|
|
|
|

"Hazırda mövcud rəqəmsal proseslər əsasən müəllimlərin ümumi İKT bacarıqları hesabına idarə olunur və təşkilati işlər də bu şəkildə həyata keçirilir. Lakin hesab edirəm ki, yaxın gələcəkdə hər bir təhsil müəssisəsində ayrıca İT mütəxəssisinin fəaliyyət göstərməsinə ehtiyac yaranacaq".
Bu fikri təhsil ekserti Elçin Əfəndi 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə ağıllı lövhələrin, elektron platformaların və digər texnoloji vasitələrin idarə olunması peşəkar yanaşma tələb edir:
"Təbii ki, bunun üçün ilk növbədə müvafiq infrastruktur formalaşdırılmalıdır. İnfrastruktur tam qurulduqdan sonra onun effektiv idarə olunması və texniki dəstəyinin təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Hazırda bir çox məktəbdə kompüterləşmə prosesi gedir, rəqəmsal imkanlar genişlənir. Bununla belə, xüsusilə bölgələrdə internet təminatının zəif olması, eləcə də elektrik enerjisində yaranan fasilələr bu sahənin inkişafına mənfi təsir göstərən əsas amillərdəndir".
Sevinc Qarayeva



