yaqub, Çingiz Ələkbərzadə, İntiqam Qasımzadə, Abbas Abdulla, Kamil Vəli Nərimanoğlu, Vaqif Əlixanov, Elxan Məmmədli, Rafiq Səməndər, Səməndər Rzayev, Faiq Hüseynov, Ramiz Rövşən... Yeri gəlmişkən, hələ tələbəlik illərində Ramiz Rövşənin şeirlərini təbliğ eləyən iki həmyaşıdı vardısa, biri İntiqam idi.
Maraqlandım, soruşdum və həmkarım Qorxmaz Şıxəlioğlundan öyrəndim ki, İntiqamı İsmayıllı rayon qəbiristanlığında, atasının yanında torpağa tapşırıblar. Nədənsə, bir neçə dəfə yolum düşən (unudulmaz publisist Aydın Səlimzadəyə görə) bu xiyaban mənim nəzərimdə dünyanın ən gözəl qəbiristanlıqlarından biridir; dağ döşündə, ağaclarla çevrələnmiş, həmişə də yaşıllıq içində... Elə bil o qəbiristanlığın ağacları payızda da, qışda da yarpağını tökmür... Amma mənim ədəbi nəslimin yarpaq tökümü çoxdan başlayıb. Bir yarpaq da indi düşdü... Bu yarpaq müxtəlif illərdə məzəli avtoqraflarla mənə bağışladığı kitablarına indi bir başqa gözlə baxdığım İntiqam Mehdizadə oldu.