
İyunun 13-də Milli Arxiv İdarəsinin və YAP Binəqədi rayon təşkilatının rəhbərliyi, İdarənin və Respublika Dövlət Arxivlərinin əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevə həsr olunmuş "Qurtuluş yolu" qısametrajlı filmi nümayiş etdirilib.
Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbiri açıq elan edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təntənə ilə qeyd etdiyini bildirib.
O, 1993-cü ilin may-iyun aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığını və 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd edib.
Milli Arxiv İdarəsi YAP ilk ərazi təşkilatının sədri Yeganə Cabbarlı bildirib ki, Ulu öndər hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas etmiş, milli dövlətçiliyimiz qorunub saxlanılıb, Azərbaycan dövləti sürətlə dünya birliyinə inteqrasiya edərək beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrilib.
Qeyd edilib ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımız azad olunub.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrlərdə fəaliyyətinə geniş yer verərək, həmin dövrdə respublikada milli ruhlu şəxslərin, ziyalıların sovet ideologiyasının və təbliğat maşınının təqibindən məhz Heydər Əliyev tərəfindən qorunduğunu tarixi faktlar əsasında diqqətə çatdırıb.
Natiq daha sonra vurğulayıb ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş respublikada baş verən hadisələrin fonunda 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmiş və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürüb.
Diqqətə çatdırıb ki, Ümummilli lider problemlərin həlli üçün bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəldərək iqtisadi inkişafın təməllərini qoyub. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə atılmış, sonrakı dövrdə Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanılıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edilib.
Qeyd edilib ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.



