|
|
|
|

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. Səfərin zəngin gündəliyi, imzalanmış sənədlər, onların məzmunu, həmçinin, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə", hər iki liderin bəyanatları Bakı-Daşkənd münasibətlərinin gələcəkdə daha da güclənəcəyini, tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə çatacağını göstərir. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfərini məhz Özbəkistana etməsi də ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Bu, eyni zamanda qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir.
Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. İndiyədək dövlət başçıları səviyyəsində bir sıra səfərlər həyata keçirilib, 135 sənəd imzalanıb.
Xatırladaq ki, Prezident İlham Əliyevi Özbəkistana dövlət səfəri Ümummilli lider Heydər Əliyevin bu ölkəyə səfərinin 25 illiyinə təsadüf edir. Daşkənddə Heydər Əliyev meydanının açılışı, Prezident Şavkat Mirziyoyevin Ulu öndər barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.
Özbəkistan Qarabağ məsələsində də Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib, Ermənistanla geniş əlaqələr qurmayıb, soyuq təmasları olub. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə görüşündə bir daha Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib: "Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm".
2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Ş.Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə, son dövrlər Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma müşahidə olunmaqdadır. Qırğız Respublikasının Prezidentinin 2022-ci ilin aprel ayında Azərbaycana səfər edib və "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"nin imzalanması iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə qaldırıb.
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur və hər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Türkmənistan və Tacikistanla da son dövrlər intensiv yazışmalar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti Türkmənistanın yeni seçilmiş Prezidentini ölkəmizə səfərə dəvət edib.
Milli Məclisin (MM) Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Eldar İbrahimov "525"ə şərhində deyib ki, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısının Özbəkistana dövlət səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər mühüm əhəmiyyət daşıyır: "Prezident İlham Əliyev həmkarı Şavkat Mirziyoyev tərəfindən çox yüksək səviyyədə qarşılandı və bir sıra görüşlər keçirildi. Səfər zamanı Heydər Əliyev meydanının açılışı oldu, orada Ümummilli liderin çox gözəl abidəsi qoyulub. Bu, Heydər Əliyevin xatisəsinə böyük hörmətdir. Eyni zamanda, Ulu öndərə göstərilən bu ehtiram Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsinə böyük töhfə oldu. Prezident Mirziyoyev qeyd etdi ki, Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi".
Deputat qeyd edib ki, Türkiyə bizə nə dərəcədə yaxın, səmimi, qardaş dost ölkədirsə, Özbəkistan da Azərbaycana o səmimiyyətlə, hörmətlə yanaşan bir ölkədir: "Özbəkistan tərəfində Azərbaycana böyük bir dəstək və hörmət var. Mən ölkələrimiz arasında dostluq deyil, qardaşlıq münasibətlərinin olduğunu deyərdim və bu, günü gündən inkişaf edir. Cənab Prezidentin səfəri münasibətlərə xüsusi impuls verdi. Səfər zamanı 20-dək müqavilə imzalandı ki, həmin sənədlər gələcəkdə Azərbaycanla Özbəkistan arasında olan siyasi, iqtisadi, humanitar və digər sahələrdə özünü göstərəcək".
E.İbrahimov xatırladıb ki, Özbəkistan öz vəsaiti hesabına işğaldan azad edilmiş Füzulidə məktəb tikir. O, müharibə dövründə dəfələrlə özbək ziyalılarının, alimlərinin Azərbaycan liderinə dəstək müraciətləri olduğunu vurğulayıb: "BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməyə Özbəkistan lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Özbəkistan keçmiş münaqişədə hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib. Bütün bunlar onu göstərir ki, Özbəkistan xalqı və dövləti Azərbaycanın yanındadır və hər bir köməyi göstərməyə hazırdırlar. Prezident Mirziyoyev özü də müharibə vaxtı dəfələrlə İlham Əliyevə zəng edib. Bunların hamısı onu göstərir ki, Türkiyədən sonra bizə yaxın olan türk dövlətləri arasında Özbəkistanın xüsusi yeri var və gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək, Azərbaycanla Özbəkistan arasında inkişafa doğru böyük bir addım atılacaq".
Milli Məclisin deputatı Aydın Hüseynov isə "525"ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyadan sonra ilk xarici səfərini məhz Özbəkistana etdi. Səfər zamanı bütün sahələrdə - siyasi iqtisadi, mədəni əlaqələr nəzərdən keçirildi, vacib sənədlər imzalandı. Deputat deyib ki, Özbəksitanla Azərbaycan arasında hər zaman yaxşı münasibətlər olub. Xüsusən, Qarabağ probleminin həllində Özbəkistan daim Azərbaycanın yanında olub, bütün siyasi platformalarda bizi dəstəkləyib: "44 günlük Vətən müharibəsində də Özbəkistan bizim yanımızda oldu. Artıq Özbəkistanla münasibətlərin yeni bir mərhələsi başlayır".
A.Hüseynov xatırladıb ki, yeni mərhələnin başlanmasına dövlət başçısının səfəri zamanı imzalanmış 20-dək sənədin icrası öz mühüm töhfəsini verəcək: "Səfər zamanı iqtisadi, siyasi, hərbi-texniki müstəvidə müqavilələr imzalandı. Onların həyata keçirilməsi əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda, o cümlədən, avtomobil sənayesi, əczaçılıq, ipəkçilik, kənd təsərrüfatında imkanlardan daha geniş və səmərəli istifadə edilməsini şərtləndirəcək. Bir sözlə, yaxın gələcəkdə dost Özbəkistanla əlaqələrin hərtərəfli inkişafını və genişlənməsini görəcəyik".
PƏRVANƏ



